SON XƏBƏRLƏR

Seçki gərginliyi davam edir

2021.10.20, 07:36
Seçki gərginliyi davam edir

Gunaz.tv
İranda prezident seçkisi sonrası həyəcan hələ də davam edir. Seçkinin nəticələrinə etiraz edən namizədlər öz tərəfdarlarını nümayişlərə səsləyir. Ölkədəki gərginliyi azaltmaq üçün İranın dini lideri Ayətullah Seyyid Əli Xamneyinin cümə namazı zamanı xalqa müraciət edəcəyi gözlənilir. İranın dini rəhbəri çıxışında yaranmış böhrandan çıxmaq üçün xalqı sakitləşməyə və vəhdətə çağıracağı etimal edilir. Bəzi müşahidəçilər Ayətullah Seyyid Əli Xamneyinin ətrafında olan bir sıra yüksək vəzifəli dini nümayəndələrin səsvermə prosesində qanun pozuntusu və qarşıdurma hallarının olmasını etiraf etdiyini söyləyir. Lakin bu cür bəyanatların seçkinin nəticələrinə yenidən baxılmasına səbəb ola biləcəyi sual altındadır. İranda seçkiylə bağlı etiraz aksiyaları isə hələ də davam edir. Müxalifət tərəfdarları ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirir. İkinci dəfə prezident seçilən dövlət başçısı Mahmud Əhmədinecat isə ölkədə gərginlik yaradanları qınayıb. O, İran televiziyasına verdiyi müsahibədə qarşıdurma yaradanların xalqla heç bir əlaqəsi olmadığını bəyan edib. Rəsmi tehran irandakı seçki sonrakı gərginliyin bəzi xarici qüvvələr tərəfindən qızışdırıldığını və belə bir addımın ölkədəki vəziyyəti gərginləşdirməyə xidmət etdiyini bildirib. İran Kəşfiyyat İdarəsi isə seçki prosesi zamanı bir neçə partlayışın qarşısının alındığını qeyd edib. Rəsmilər bu aktların arxasında xarici ölkələrin dəstəklədiyi terrorçu qrupların dayandığını vurğulayıb. Bu arada İran polisi Tehran Universitetində reyd keçirərək axtarış aparıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar