SON XƏBƏRLƏR

İran adlanan yerdə seçkinin saxtalaşdırıldığını sübut edən daha bir sənəd aşkarlanıb

2021.10.20, 07:36
İran adlanan yerdə seçkinin saxtalaşdırıldığını sübut edən daha bir sənəd aşkarlanıb

Gunaz.tv
Tanınmış iranlı ədəbiyyat və kino xadimləri Əhmədinejadın seçkilərdə uduzduğunu sübut edən gizli arayışa sahib olduqlarını bəyan edib İranda prezident seçkisinin nəticələrinə etiraz edən insanların aksiyası altıncı gündür ki, davam edir. Polis kütləvi aksiyaların qanunsuz olduğunu deyərək küçələrə çıxan insanları həbslə hədələyib. Ümumilikdə bu günə qədər polis müxalifətin 200-dən artıq fəalını həbs edib. İran hökuməti baş verənlərin arxasında Qərbin, xüsusən də Amerika Birləşmiş Ştatlarının durduğunu iddia edir. İran hökuməti həmçinin BBS-nin farsca yayımlanan internet səhifəsinə, Twitter və Facebook bloqlarına girişi də əngəlləyir. Tehranda bu gün «Heyate No», «Aftabe Yezd» və «Xəbar» qazetlerinin nəşri dayandırılıb. Bununla da nəşri dayandırılmış mətbu orqanların sayı 15-ə çatıb. Təbrizdə isə Abresan, Saat meydanlarında əhali mitinqə toplaşıb. Polis bütün mitinq boyu ərazini nəzarətdə saxlayıb. Təbriz universitetində də gərginlik davam edir. Şəhər prokurorluğu Təbrizdə 60 nəfər aksiya iştirakçısının tutulduğunu bildirib. Xatırladaq ki, Təbriz universitinin oğlanlar yataqxanasına 3 gün ərzində dəfələrlə hücum edilib. İranın Keşikçilər Şurası isə prezident seçkilərində iştirak etmiş şəxsləri bir yerə toplamağı planlaşdırır. Lakin bu iclasın dəqiq yeri və vaxtı hələ açıqlanmır. Keşikçilər şurasının sözcüsü Abbas Əli Kadxodayi bildirib ki, gələn həftənin əvvəlində namizədləri Keşikçilər şurasının seçkilər məsələsinin müzakirə ediləcəyi iclasına dəvət etməyi planlaşdırlar: «Amma bu iclasın nə vaxt olacağı hələ dəqiq məlum deyil». Seçkidə rəsmi olaraq uduzmuş namizəd Mir Hüseyn Musəvi isə Keşikçilər Şurasının neytral mövqe tutmadığını və hazırki dövlət başçısı Mahmud Əhmədinejadı dəstəklədiyini iddia edir. İslahatçı namizəd seçkilərin müstəqil qrup tərəfindən araşdırılmasını tələb edir. Bundan əvvəl onun nümayəndəsi Əli Əkbər Möhtəşəmpur 70 məntəqədə sayılan səslərin həmin ərazidə yaşayan vətəndaşların sayından çox olduğunu iddia etmişdi. Onun sözlərinə görə, bir çox seçki məntəqələri vaxtından əvvəl vətəndaşlar səs vermək üçün növbədə durduğu halda bağlanıb. Tanınmış iranlı ədəbiyyat və kino xadimləri Mərcanə Satrapi və Mohsen Mahmalbaf, hazırki dövlət başçısı Mahmud Əhmədinejadın seçkilərdə uduzduğunu sübut edən, İran Daxili İşlər Nazirliyinin gizli arayışına sahib olduqlarını bəyan edib. Avropa parlamentində mətbuat konfransı keçirən Satrapi sənədi nümayiş etdirərək Musəvinin 19 milyon 75 min 723, Kərrubinin 13 milyon 387 min 104, Əhəmədinejadın isə 5 milyon 698 milyon səs topladığını söyləyib. Onun sözlərinə görə, bu Əhmədinejadın 62 deyil 12 faiz səs topladığı anlamına gəlir. Hazırda Fransada yaşayan Mərcanə Satrapi İran hakimiyyətinin tənqid edildiyi «Persepolis» animasiya filminin müəllifi kimi məşhurdur. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar