SON XƏBƏRLƏR

Güney Qafqazda strateji partnyor seçimi

2021.10.20, 07:36
Güney Qafqazda strateji partnyor seçimi

Gunaz.tv
Bəzən qəribə məntiqlə müşaiyət olunur Güney Qafqaz uğrunda geosiyasi mübarizə daha gərgin xarakter aldıqca böyük güclərin strateji tərəfdar seçimi daha qabarıq özünü göstərir. Belə ki, böyük dövlətlərin siyasi-diplomatik dairələri Güney Qafqazda strateji tərəfdaş qismində kimi görmək istədiklərini deyir, ancaq reallıqda başqa məqamlar gözə dəyir.Bunların fonunda isə elə proseslər baş verir ki, ümumi mənzərəni yaratmaq xeyli çətinləşir.ABŞ və Rusiya siyasətçilərinin son zamanlar verdikləri bəyanatlardan bunu görmək olar. Amerikanlar Güney Qafqazda Azərbaycanı strateji tərəfdaş kimi qəbul etdiklərini tez-tez bəyan edirlər. Bunun fonunda diplomat Filip Qordon isə bölgəyə ilk səfərini Ermənistana edir və orada müəmmalı bəyanatlar verir. F.Qordon Dağlıq Qarabağ məsələsində ərazi bütövlüyü prinsipi ilə özünütəyinetmə hüququnun paralel olaraq nəzərdən keçirildiyini deyir. Azərbaycanda bunu normal qarşılamırlar. F.Qordon Bakıda Ermənistanda dediklərindən fərqli danışır. Burada hiss olunur ki, ABŞ bölgədə Azərbaycana daha çox önəm verir. Bu arada NATO da Güney Qafqazda Azərbaycanla sıx əməkdaşlığa daha çox diqqət yetirdiyini ifadə edir. NATO Azərbaycanı strateji tərəfdar adlandırır. Lakin bunun müqabilində Dağlıq Qarabağda antiterror əməliyyatının keçirilməsi haqqında konkret fikir bildirilmir. NATO-nun Azərbaycan daxili qoşunları tərkibində sülhməramlı qüvvələr yaradılmasına yardım etdiyi haqqında məlumatlar bu sırada diqqəti çəkir. Hansı proseslər gedir? Məsələyə Moskvadan səsləndirilən fikirlər prizmasında baxanda heç də bundan aydın situasiya yarandığı qənaəti alınmır. Rusiyalı politoloqlar son vaxtlar Güney Qafqazdakı strateji tərəfdaş haqqında daha konkret fikirlər ifadə etməyə başlayıblar. Onlar Azərbaycanın neft və qaza sahib olmasına rəğmən Ermənistana hərbi müttəfiq olaraq daha çox önəm verildiyini vurğulayırlar. Bir qədər öncə isə tamam başqa fikirlər bildirilirdi – Azərbaycan strateji tərəfdaş kimi daha önəmlidir. Rusiyalı politoloqlar bunu əsaslandırmağa çalışırdılar. Bu, Dağlıq Qarabağla bağlı danışıqların daha intensiv getdiyi və qaz məsələsində danışıqların aparıldığı dövrə aid idi. Bu danışıqlarda Azərbaycanın mövqeyi müstəqil olaraq qaldıqca, Rusiya politoloqlarının mövqeləri də Ermənistana tərəf əyilməyə başladı. İndi də Ermənistanın önəminin çox olduğu barədə danışırlar. Burada əsas faktor olaraq hərbi tərəfdaşlığı götürürlər. Çünki indi Güney Qafqazda hərbi aspekt daha çox diqqət mərkəzinə gəlib. NATO-nun bölgəyə nüfuzu fonunda bunun təbiiliyi aydındır. O biri tərəfdən də Gürcüstan məsələsinə görə BMT-də böhran yaranıb. Bölgədə hərbi münaqişə tamamilə mümkün hala gəlib. Bu proseslərə enerji aspektində maraqlı bir fakt əlavə olunub. Bu da Rusiya ilə Çin arasında yeni müqavilənin imzalanmasıdır. Müqaviləyə görə, iki ölkə arasında yeni enerji layihəsi həyata keçirilməlidir və onun həcmi 100 milyard ABŞ dolları civarında olmalıdır. Bu, olduqca böyük layihədir. Həmin layihə ilə Rusiya ABŞ-ın enerji planlarına ciddi alternativ çıxarır. Rusiya Şərq istiqamətində enerji təhlükəsizliyini öz üzərinə götürür. Özü də 2020-ci ildə dünyanın ən böyük iqtisadi gücü olacaq Çinlə müttəfiqlik əsasında bunu edir. Rusiya-Çin tandemi təbii ki, Qərbdən güclü ola bilər. Bununla da Rusiya enerji sahəsində Azərbaycanla strateji əməkdaşlığın alınmamasından narahat olmaya bilər. O səbəbdən də Rusiya siyasi dairələri Ermənistanın hərbi önəmini vurğulamağı sevirlər. Bütün bu dolaşıq situasiyalar onu göstərir ki, ABŞ və Rusiyanın Qafqaz istiqamətində strateji müttəfiq seçməsi reallıqdan çox siyasi oyunlara tabedir. Bunların heç biri yerli xalqların maraqlarını və ya ədalətli mövqeni nəzərə almırlar. Onlar üçün əsas olanı geosiyasi maraqdır. Bölgədə geosiyasi mənzərənin məntiqi tez-tez dəyişdiyindən “strateji müttəfiq” seçimi də dəyişir. Bununla da faktiki olaraq siyasi spekulyasiyalar özünü göstərir. Ona görə də böyük dövlətlərin strateji müttəfiq haqqında danışmalarına ehtiyatla yanaşmaq lazımdır. Onların öz maraqlarından başqa strateji tərəfdaşları yoxdur. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar