SON XƏBƏRLƏR

Əhmədinəjad Təbriz əhalisinə təriflər yağdırd, ancaq milli-mədəni haqlardan söz açmadı

2021.10.20, 07:36
Əhmədinəjad Təbriz əhalisinə təriflər yağdırd, ancaq milli-mədəni haqlardan söz açmadı

Gunaz.tv
"İran öz müstəqilliyini, birliyini, izzət və böyüklüyünü Azərbaycan xalqına, o cümlədən Təbriz əhalisinə borcludur" Noyabrın 19-da İran prezidenti Mahmud Əhmədinejad prezidentliyi dövründə ikinci dəfə Güney Azərbaycanın başkəndi Təbriz şəhərinə gəlib. Prezidenti bu səfərdə Nazirlər Kabinetinin 24 üzvü müşayiət edib. Mahmud Əhmədinejadı Təbrizin beynəlxalq hava limanında Şərqi Azərbaycan əyalətinin ostandarı Əhməd Əlirza Beygi və dini rəhbərin əyalətdəki nümayəndəsi, ayətullah Möhsün Müctəhid Şəbüstəri qarşılayıblar. O, hava limanında jurnalistlərə açıqlamasında Azərbaycanı İranın başı və ürəyi adlandırıb: "Azərbaycan xalqı İran xalqının böyüklüyünü, izzət və əzəmətini səngərlərdə qoruyan ən yaxşı müdafiəçilərdir. Şücaət, əsl iman, qayğıkeşlik, yüksək dərrakə və fərasət bu diyarda yaşayan insanlara xas xüsusiyyətlərdəndir. Ölkə bir problem və fitnəylə üzləşəndə Azərbaycan xalqı həmişə fitnəyə qarşı mübarizədə ön cərgədə dayanıb". Elə həmin gün Mahmud Əhmədinejad Təbrizin "Təxti" adına stadionunda toplaşmış "Bəsic" təşkilatına (hökumət tərəfdarı olan könüllülər dəstəsi) üzv qüvvələr, hökumət tərəfdarı ruhanilər və şəhid ailələri qarşısında çıxış edib. O, Azərbaycanın qəhrəmanlıqlar, iman və mehribanlıq diyarı olduğunu deyib: "Azərbaycan fədakarlıq, qeyrət və vətənpərvərlik yurdudur". Əhmədinejad Azərbaycan xalqının, o sıradan da Təbriz əhalisinin yüzilliklər boyunca İran mədəniyyəti, ədəbiyyatı, abadlığı, iqtisadiyyatı, inkişafı uğrunda böyük rol oynadığını deyib: "Bu yurdun xalqı İranda konstitusiya uğrunda mübarizədə qabaqcıl olduğu kimi düşmən və zülmkarların fitnəsinə qarşı mübarizədə də həmişə ön cərgədə fədakarlıq göstərib. Dünya bilməlidir ki, İran xalqı öz müstəqilliyini, birliyini, izzət və böyüklüyünü Azərbaycan xalqına, o cümlədən Təbriz əhalisinə borcludur". Yağışa görə çıxışını yığcam və xülasə edəcəyini vurğulayan Əhmədinejad deyib: "Tarixi təcrübə göstərir ki, Azərbaycan xalqı göydən daş yağsa da, yenə inqilabın yanındadır. Tarix göstərir ki, Azərbaycan övladları həmişə təcavüzkarlara qarşı üsyan qaldırıb, düşmənin hiyləsini puça çıxarıblar. Elə buna görə də İran xalqı səmimi qəlbdən fəryad qoparıb deyir ki, yaşasın, Azərbaycan!". Xatırladaq ki, Əhmədinejadın səfəri üç gün çəkəcək. Təbriz ostandarının sözlərinə görə, Əhmədinejadın şəhərə ilk səfəri zamanı 169 layihə və 32 müqavilə imzalanıb. İmzalanan layihələrin indiyədək cəmi 96-sı həyata keçirilib. Əhmədinejad İran inqilabını azərbaycanlılara borçlu bilsə də, onların mədəni istəkləri məsələsinə toxunmadı. O sədəcə dedi ki, İran millətinin Şəhriyar, Saib Təbrizi, Pərvin Etisami və Əllamə Hadi Təbatəbayi kimi azərbaycanlılara ehtiyacı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar