SON XƏBƏRLƏR

Müctəba Xamenei SEPAH və ordunun yeni komandirlərini təyin edib

2026.08.10, 19:48
Müctəba Xamenei SEPAH və ordunun yeni komandirlərini təyin edib

Gunaz.tv

İran mediası İranın ali rəhbəri Müctəba Xameneinin ölkənin silahlı qüvvələrinin altı yüksək rütbəli komandiri ilə bağlı yeni təyinatlar həyata keçirdiyini bildirib.

Bu təyinatlara əsasən, Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandiri Əli Abdullahı Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, Kiyumərs Heydəri isə Baş Qərargah rəisinin müavini təyin edilib.

Silahlı Qüvvələrin əvvəlki Baş Qərargah rəisi Əbdürrəhim Musəvi ABŞ və İsrailin hücumlarının ilk dəqiqələrində öldürülüb. Baş Qərargah təxminən beş ay ərzində rəhbərsiz fəaliyyətini davam etdirib.

Əhməd Vəhidi isə müharibənin əvvəlində Məhəmməd Pakpurun öldürülməsindən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı təyin edilmişdi. O, bazar ertəsi general-mayor rütbəsi və bu hərbi, təhlükəsizlik və iqtisadi qurumun komandanlığı ilə bağlı rəsmi sərəncam alıb. Vəhidi müharibədən əvvəl SEPAH baş komandanının müavini olub.

Mustafa İzdi də SEPAH baş komandanının müavini təyin edilib.

Müctəba Xamenei digər sərəncamla Əli Əzəmaini SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edib. Əzəmai 40 günlük müharibə zamanı öldürülən Əlirza Təngsiri­ni əvəz edib.

SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib də Bəsic Təşkilatının komandanı təyin edilib. İranın bəzi keçmiş rəsmiləri daha əvvəl bildirmişdilər ki, Taib Əli Xameneinin liderliyi dövründə Müctəba Xameneiyə yaxın şəxslərdən biri olub.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar