SON XƏBƏRLƏR

İran adlanan yerdəki seçkiləri Xamneyi saxtalaşdırıb!

2021.10.20, 07:36
İran adlanan yerdəki seçkiləri Xamneyi saxtalaşdırıb!

Gunaz.tv
Daxili işlər nazirinin ali dini liderə gizli məktubu üzə çıxdı Seçkiləri keçirən qurumun rəhbəri Musəvinin 1-ci, Əhmədinejatın isə 3-cü yerə çıxdığını etiraf edib Dünən Tehranda prezidentliyə namizəd Mirhüseyn Musəvinin tərəfdarları matəm mitinqi keçiriblər. İrandakı xarici informasiya agentliklərinin yaydığı məlumata görə, şəhərin mərkəzindəki ən böyük meydanlardan biri - İmam Xomeyni meydanı və meydana aparan küçələr yüz minlərlə Musəvi tərəfdarıyla dolub. «Azadlıq» radiosunun xəbərinə görə, Musəvinin günün əvvəlindəki çağırışına əməl edən tərəfdarları qara libaslar geyiblər. Qollarında isə yaşıl sarğılar olub. Saat 6-da Musəvi özü də aksiyaya qatılıb və bütün tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Musəvinin seçki rəmzi olan yaşıl rəngi nəzərdə tutan aksiya iştirakçıları İmam Xomeyni meydanına kimi səssiz gəliblər, amma meydana çatanda şüarlar səsləndiriblər. Əhmədinejata və ölkənin ali dini lideri Xamneyiyə xitabən «Yaşıl dalğa heç vaxt durmayacaq!», «Biz seçki istəyirik!», «Mənim yaşıl seçki kartım sən adını üstünə yazandan sonra qaraldı!», «Biz lal-kar-kor ola bilərik, amma əsla axmaq deyilik!», «Diktatora ölüm!» və s. şüarlar səsləndirilib. Aksiyaçılar bu cür şüarlarla ölkənin faktiki rəhbəri, ali dini lider Ayətulla Əli Xamneyinin dövlət qəzetləri vasitəsilə camaatı milli birliyə çağırmasına münasibət bildiriblər. Xameneyi bu gün Tehran məscidlərinin birində cümə namazında moizə oxuyacaq. Ekspertlərin fikrincə, bu, çoxdandır belə işlərdən kənarda qalan Xamneyinin ciddi narahat olmasını göstərir. Elə Xamneyinin adından yayılan müraciətdə də vurğulanır ki, «gözəl seçki atmosferinin İslama qarşı yönəlməsinə imkan verməyin. Çünki hər iki tərəfdəkilər İslam inqilabının ardıcıllarıdır». Seçkilərin nəticələri ilə bağlı şok sənəd Müxalifət tərəfdarları Tehran küçələrində daxili işlər naziri Sadiq Mahsulinin (İranda seçkiləri DİN keçirir – red.) ölkənin ali dini lideri Əli Xamneyiyə yazdığı iddia olunan məktubun çoxaldılmış surətini paylayırlar. Məktubun üzərindəki tarix 13 iyunu - seçkidən sonrakı günü göstərir: «Ali liderin diqqətinə» sözləriylə başlayan məktubda daha sonra bildirilir ki, sizin 10-cu prezident seçkilərinin nəticəsiylə bağlı narahatlığınız və Əhmədinejatın prezident seçilməsiylə bağlı verdiyiniz tapşırıq yerinə yetirilib: «Ancaq heç kəsə açıqlamadığımız seçkinin əsl nəticələrini sizin diqqətinizə çatdırmaq istəyirəm». Daxili işlər nazirinin yazdığı iddia olunan həmin məktubdakı rəqəmlərə görə, əslində seçkidə 19 milyon adam Musəviyə, 13 milyon Kərrubiyə, cəmi 5,5 milyon isə Əhmədinejada səs verib. Həmin məktub haqda rəsmilər heç bir açıqlama vermirlər. Amma kimsə bu məktubun saxta və ya həqiqi olmasıyla bağlı araşdırma da aparmır. İrandakı Əhmədinejat əleyhdarları üçün bu, hakimiyyətin seçkinin uduzmasının artıq faktoloji əsası kimi qəbul olunur. Tanınmış iranlı ədəbiyyat və kino xadimləri Mərcanə Satrapi və Mohsen Mahmalbaf da hazırki dövlət başçısı Mahmud Əhmədinejatın seçkilərdə uduzduğunu sübut edən, İran Daxili İşlər Nazirliyinin gizli arayışına sahib olduqlarını bəyan edib. Avropa Parlamentində mətbuat konfransı keçirən Satrapi sənədi nümayiş etdirərək Musəvinin 19 milyon 75 min 723, Kərrubinin 13 milyon 387 min 104, Əhmədinejatın isə 5 milyon 698 milyon səs topladığını söyləyib. Onun sözlərinə görə, bu Əhmədinejadın 62 deyil, 12 faiz səs topladığı anlamına gəlir. İngiltərənin «The İndependent» qəzetinin yazarı, Orta Şərq eksperti Robert Fisk həmin məktubun mətnini nəşr edib. Məktubdakı nəticələrə görə, səslərin nisbəti Musəvi və Kərrubi arasında bölünüb. Bu da seçkidə ikinci turun keçirilməsi deməkdir. Yəni nəticə birmənalı Musəvinin lehinə deyil. Milli futbolçulardan Musəviyə böyük dəstək İranın futbol üzrə milli komandasının bəzi futbolçuları Cənubi Koreya yığması ilə matça qollarında müxalifət lideri Mirhüseyn Musəvinin rəmzi olan yaşıl rəngli sarğı ilə çıxıblar. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Seulda keçirilən matçda kapitan Mehdi Mahdavikia və komandanın liderlərindən olan Əli Kərimi də daxil olmaqla, yığmanın start heyətindəki 11 oyunçudan 6-sı (bəzi xəbərlərə əsasən 8-i) matçın ilk yarısında qollarında yaşıl sarğı ilə oynayaraq Musəvinin təbliğatını aparıblar. İran televiziyası ilə canlı yayımlanan matçın ilk yarısından sonra İran Futbol Federasiyası futbolçulara sərt xəbərdarlıq edib və sarğıların çıxarılmasını istəyib. Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasında oynayan Mahdavikia istisna olmaqla, digər oyunçular ikinci yarıya sarğısız çıxıb. 1:1 bərabərliklə bitən matç sırasında tribunadakı iranlılar “Cəhənnəmə get, diktator!” sözləri yazılmış plakat qaldırıblar. Əllərində “Azad İran” sözləri yazılmış İran bayraqları tutan şəxslər “səslərimiz hara getdi”, deyə qışqırıblar. Nüfuzlu ruhani Musəvinin müdafiəsinə qalxdı İranın nüfuzlu ruhanilərindən ayətullah Bayat Zəncani prezidentliyə namizəd Mirhüseyn Musəviyə məktub yazaraq, onunla həmrəy olduğunu bildirib. “Mediaforum” saytının məlumatına görə, məktubda hakimiyyətin xalqın hüququnu tapdadığı və ona zülm etdiyi bildirilir: “Mən xalqın səsinə xəyanət edildiyi və sizin hüquqlarınızın tapdanması ilə bağlı fikrinizlə razıyam. Hələ bir neçə il əvvəl rejimin inqilab və imam yolundan yayınması barədə xəbərdarlıq etmişdim. Belə davam etsə, “İslam Respublikası” sözlərindəki “respublika” çıxarılacaq. Olacaq “İslam Hakimiyyəti. Bu isə nəhayətdə xalqın həm dini, həm də dünyəvi mənafeyinin həzm edilməsi demək olacaq”. Zəncani 12 iyun seçkisində qalib elan olunmuş Mahmud Əhmədinejat haqda da danışıb: “Sizin seçkidəki rəqibiniz adi bir namizəd və ya onun tərəfdarlarından ibarət deyil. O, sizə və İslam cəmiyyətinin mənafeyinə qarşı mübarizəyə qalxan səhv və təmayülçü bir düşüncə tərzidir. Bu düşüncə tərzinə əsasən, üzdə müqəddəs görünən bir hədəfə nail olmaq üçün hər hansı qeyri-müqəddəs vasitələrdən istifadə etmək olar. Belə bir düşüncə tərzini özünüzün və Allahın göndərdiyi dinin əsas düşməni sayın, sonra isə bu düşüncə tərzinə sahib olanları məhkum edin”. Musəvi ilə Xatəmi birgə məktub yazdı İranda keçirilən son prezident seçkisinə namizəd kimi qatılmış Mirhüseyn Musəvi və İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkənin Məhkəmə Sisteminin rəisi Haşimi Şahrudiyə birgə məktubla müraciət ediblər. “Mediaforum” saytının məlumatına görə, məktubda 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz edən ziyalıların kütləvi şəkildə həbs edilməsinə etiraz bildirilib: “Xalqa xidmətdə və zorakılıqların qarşısını almaqda böyük əməyi olan şəxsiyyətlərin həbsi nəinki indiki problemin həllinə yardım etməyəcək, əksinə, ictimaiyyətin narahatlığına və cəmiyyətdəki qarşıdurmaların daha da sərtləşməsinə gətirib çıxaracaq”. Məktubda etirazçıları gözdən salmaq üçün təxribatların törədildiyi, bu məqsədlə polis bölmələrində, vətəndaşların evlərinə hücum edən, mağazaları yağmalamaqla məşğul olan, küçədə avtomobillərin şüşələrini qıran şübhəli şəxslərdən istifadə olunduğu vurğulanıb: “Yürüşlərdə sivil rəftar, yüksək siyasi şüur nümayiş etdirən alicənab xalqa bu ləkələr yapışmaz”. Məktub müəllifləri dinc mübarizə aparan insanlara qarşı zorakılıqlara son qoyulmasını istəyiblər. Hazırladı: Cavid Cabbaroğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar