SON XƏBƏRLƏR

Araz Əzimov: Ermənistanın mövqeyində əks istiqamətdə dəyişiklik müşahidə edirik

2021.10.20, 07:36
Araz Əzimov: Ermənistanın mövqeyində əks istiqamətdə dəyişiklik müşahidə edirik

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılmış növbəti görüşü ərəfəsində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun jurnalistlərə açıqladığı məqamları diqəətinizə çatdırır. "Azərbaycan bu görüşdən nə gözləyir" sualına cavab olaraq nazir müavini bunları deyib: "Birincisi, əsaslı və müfəssəl formada müzakirələr aparılmasını, ikincisi, qarşı tərəfin bu müzakirələrdə ötən görüşdə və ümumilikdə mövqeyində dəyişikliklər olmasını gözləyirik". A. Əzimov deyib ki, dəyişiklik olmasa, inkişafdan söhbət açmaq mümkün olmayacaq: "Azərbaycanın mövqeyi tam aydındır. Biz ərazi bütövlüyümüz çərçivəsində problemlərin həlini istəyirik. Bu mövqeyimizi həmişə izah etmişik və əsaslandırmışıq. Bizim mövqeyimiz bütöv formada beynəlxalq cəmiyyət tərəfindən dəstəklənir. Bu mövqenin əsasını beynəlxalq hüquq norma və prinsipləri təşkil edir. Azərbaycanın mövqeyində qarşı tərəf üçün heç bir ikinci, arxada gizlənən bir fikir, ya da niyyət yoxdur. Görüşdə gündəliyimizdə yalnız bu məsələlər durur". Nazir müavini Azərbaycanın mövqeyinin Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində, əhalinin öz yurdlarına qaytarılması, normal şəraitin bərpa edilməsi ilə orada yaşaması və gələcəkdə hansısa münasib şəraitdə statusun müəyyənləşdirilməsi prinsipləri ilə həllindən ibarət olduğunu deyib: "Qarşı tərəf münaqişənin sülh yolu ilə həll edilməsinə hazır olduğunu bildirsə də, onun mövqeyində beynəlxalq hüquq norma və prinsiplərinə uyğunluğu görmürük. İkincisi, biz onların mövqelərində inkişafın əks istiqamətini müşahidə edirik. Həmsədrlərin neçə illərdən bəri səylərindən, bu qədər görüşlərdən, ümid bəslənən inkişafın əldə edilməsi üçün atılan addımlardan sonra Ermənistan yenə də prinsiplərə, təklif edilən variantlara məhəl qoymadan, təzədən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və onun torpaqlarının bir hissəsinin ayrılmasına üstünlük verirsə, məncə, Ermənistan əks mövqedə dayanır. Odur ki, dediyim kimi, Ermənistanın mövqeyində dəyişiklik baş verməlidir". Azərbaycanın öz mövqeyində kompromislərə yer saxladığını qeyd edən A. Əzimovun sözlərinə görə, Azərbaycan körpünün ortasında dayanıb və qarşı tərəfin bu nöqtəyə gəlməsini gözləyir: "Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində kompromisin müzakirə edilməsinə hazırdırsa, biz də belə bir müzakirənin davam etdirilməsinə hazırıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar