SON XƏBƏRLƏR

2009-cu ilin sülh üzrə Nobel mükafatına ABŞ prezidenti Barak Obama layiq görülüb

2021.10.20, 07:36
2009-cu ilin sülh üzrə Nobel mükafatına ABŞ prezidenti Barak Obama layiq görülüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Norveç Akademiyası B.Obamanı beynəlxalq diplomatiyada, nüvə silahlarının azaldılması sahəsində böyük əməyinə və xalqlar arasında yeni əməkdaşlıq mühiti yaratdığına görə bu mükafatla təltif edib. Barak Hüseyn Obama 1961-ci il avqustun 4-də Havay ştatının paytaxtı Honolulu şəhərində dünyaya gəlib. Onun vaildeynləri Havay Universitetində tanış olublar. Atası qaradərili keniyalı Barak Hüseyn Obama ABŞ-a iqtisadiyyatı öyrənməyə gəlibmiş. Anası, ağdərili Stenli Enn Danhem antropologiya üzrə təhsil alırmış. Barak kiçik olarakən atası təhsilini davam etdirmək üçün Harvarda üz tutub. Amma maliyyə çətinliyi ilə əlaqədar ailəsini özü ilə götürmür. Oğlunun iki yaşı tamam olanda böyük Obama Keniyaya gedib hökumət aparatında çalışmağa başlayıb və arvadı ilə boşanıb. Böyük Barak Obama 1986-cı ildə avtomobil qəzasında həlak olub. Barakın 6 yaşı olanda Enn Danhem ikinci dəfə ərə gedib. Bu dəfə o, İndoneziyadan olan tələbə ilə ailə qurub. Kiçik Obama anası və atalığı Lolo Soetoro ilə birlikdə İndoneziyaya gedib. 4 il burada yaşayan kiçik Obama paytaxt Cakartanın dövlət məktəblərinin birində təhsil alıb. Bundan sonra Havaya qayıdaraq anasının vaildeynləri ilə birgə yaşamağa başlayıb. 1979-cu ildə Obama Honoluluda özəl məktəbi bitirib. Bundan sonra Los-Ancelesdəki Qərb kollecində və Kolumbuya Universitetində təhsil alıb. 1985-ci ildə Çikaqoya gələn Obama kilsə xeyriyyə təşkilatında çalışıb. 1988-ci ildə Obama Harvard Universitetinin hüquq məktəbinə girib. 1990-cı ildə həmin universitetin “Harvard Law Review” adlı orqanının ilk qaradərili redaktoru olub. 1991-ci ildə təhsilini başa vuraraq Çikaqoya qayıdır, əvvəl vəkillik edə-edə Çikaqo Universitetində konstitusiya hüququndan dərs deyib. Obamanın siyasi karyerası İllinoys ştatının Senatından başlayıb. O, 1997-ci ildən 2004-cü ilə qədər ştat Senatında Demokratlar Partiyasını təmsil edib. 2004-cü ildə ABŞ Konqresinin yuxarı palatası olan Senata keçirilən seçkilərdə qalib gələrək ABŞ tarixində 5-ci qara dərili senator olub. 2008-ci ildə Demokratlar Partiyasının Denver qurultayında ABŞ prezidentliyinə namizəd göstərilib. Həmin ilin noyabrında prezident seçilib. 2009-cu ilin yanvarında səlahiyyətlərinin icrasına başlayıb. 1992-ci ildə ailə həyatı qurmuş Obamanın həyat yoldaşı hüquqşünas Mişel Robinsondur. Onların iki qızı var- Malia və Saşa. Obama iki kitabın müəllifidir. 1995-ci ildə “Atamın arzuları” memuarı, 2006-cı ildə isə “Ümid cəsarəti” adlı kitabı dərc olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar