SON XƏBƏRLƏR

Vizana inanmaram, a molla...

2021.10.20, 07:36
Vizana inanmaram, a molla...

Gunaz.tv
"Fars-molla rejiminin bu addımının arxasında müəyyən təhlükəli məqsədlər dayanır" Fars-molla rejimi Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi haqda qərar verib. Xatırladaq ki, bu barədə hazırlıqlara başlanması haqda hələ bir müddət əvvəl məlumatlar yayılmışdı. Bununla belə, qərarın qüvvəyə minməsi üçün müəyyən prosedurlar başa çatdırılmalıdır. Yada salmaq yerinə düşər ki, bununla bağlı ilkin məlumatlar yayılanda fars-molla rejiminin bu addımı atmaqda hansı məqsəd güddüyü müəyyən müzakirələrə səbəb olub. Əsas diqqət bu məqama yönəldilirdi ki, İran hakimiyyəti viza rejimini birtərəfli qaydada ləğv etməklə və Azərbaycandan da bu addımı gözləməklə, özünün təxribatçı planlarını daha asanlıqla reallaşdırmaq niyyətindədir. Eyni zamanda bu da vurğulanırdı ki, düşdüyü ağır vəziyyət fars-molla rejimini qonşu dövlətlərlə münasibətdə daha korrekt davranmaq məcburiyyətinə gətirib. Amma bütün hallarda önə çıxarılan məqam budur ki, İranın Azərbaycana qarşı istənilən jesti xoş niyyətə söykənmir. Dünya Azərbaycanlıları Konqresi (DAK) katibliyinin rəhbəri Samir Əsədli İranın Azərbaycanla viza rejimini birtərəfli qaydada aradan qaldırmasının arxasında müəyyən məqsədlərin dayandığını deyir. Azərbaycanın da analoji addım atmasının milli maraqlarımıza uyğunluq məsələsindən asılı olduğunu düşünür: "Təbii ki, İran adlanan dövlət heç bir qərarını boşuna vermir. Molla rejimi Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edibsə, sözsüz bunun arxasında Tehranın müəyyən məqsədləri dayanır. Viza rejiminin ləğvi haqda birmənalı danışmaq istəməzdim. Çünki bu addıma ilk növbədə İran əhalisinin mütləq hissəsini təşkil edən Güney Azərbaycan türklərinin Azərbaycan Respublikasına gediş-gəlişlərinin asanlaşması aspektində baxmaq mümkündür. Bu qərar həqiqətən də, güneyli soydaşlarımızın Azərbaycana səfərlərinin intensivləşməsi, milli bağların daha da möhkəmlənməsi baxımından, müsbət rol oynaya bilər. Məsələnin bir tərəfi budur. Digər tərəfdənsə, nəzərə alınmalıdır ki, molla rejimi gediş-gəlişi sadələşdirməklə Azərbaycana qarşı təxribatçı hərəkətlərini də genişləndirməyi düşünür. Bilirsiniz ki, İranın fars-molla hakimiyyəti Azərbaycanın müxtəlif fəaliyyət sferalarında özünün maraqlarına uyğun davranan cərəyanların formalaşdırılmasına və böyüməsinə çalışır. İndiyə kimi istər elm və təhsil, istərsə də din və mədəniyyət sahəsində İranın ayrı-ayrı qurumlarının və təmsilçilərinin pozuculuq fəaliyyətlərinə dair neçə-neçə faktlar məlumdur və onlarla bağlı ölçü götürülməsinə cəhd də göstərilir. Ən son nümunə İranın "İmdad" cəmiyyətinin xətti ilə Azərbaycana orqanizm üçün zərərli olan yağların gətirilməsi faktı aşkarlanıb. Yəni viza rejiminin qüvvədə olduğu dönəmlərdə İranın Azərbaycana qarşı hazırladığı təxribatlar bu rejimin götürülməsindən sonra daha da intensivləşəcək. Ona görə də, Azərbaycanın müvafiq dövlət orqanlarının bu məsələni ciddi diqqətdə saxlamaları çox vacibdir. İrandan sonra Azərbaycanın da viza rejimindən imtina məsələsi gündəmə gəlir. Fikrimcə, Azərbaycan bu məsələni milli dövlət maraqlarımız əsasında dəqiq araşdırmalı və yalnız bundan sonra yekun qərar verilməlidir".Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar