SON XƏBƏRLƏR

Ziddiyyətlər səltənəti

2021.10.20, 07:36
Ziddiyyətlər səltənəti

Gunaz.tv
İran adlanan yerin siyasi sistemi bu ölkədə demokratik seçkinin mümkünlüyünü istisna edir İranda keçirilən prezident seçkiləri bu qalmaqallı ölkəni yenə də dünyanın aparıcı kütləvi informasiya vasitələrinin gündəminə daşıyıb. Siyasilərin və dövlət rəsmilərinin davranışları, etiraz aksiyaları, polis və vətəndaş qarşıdurmaları barədə məlumatlar bir-birini əvəz edir. Şərhlər, proqnozlar verilir, baş verən hadisələr ətrafında müxtəlif mülahizələr səsləndirilir. Ayrı-ayrı kütləvi informasiya vasitələrində bir-birini əvəzləyən ekspertlər İranda keçirilən seçkilərlə bağlı yaranmış vəziyyəti təhlil etməyə, proseslərin gerçək, yaxud öncədən hazırlanmış ssenari əsasında inkişaf etdiyini müəyyənləşdirməyə cəhd göstərirlər. Şübhəsiz ki, bütün bunlar təbii qəbul olunmalıdır. Çünki İranda baş verənlərin nəinki bölgənin, bütövlükdə dünyanın geosiyasi palitrasını dəyişə biləcəyini ehtimal etmək olar. Ancaq təəssüf ki, dünyanın diqqət mərkəzində olan İran olayları ətrafında aparılan müzakirələr zamanı bəzən çox önəmli bir məqam arxa planda qalır. Söhbət İranın olduqca mürəkkəb, ilk baxışda ziddiyyətli görünən, lakin bütünlüklə rejimin qorunub saxlanılması üçün düşünülmüş siyasi sistemindən gedir. Bu yazıda oxucularımızı İran İslam Respublikasının siyasi sistemilə bağlı məlumatlandırmağa çalışacağıq. Heç bir şərh vermədən İran İslam Respublikasının siyasi sistemi İran adlandırılan dövlətin vətəndaşı sayılan 65 milyon əhalinin 46 milyondan çoxu səs vermək hüququna malikdir. Səs vermək üçün seçicinin 18 yaşı olmalıdır. İran seçicilərinin təxminən 8 milyonu 1979-cu il inqilabından sonra doğulub. 1997-ci ildə seçkilərə qatılanların sayı 80% idi. Bu isə İran üçün rekord rəqəm sayılırdı. O zaman seçkilərdə "islahatçı" Məhəmməd Xatəmi qalib gəlmişdi. 2005-ci ildə keçirilən seçkilərə isə seçicilərin yalnız 60% qatılmışdı. Bu seçkilər nəticəsində prezident kürsüsünə sərt xətt tərəfdarı olan Mahmud Əhmədinecad yiyələnmişdi. Prezident İranda prezident hər dörd ildən bir seçilir. O, iki müddətdən çox hakimiyyətdə qala bilməz. Konstitusiyaya görə, prezident ölkədə ikinci ən yüksək vəzifə sahibidir. O, hakimiyyətin icraçı qollarının başçısıdır və konstitusiyaya əməl olunmasını təmin etməlidir. Reallıqda isə prezidentin səlahiyyətləri İranın hakimiyyət strukturundakı mühafizəkarların, ruhanilərin, eləcə də ali ruhani liderin hakimiyyətinin təsiri altındadır. Silahlı qüvvələrə prezident deyil, məhz ali ruhani lider nəzarət edir və o, təhlükəsizlik, müdafiə və əsas xarici siyasət məsələlərinə dair qərarlar qəbul edir. İranda prezidentliyə bütün namizədlər Keşikçilər Şurasından keçməlidirlər. Bu şura 2005-ci ildə yüzlərlə adamın namizədliyinə veto qoyub. Tehranın mühafizəkar meri Mahmud Əhmədinecad hakimiyyətə 2005-ci ildə gəlib. Əhmədinecad İranın 1981-ci ildən bu yana ruhani olmayan ilk prezidentidir. O, 1997-ci ildə prezident seçilən Məhəmməd Xatəmini 70% səs toplayaraq məğlub etmişdi. Hökumət Hökumət üzvlərini, ya da ki, İranda deyildiyi kimi Nazirlər Şurasını prezident seçir. Onları parlament təsdiq etməlidir. 2005-ci ildə parlament prezident Mahmud Əhmədinecadın dörd namizədini rədd etmişdi. Konstituyaya görə parlament prezidenti impiçment də edə bilər. Ali ruhani lider müdafiə, təhlükəsizlik və xarici siyasət məsələlərində yaxından iştirak edir. Onun iradəsi qərarların qəbul edilməsində ciddi təsirə malikdir. Sabiq prezident Xatəminin hakimiyyəti dövründə "islahatçı" nazirlərin işini mühafizəkarlar ciddi müşahidə edirdilər. Hökumətə prezident, yaxıd vitse-prezident başçılıq edir. Parlament İran Məclisin 290 üzvü var. Parlament səsvermə yolu ilə hər dörd ildən bir seçilir. Parlamentin qanunları təqdim edərək təsdiqləmək, eləcə də prezidentlə nazirləri impiçment etmək hüquqları var. Buna baxmayaraq, Məclisin qəbul etdiyi bütün qanunları mühafizəkar Keşikçilər Şurası təsdiqləməlidir. Ekspertlər şurası Bu şuranın vəzifələri ali ruhani lideri təyin etmək, onun fəaliyyətini müşahidə etmək və öz səlahiyyətlərini yerinə yetirə bilmədiyi təqdirdə onu vəzifəsindən kənarlaşdırmaqdır. Şura adətən ildə iki dəfə toplaşır. Bu qurum rəsmən Qum şəhərində yerləşsə də, toplantılar Tehran və Məşhəd şəhərlərində keçirilir. Şura üzvləri hər səkkiz ildən bir seçilir. Şuraya yalnız ruhanilər seçilə bilərlər. Bu seçkilərdəki namizədlər Keşikçilər Şurası tərəfindən təsdiqlənməlidir. Növbəti seçkilər 2014-cü ildə keçiriləcək. Şuranın hazırkı sədri sabiq prezident Əkbər Haşəmi Rəfsəncanidir. O, 2005-ci ildə keçirilən seçkilərdə Mahmud Əhmədinecada məğlub olub. Keşikçilər şurası Keşikçilər Şurası İranda ən nüfuzlu qurumdur. Ona hazırda mühafizəkarlar nəzarət edirlər. Şurada altı ruhani var. Onları ali ruhani lider təyin edir. Liderin və altı heyət üzvünün namizədliyini İran ədliyyəsi irəli sürür və onları parlament təsdiqləməlidir. Şura üzvləri altı illiyə seçilir. Keşikçilər Şurası parlamentin qəbul etdiyi bütün qanun layihələrini təsdiqləməlidir və onun veto hüququ var. Şura eləcə də namizədlərin parlamentə, prezidentliyə və Ekspertlər Şurasına seçilməsinə qadağa qoya bilər. İslahatpərəstlər şuranın veto hüququnu azaltmağa cəhd göstəriblər. Amma bu, uğursuz nəticələnib. Şura 2005-ci seçkilərində 1000 nəfərdən yalnız altısının namizədliyini təsdiq etmişdi. Ali ruhani liderin müdaxiləsindən sonra daha iki "islahatçı"ya seçkilərə qatılmağa icazə verilmişdi. Ali ruhani lider Konstitusiyaya görə, ali ruhani liderin rolu Ayatolla Xomeyninin ideyalarına əsaslanır. Məhz bu səbəbdən dini lider İranın siyasi hakimiyyət strukturunun başında dayanır. Ali ruhani lider Ayatolla Əli Xameneyi ədliyyə başçısını, nüfuzlu Keşikçilər Şurasının altı üzvünü, silahlı qüvvələrin komandirlərini, cümə namazı liderlərini və teleradio başçısını təyin edir. O eləcə də prezidentin seçilməsini təsdiqləyir. Lideri Ekspertlər Şurasını təşkil edən ruhanilər seçirlər. Ədliyyə başçısı İran ədliyyəsi heç zaman siyasi təsirdən müstəqil olmayıb. Ötən əsrə kimi ona ruhanilər nəzarət edirdilər. Sonradan sistem qismən mötədilləşdirildi. Amma inqilabdan sonra Ali Məhkəmə bütün əvvəlki qanunları qeyri-islami adlandıraraq ləğv etdi. Şəriətə əsaslanan yeni qanunlar qəbul olundu. İranda ədliyyə islami qanunların gerçəkləşdirilməsini təmin edir və hüquqi siyasətini tənzimləyir. Ədliyyə başçısını ali dini lider təyin edir və o, liderə hesabat verməlidir. Hazırkı ədliyyə başçısı Ayatolla Mahmud Haşəmi Şahrudidir. Qeyd edək ki, son illər sərt xətt tərəfdarları ədliyyə sistemindən islahatları zərbə altına almaq üçün istifadə ediblər. Onlar bunu "islahatçı" şəxsləri və jurnalistləri həbsə atmaqla və "islahatçı" qəzetləri bağlamaqla həyata keçiriblər. Silahlı qüvvələr Silahlı qüvvələrə İnqilabçı keşikçilər və adi qüvvələr daxildir. Onlar vahid komandanlığa tabedirlər. Bütün aparıcı ordu və inqilabçı keşikçi komandirlərini ali ruhani lider təyin edir. Onlar məhz dini liderə tabedirlər. İnqilabçı Keşikçilər inqilabdan sonra yaradılıb. Bunda məqsəd yeni liderləri və qurumları qorumaq, eləcə də inqilaba qarşı olanlarla mübarizə aparmaqdır. İnqilabçı Keşikçilər başqa qurumlarda da fəal iştirak edirlər. Onlar hər bir şəhərdə təmsilçiliyi olan könüllü yaraqlılar üzərində nəzarəti də həyata keçirirlər. Məşvərət Şurası Məşvərət Şurası ali ruhani liderə parlamentlə Keşikçilər Şurası arasında hüquqi mübahisə yaranacağı təqdirdə məsləhət verir. Ali ruhani lider şura üzvlərini təyin edir. Bunlar nüfuzlu və rejimin maraqlarını təmin edən dini, sosial və siyasi şəxslərdir. 2005-ci ilin oktyabr ayında ali ruhani lider Məşvərət Şurasına hökumətin bütün qanadlarına nəzarət hüququ verib. Bunun şuranın nüfuzuna necə və nə qədər təsir edəcəyi bilinmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar