SON XƏBƏRLƏR

Ərdoğanın enişi başladı?

2021.10.20, 07:36
Ərdoğanın enişi başladı?

Gunaz.tv
Ərdoğanın enişi başladı? AKP bələdiyyə seçkilərdə ağır zərbələr almaqla qalib gəldi Martın 29-da Türkiyədə seçkiöncəsi az qala Türkiyə Böyük Millət Məclisinə seçkiləri xatırladan bələdiyyə seçkiləri keçirildi. Seçki ehtirasları elə coşmuşdu ki, səsvermə prosesi bir sıra olaylar və qan tökülməsi ilə müşayiət olundu: namizədlər və tərəfdarlarının qovğasında 6 nəfər öldü, onlarla adam yaralandı. Artıq yerli seçkilərin ilkin nəticələri bəllidir. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) 38,9% səs toplamaqla birinci nəticə göstərib. Cümhuriyyət Xalq Partiyası (CXP) ikinci yerdə (23,1%), Milliyyətçi Hərəkat Partiyası (MHP) isə üçüncü yerdədir (16,1%). Qeyd edək ki, Türkiyədə yerli seçkilər 5 ildən bir keçirilir və ötən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası 42%, Cümhuriyyət Xalq Partiyası 20,5 % və Milliyyətçi Hərəkat Partiyası 10,4% səs toplamışdı. AKP həmçinin 2007-ci ildə keçirilən parlament seçkilərində 47%-ə yaxın səs toplamışdı. Əvvəlki seçkilərlə müqayisədə baş nazir Rəcəb Tayyib Ərdoğanın partiyasının artıq geriləməyə başlaması göz önündədir. Kürdlərin Demokratik Toplum Partiyası 5,6%, AKP-nin səfəli Səadət Partiyası 5,2%, Demokratik Sol Partiyası 2,8%, Demokrat Partiyası 3,7% səs yığıb. Martın 25-də vertolyot qəzasında həlak olan Möhsun Yazıçıoğlunun Böyük Birlik Partiyası isə 0,42 %-lik nəticə göstərib. Bununla belə BBP mərhum liderinin doğma yurdunda - Sivasda Böyükşəhər bələdiyyəsinin başqanlığını qazana bilib. Qeyd edək ki, seçkilərə 21 partiya qatılıb. Bütünlükdə türkiyəli seçicilər yerli seçkilərdə 16 böyükşəhər bələdiyyə başqanı, 65 il (vilayət) başqanı, 892 bölgə bələdiyyə başqanı, 1974 kiçik bələdiyyələr üzrə rəhbər, 52765 məhəllə və kənd muxtarı, 3284 Bələdiyyə Şurasının üzvü və 33868 Bələdiyyə Məclisi üzvünün seçilməsinə səs veriblər. AKP 45 vilayət və 447 bölgədə, CXP 13 vilayət və 179 bölgədə, MHP 10 vilayət və 129 bölgədə, DTP 8 vilayət və 51 bölgədə, DSP 2 vilayət və 10 bölgədə, DP 1 vilayət və 38 bölgədə, BBP 1 vilayət və 3 bölgədə seçkilərdə qalib gəlib. Yalnız Şanlıurfada seçkilərdə müstəqil namizəd qalib gəlib, sabiq bələdiyyə başqanı Əşrəf Fakıbaba səslərin 44 faizini alaraq qalib olub. Səadət Partiyası və Ana Vətən Partiyası heç bir vilayətdə qalib gələ bilməyiblər, SP namizədləri 23, ANAP namizədləri isə cəmi 4 bölgədə qələbələrini bayram ediblər. AKP əvvəlki seçki ilə müqayisədə bir sıra bələdiyyələri itirib. Bununla belə, Ərdoğanın partiyası İstanbul və Ankaranı əldən burxmayıb. İstanbulda AKP namizədi Kadir Topbaş 44,33 faiz səs toplayaraq ikinci dəfə 5 il müddətinə bələdiyyə başqanı seçilib. Onun əsas rəqibi və seçkilərdə böyük ümidlər bəslənilən Kamal Kılıcdaroğlu isə seçicilərin 36,88 faizinin dəstəyini qazanıb. Qeyd edək ki, Kılıcdaroğlunun bu nəticəsi yüksək göstərici sayılır. Belə ki, əvvəlki seçkidə CHP İstanbulda daha az səs toplamışdı. Ankarada isə AKP namizədi Məlik Gökçək seçicilərin 38,47 faizinin səsini qazanaraq rəqibləri CHP namizədi Murad Karayalçın (31,5%) və MHP-li Mansur Yavaşı (26,9%) geridə qoyub. Ana müxalifət partiyası CHP isə cümhuriyyətçilərin alınmaz qalası sayılan İzmiri yenə də heç kəsə güzəştə getməyib. CHP namizədi Aziz Kocaoğlu səslərin 53,44 faizini toplayaraq rəqiblərini xeyliə geridə qoyub. 16 Böyükşəhər bələdiyyəsindən 10-da AKP (İstanbul, Ankara, Qaziantep, Bursa, Konya, Sakarya, Samsun, Ərzurum, Kayseri, Kocaeli), 3-də CHP (Antalya, Mərsin, İzmir), 1-də MHP (Adana), 1-də DTP (Diyarbəkir) və 1-də DSP (Əskişəhər) namizədi qalib gəlib. BBP namizədi Doğan Yrgüp isə Sivasın bələdiyyə başqanı olub. CHP daha çox ölkənin yaşayış səviyyəsi yüksək olan sahil (Aralıq dənizi və Qara dəniz) bölgələrində qələbə qazanıb. Anadolunun əksər bölgələrində MHP namizədləri AKP-dən sonra ikinci olublar. MHP-nin Ankara, Mərsin, Qars və İqdırdan irəli sürülən namizədlərinə böyük ümidlər bəslənsə də, onlar yalnız ikinci yeri tutublar. Seçkiləri MHP baxımından ən uğursuz nöqtələrindən biri İqdır olub. Əhalisinin 60 faizini azərbaycanlılar təşkil edən İqdırda MHP-dən AKP-yə keçmiş sabiq bələdiyyə başqanı Nurəddin Arasla MHP namizədi Əkbər Yeşil arasında gedən mübarizə azərbaycanlı seçicilərin səslərinin parçalanmasına səbəb olub və nəticədə bu bölgədə Demokratik Toplum Partiyasının namizədi Mehmet Nuri Günəş qalib gələrək bələdiyyə başqanı seçilib (APA). Qarsda isə AKP-dən istefa edərək seçkilərə CHP namizədi kimi qatılan sabiq bələdiyyə başqanı Naif Əlibəyoğlu məğlub olub. Bu bölgədə bələdiyyə başqanlığı uğrunda əsas mübarizə AKP namizədi Nevzat Bozkuşla MHP namizədi Səttar Kaya arasında gedib və hakim partiyanın təmsilçisi cüzi səs fərqi ilə qalib gəlib. *** 2007-ci ilin yayında Türkiyə parlamentinə keçirilən seçkiləri ikinci dəfə qazanan AKP-də özündənrazılıq, başqa siyasi partiyalara məhəl qoymamaq baş qaldırmışdı. Ötən bazar günü keçirilən yerli seçkilərdə Ərdoğanın partiyası ən azı TBMM-ə seçkidə topladığı 47%-lik səs nəticəsini və ya heç olmasa, 5 il əvvəli yerli seçkilərdəki 42%-lik nəticəni təkrarlamağa ümid edirdi. AKP üçün bu nəticənin böyük önəmi var idi. Ekspertlərə görə, bu rəqəmlərin altına düşmək AKP-nin seçicilərin etimadını itirməkdə olmasını nümayiş etdirəcəkdi. İngislislərə görə, uzun müddətdə qalan siyasi iqtidarlar hakimiyyətlərinin 6-cı ilində enişə keçməyə başlayır. Belə görünür ki, Ərdoğanın partiyası da hakimiyyətinin 7-ci ilində düşüşə keçib. Xatırladaq ki, 2007-ci ilin parlament seçkiləri ərəfəsində ordunun AKP-yə qarşı sərt mövqeyi Ərdoğanın partiyasının TBMM-i böyük səs üstünlüyü ilə qazanmasına səbəb olmuşdu. Ordunun seçki prosesini sakitcə izlədiyi, türban dartışmasının olmadığı bir şəraitdə AKP "yazıq" durumuna düşmədi və yetərincə səs itirdi. Bu uğursuzluqda təbii ki, qlobal iqtisadi böhranın Türkiyəyə vurduğu zərbələrin də payı oldu. Beləliklə, AKP-nin sonuncu 40 faizlik nəticəsini, aparıcı olan iki müxalifət partiyası CHP və MHP-nin isə bələdiyyələrdə yerlərini və aldığı səslərin sayını artırmasını Ərdoğanın partiyasının reytinqinin düşməsinin göstəricisi kimi dəyərləndirmək olar. Qlobal böhran Türkiyəyə daha çox nüfuz etdikcə, işsizlik artıqca bu tendensiyanın davam edəcəyi gözlənilir. Bu isə TBMM-ə növbəti seçkilərdə sürpriz nəticələrin olacağından xəbər verir. Bununla belə, AKP-nin daha bir seçkidə qalib gəlməsi faktdır. Bu, şübhəsiz ki, qardaş ölkənin seçicisinin sabitlik istəyindən, gərginliklərdən qaçmaq niyyətindən doğur. Lakin Türkiyə seçicisi eyni zamanda Ərdoğanın partiyasına bu mesajı verdi ki, özünü düzəltsin, ölkədəki mövcud siyasi rejimlə oynamasın, bir iqtidar partiyası kimi seçki öncələri əhaliyə verdiyi vədlərə əməl etsin. Əks təqdirdə AKP-nin iqtidardakı perspektivi sələflərinin aqibətindən fərqli olmayacaq. Seçki axşamı AKP-nin qərargahının balkonundan seçkinin yekunları ilə bağlı öz elektoratına müraciət edən Ərdoğan "seçicilərin mesajını aldığını" bildirib, bir sıra xoşməramlı siyasi bəyanatlar verib. Qeyd edək ki, 2007-ci ilin iyulunda- TBMM-ə seçkiləri qazanan gün də baş nazir belə xoş vədlər vermiş, sonra da unutmuşdu. İndi necə olacağını zaman göstərəcək... X.Rüstəm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar