SON XƏBƏRLƏR

ƏHMƏDİNEJADIN CƏMİ 12 FAİZ SƏS YIĞDIĞI ÜZƏ ÇIXDI

2021.10.20, 07:36
ƏHMƏDİNEJADIN CƏMİ 12 FAİZ SƏS YIĞDIĞI ÜZƏ ÇIXDI

Gunaz.tv
İran adlanan yerdə etirazlar səngimir, dini lider yaranmış vəziyyətdən çıxış yolları axtarır İranda prezidentliyə islahatçı namizəd Mirhüseyn Musəvinin tərəfdarları onun küçələrdən çəkilmək çağırışlarına baxmayaraq etirazları davam etdirir. Qərb KİV-lərinin Tehrandan verdikləri xəbərlərə görə, iyunun 16-da keçirilən nümayişlərdə yüz minlərlə adam iştirak edib. Lakin bu dəfə polis və təhlükəsizlik qüvvələri nümayişçilərə müdaxilə etməyib. İyunun 17-nə keçən gecə isə İranın təhlükəsizlik qüvvələrinin bir neçə şəhərdə universitet yataqxanalarına reydlər təşkil etdikləri xəbər verilir. Bu reydlər zamanı nümayişlərdə fəallıq edən tələblər saxlanılıb. Ancaq reydlər müxalifət tərəfdarlarını yenidən küçələrə çıxmaqdan çəkindirə bilməyib. BBC-nin məlumatına görə, dünən günün ikinci yarısında Tehranın mərkəzi küçələrində yeni nümayişlər başlayıb. Hakimiyyət müxalifət tərəfdarlarının bir yerə toplaşmasını əngəlləmək və baş verənlər haqda məlumatların xaricə ötürülməsinə imkan verməmək üçün internetə girişi məhdudlaşdırıb. Həmçinin iyunun 15-də baş verən qanlı toqquşmalar haqda foto və videogörüntülərin xarici KİV-lərdə yer almasından sonra hakimiyyət orqanları seçkiləri işıqlandırmaq üçün gələn xarici jurnalistlərə küçələrə çıxmağı qadağan edib. Viza müddəti bitən jurnalistlər dərhal ölkədən çıxarılır, qalanlara isə ancaq qaldıqları hotellərdən efirə qoşulub reportaj verə biləcəkləri deyilib. Buna baxmayaraq, bloqqerlər baş verənlər haqda xəbərləri xaricə ötürməyə imkan tapırlar. Ona görə də hakimiyyət bloqları məhdudlaşdırmaq üçün hərəkətə keçib. İranın ali dini lideri Ayətulla Xameneyi deyib ki, gərginlik yaradan hər hansı hərəkətə yol verilməməlidir və hamı açıq şəkildə gərginlik və iğtişaşların əleyhinə çıxış etməlidir. Ayətulla Xameneyinin hazırda çözüm yolu tapmaq üçün müzakirələr apardığı düşünülür. Dörd namizədin təmsilçiləri ilə görüşdə də o, hamını milli birliyə çağırmışdı. “Seçkilərdə səs verənlərin müxtəlif meylləri var, amma onlar hamılıqla hakim sistemə inanır və İslam Respublikasına dəstək verirlər”. Lakin müşahidəçilərə görə, ayətullanın şəxsən böhrana müdaxilə etməsi onun siyasi nüfuzuna ziyan gətirir. Xəbərlərə görə, gecə saatlarında sakinlər evlərin damlarına çıxaraq, etiraz şüarları deyiblər. 30 il əvvəl İslam inqilabı ərəfəsində də bu etiraz formasından istifadə edilmişdi. Bu arada İran Daxili İşlər Nazirliyinin Mahmud Əhmədinejadın seçkilərdə rəsmi olaraq göstərildiyi kimi 62 yox, cəmi 12 faiz səs yığdığını göstərən sənədi üzə çıxıb. “Turan”ın məlumatına görə, İranın məşhur ədəbiyyat və kino xadimləri Mərjan Satrapi və Möhsen Mahmalbaf Avropa Parlamentinə İran DİN-in gizli arayışını təqdim ediblər. Arayış göstərir ki, Əhmədinejad təkrarən İran prezidenti seçilməyib. Brüsseldə keçirilən mətbuat konfransında Satrapi sənədi nümayiş etdirib və bildirib: «Burada deyilir: Musəvinin lehinə 19 075 723 səs, Kyarubinun lehinə - 13 387 104, Əhmədinejadın lehinə 5 698 00 səs. Bu, 12%-dir, 62% deyil". Satrapi və Mahmalbafın Avropa Parlamentinə dəvət edilməsinin təşəbbüskarı Avropa yaşıllarının lideri Daniel Kon Bendit olub. Bu barədə “Euronews” xəbər yayıb. İran seçkilərində və ondan sonra baş verən hadisələrdə Avropa ABŞ-dan daha qətiyyətli mövqe seçib. Fransa prezidenti Nikola Sarkozi bəyan edib ki, İran hakimiyyətinin dinc etiraz nümayişlərinə “kobud müdaxiləsi”ni pisləyir. Onun mövqeyinə görə, İran hakimiyyətinin baş verənlərə reaksiyası qətiyyən proporsional deyildi. “Hakim elita seçkilərdə qələbəsini elan edib. Əgər bu düzgündürsə, o zaman biz soruşuruq: opponentləri həbsxanaya salmaq və onlarla bu cür qəddar davranmağa nə ehtiyac var idi?”-deyə Sarkozi bildirib. Fransa prezidenti deyib ki, İranda baş qaldıran etiraz hərəkatı bu ölkənin gələcəyi ilə bağlı ümidlər yaradır. ABŞ prezidenti Barak Obama isə növbəti dəfə deyib ki, İranda baş verənlərə müdaxilə etmək istəmir. Baş verənlərdən narahatlığını ifadə etməklə yanaşı, Obama deyib ki, onun fikrincə, Əhmədinejadla Musəvi arasında elə də ciddi fərq yoxdur: “Söhbət ondan gedir ki, İranda prezidentin kim olmasından asılı olmayaraq ABŞ-a qarşı tarixən düşmən münasibəti var”. İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri general Aaron Zevi-Farkaş isə hesab edir ki, İranda baş verənlər ayətullaların rejiminin sonunun başladığını göstərir. Onun fikrincə, proseslər şüşədən çıxıb və onu geri qaytarmaq artıq mümkün olmayacaq. “Proseslər İranda hakimiyyət dəyişikliyi ilə yekunlaşacaq”-deyə Farkaş bildirib. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar