SON XƏBƏRLƏR

Türkiyə Hakimiyəti Kıbrısı (Kipir) itirə bilər

2021.10.20, 07:36
Türkiyə Hakimiyəti Kıbrısı (Kipir) itirə bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə Yunan Kipri arasında müzakirələr Birləşmiş Kipr Respublikasının yaradılması istiqamətində gedir. QKTC prezidenti Mehmet Əli Tələt aprelə qədər razılaşma ola biləcəyini deyib. Son görüşdə tərəflər müzakirələr tamamlanana qədər mətbuata bilgi verməmək razılığına gəliblər. Türkiyənin “Hurriyet” qəzeti isə Tələtlə Yunan Kiprinin prezidenti Dmitris Xristofyas arasında gedən müzakirələrin detallarını əldə edib. Diplomatik mənbələrə istinad edilən həmin məlumata görə, müzakirələr çərçivəsində dövlət başçısı və vitse-prezidenti iki tərəfi təmsil edən Senatın seçməsi qərara alınıb. Biri türk, biri yunan olması nəzərdə tutulan iki şəxs növbəli fəaliyyət göstərəcək. Müzakirələrdəki ən böyük problem yunanların suverenliklə bağlı yanaşmasıdır. Onlar adada iki suveren dövləti qəbul etmir, federasiya yaranmasını istəyirlər. Türk tərəfi isə indiki formanı saxlamaqda israrlıdır. Birləşmiş Kipr Respublikası ideyası reallaşsa, yeni Nazirlər Kabineti 6 yunan və 3 türkdən ibarət olacaq. Hər hansı qərarın qəbulu üçün hər tərəfdən ən azı bir nəfərin razılığı lazım gələcək. İdeyaya görə, Birləşmiş Kiprin ordusu olmayacaq. Hər tərəfin təhlükəsizliyini öz polis təşkilatı təmin edəcək. Türk tərəfi polis sayının hər iki tərəfdə bərabər olmasını istəyir. Yunanlar isə sayın 60-40 nisbətində öz xeyirlərinə olmasında israrlıdır. Birləşmiş Kiprdə türkcə və yunanca iki ayrı dil olacaq. Hər iki toplumda digər dillər könüllü dil kimi qəbul ediləcək. Çalışma dili kimi üçüncü bir dilin də konstitusiyaya daxil edilməsi mümkündür. Dövlət idarələrində müdir türksə, müavin yunan olacaq, yaxud əksinə. Pasport və şəxsiyyət vəsiqəsi hamı üçün eyni olacaq. Müzakirələrdə yunanlar Türkiyədən QKTC-yə gəlib yerləşənlərin geri göndərilməsini tələb etsələr də, türk tərəfinin mövqeyi “vətəndaşlarımızı bazarlıq mövzusuna çevirmərik” şəklindədir. Müzakirələrdəki ən ciddi problemlərdən biri mülkiyyət məsələsidir. Mülkiyyətə görə təzminatların hansı çərçivədə ödənəcəyi müəyyənləşməyib. Türk tərəfi təzminat haqlarının türklər üçün də keçərli olmasını istəyir. Əgər tərəflər tam anlaşsa, 2004-cü ildə yunanların rədd etdiyi Annan planı yenidən hər iki tərəfdə referenduma çıxarılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar