SON XƏBƏRLƏR

İranın istintaq orqanları azərbaycanlı alimin zaminə buraxılması üçün 100 min dollar tələb edirlər

2021.10.20, 07:36
İranın istintaq orqanları azərbaycanlı alimin zaminə buraxılması üçün 100 min dollar tələb edirlər

Gunaz.tv
Rəşid Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin sədri, "Lazer" Elmi Texniki Mərkəzin direktoru Soltan Həmid Məlikov bildirib ki, İran istintaq orqanları bu ölkədə bir ildən artıqdır həbsdə saxlanılan Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun "Bioloji sistemlər fizikası" laboratoriyasının fizik-mühəndisinin zaminə buraxılması üçün 100 min dollar istəyir. Onun sözlərinə görə, ötən gün Rəşid Əliyev ailəsilə telefon əlaqəsi saxlayıb: "O, girov müqabilində azadlığa buraxılmasının mümkün olduğunu bildirib. Bu barədə isə işini araşdıran müstəntiqdən təklif alıb. Ancaq Rəşid Əliyev azadlığa çıxmaq üçün 100 min dollar ödəməlidir. Bu vəsaitin ödənilməsinə azərbaycanlı alimin əməkdaşlıq etdiyi İranın "Sazan Electronics İndustry Company" şirkətinin rəhbərliyi razılıq verib. Ona görə də yaxın zamanda azərbaycanlı alimin zaminə buraxılacağına ümidimiz var". Xatırladaq ki, Rəşid Əliyev İranın "Sazan Electronics İndustry Company" şirkətinin dəvətilə Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Simnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində o, şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanmasına rəhbərlik edib. Şirkətin rəhbərliyi Rəşid Əliyevə İranda daimi qalıb işləməsilə bağlı dəfələrlə təklif ünvanlasa da, alim bunu qəbul etməyərək Azərbaycana qayıdıb. Şirkətin direktoru Abbas İftixarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis Rəşid Əliyevin viza ilə bağlı problemi olduğunu bəhanə gətirərək onu həbs edib. Bu günədək Rəşid Əliyevin həbsinin səbəblərinin araşdırılması və onun azadlığa buraxılmasıyla bağlı İrandakı əlaqədar qurumlara məktublar göndərilsə də, hələlik heç bir nəticə əldə olunmayıb. Azərbaycan Xarici İşlər və Ədliyyə nazirlikləri İrana nota və sorğu göndərib. Qarşı tərəf isə bu günlərdə Azərbaycan Ədliyyə Nazirliyinin sorğusuna şifahi cavab verib. Hazırda azərbaycanlı alim "Ettelaat"ın Tehrandakı Evin həbsxanasının sərt rejimli beşinci korpusunda saxlanılır. İstintaq prosesi başa çatmadığından Rəşid Əliyevlə görüşə və vəkil tutulmasına icazə verilmir. İran azərbaycanlı alimi əsasən casusluqda günahlandırır.Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar