SON XƏBƏRLƏR

Kişinyov danışıqları: Final mərhələ, yoxsa təməl prinsiplər?

2021.10.20, 07:36
Kişinyov danışıqları: Final mərhələ, yoxsa təməl prinsiplər?

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Moldova paytaxtında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Kişinyov şəhərində MDB ölkələrinin sammiti çərçivəsində ayrıca görüş keçirəcək Serj Sarkisyan və İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə dair mövqelərini bir daha müzakirə ediblər. Bu görüşdən əvvəl president Əliyev bəyan etmişdi ki, Ermənistan-Azərbaycan danışıqları final mərhələsinə qədəm qoyur. Bir çox ekspertlər bu bəyanatı birmənalı izah edə bilmədilər. Çünki Əliyevin başqa bəyanatlarında danışıqlar prosesində heç bir irəliləyişin olmadığı bildirilirdi. Odur ki, ekspertlər bugünkü görüşdə “final mərhələ”nin nə olduğunu öyrənməyə çalışırdılar. Ankara Bakının xətrinə dəymək istəməsə də... Digər tərəfdən bu görüş olduqca dramatik başqa bir görüşün tam ərəfəsinə təsadüf edirdi və bunların bağlı olduğunu düşünənlər az deyil. Bu şənbə günü İsveçrənin vasitəçiliyi ilə Türkiyə-Ermənistan arasında çoxdan bəri sözü gedən protokolların imzalanması mərasimi keçirilməlidir. Həmin protokollar Yerevan və Ankara arasında diplomatic əlaqələrin qurulmasını və sərhədlərin açılmasını nəzərdə tutur. Türkiyənin baş naziri Rəcəp Təyyib Erdoğan bu günlərdə bəyan edib ki, Ermənistanla yaxınlaşma prosesində Dağlıq Qarabağ münaqişəsinin həlli şərt kimi qoyulmur. Bu, əslində Ankaranın ilkin mövqeyindən 180 dərəcə fərqli mövqedir. Rəsmi Ankara 1993-cü ildə Ermənistanla sərhədlərini məhz Dağlıq Qarabağ münaqişəsi gedişində Azərbaycan torpaqlarının işğalına etiraz olaraq bağlamışdı. Digər tərəfdən baş nazirin özü də daxil olmaqla bir sıra Türkiyə rəsmiləri Ankaranın Yerevanla yaxınlaşması prosesində Bakıya ziyan gətirəcək heç bir addımın atılmayacağına əminlik verirlər. Lakin Dağlıq Qarabağın şərt kimi qoyulmaması rəsmi Bakının təsəvvür edə biləcəyi ən böyük ziyandır. Belə görünür ki, bunu Türkiyə rəhbərliyi də yaxşı bilir. Tərcümədə itənlər Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağa dair yaxınlaşmanın olmaması, Ankara-Yerevan yaxınlaşmasına dair protokolların Türkiyə parlamentində ratifikasiyasına əngəl yarada bilər. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından millət vəkili parlamentin xarici əlqalər komitəsinin sədri Murat Mercan Röyter agentliyinə bildirib. Türkiyənin aparıcı ekspertlərindən "Economist" jurnalının yazarı Amberin Zaman da BBC Azərbaycan xidmətinə bildirib ki, əslində rəsmi Ankaranın mövqeyində ziddiyyət yoxdur. Türkiyə baş nazirinin "Dağlıq Qarabağ" ermənilərlə danışıqlarda şərt kimi qoyulmur fikirini Wall Street Journal qəzeti açıqlamışdı. Amberin Zaman bildirir ki, bütün anlaşılmazlıq ordan qaynaqlanıb ki, Wall Street Journal müxbirinin cənab Erdoğanın cavabını düzgün tərcümə etməməsindən irəli gəlib. -Cənab Erdoğan deyib ki, protokollar Dağlıq Qarabağ prosesində irəliləyişin olub-olmamasından asılı olmayaraq imzalanacaq. Hamımız bilirik ki, imzalanma mərasimi şənbə günü olacaq. Lakin protokolların imzalanması onların hələ icrası demək deyildir. Bunlar ayrı-ayrı proseslərdir. Bu o halda baş verə bilər ki, Türkiyə parlamenti protokolları ratifikasiya etsin, - deyib xanım Zaman. Protokollar parlamentə veriləcək. Lakin səsverməyə çıxarılmayacaq. Parlamentin xarici əlaqələr komitəsi bu sənədləri müzakirə edəcək. Lakin həmin komitə sənədləri səsverməyə çıxarmadan istədiyi qədər saxlaya bilər. Zənnimcə, bu sənədlər o vaxtadək saxlanacaq ki, Ermənistan tərəfi Qarabağ məsələsində Azərbaycana doğru addımlar atsın Lakin bütün hallarda Türkiyənin ilkin mövqeyi belə idi ki, Dağlıq Qarabağ məsələsi həll olunmadan, Azərbaycanın işğal edilmiş əraziləri azad edilmədən Yerevanla heç bir yaxınlaşmadan, sərhədlərin açılmasından söhbət gedə bilməz... Onun fikrincə çox böyük bir ehtimalla Türkiyə hökuməti bu sənədləri Dağlıq Qarabağ danışıqlarında irəliləyiş olmayınca parlament səsverməsinə çıxarmayacaq. -Məsələyə belə baxanda hökumətin bəyanatlarında ziddiyyət görmürük., - deyir Amberin Zaman, - protokollar Türkiyə parlamentində o vaxt səsverməyə çıxarılacaq ki, Yerevan Bakıya konkret güzəştlərə getsin. Mən şəxsən inanmıram ki, bu baş vermədən hökumət məsələni səsverməyə qoysun. Çünki parlamentdə hətta cənab Erdoğanın öz partiyasından bu protokolların əleyhinə olanlar var. Çünki Azərbaycanla həmrəylik bu qədər güclüdür. Protokollar parlamentə veriləcək. Lakin səsverməyə çıxarılmayacaq. Parlamentin xarici əlaqələr komitəsi bu sənədləri müzakirə edəcək. Lakin həmin komitə sənədləri səsverməyə çıxarmadan istədiyi qədər saxlaya bilər. Zənnimcə, bu sənədlər o vaxtadək saxlanacaq ki, Ermənistan tərəfi Qarabağ məsələsində Azərbaycana doğru addımlar atsın. Final mərhələdə təməl prinsiplər? Kişinyov görüşünə gəlincə isə Minsk Qrupunun Rusiyalı həmsədri Yuri Merzlyakovun sözlərinə görə Sərkisyan-Əliyev görüşündə Qarabağ nizamlanmasının təməl prinsipləri müzakirə edilməli idi. Bu görüşün ərəfəsində verdiyi müsahibədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdi ki, Bakı özünün təməl prinsiplərinə sadiq qalmaqla güzəştlərə hazırdır. O demişdi ki, Ermənistan Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çalışmalıdır. Cənab Əzimov bildirib ki, Bakı münaqişənin mərhələli həllinə tərəfdardır. Rəsmi Bakı işğal olunmuş ərazilərin boşaldılmasını, qaçqınların işğal olunmuş ərazilərə və Dağlıq qarabağa qayıtmasını və yalnız bundan sonra Dağlıq Qarabağın statusunun təyin edilməsini nəzərdə tutur. Ekspertlər danışıqlarda ən böyük əngəlin elə statusun referendumla həll olunmasında görürlər. Referendum münaqişənin özündən də mürəkkəbdir Bu məsələdə Ermənistanın mövqeyi köklü şəkildə fərqlidir. Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan bəyan edib ki, Yerevan Dağlıq Qarabağın Azərbaycan əhalisinin referendumda iştirakına tərəfdardır. Lakin bu iştirakın Yerevan tərəfindən təklif olunan variantı referendumun özünü tamamilə qeyri-məqbul edir. "Exo Moskvı" radiosuna müsahibəsində Savarş Koçaryan deyib ki, söhbət münaqişədən əvvəl Dağlıq Qarabağda yaşayan azərbaycanlılardan gedir. Bu isə referendumadək səsvermə yaşına çata biləcək, lakin Dağlıq Qarabağdan kənarda doğulmuş qarabağlı azərbaycanlıları səs verməkdən məhrum edə bilər. Referendumun özü barədə də ziddiyyətli suallar açıq qalır. Dağlıq Qarabağ əhalisinin son, necə deyərlər, "düz-əməlli" siyahıya alınması 1989-cu ildə olub. Dağlıq Qarabağ separatçı hökumətinin apardığı sonrakı siyahıyaalmalar isə ən azı Bakı tərəfindən ciddi qəbul edilmir. Çünki bir sıra müşahidəçilər hazırda Dağlıq Qarabağ ərazisində yaşayanların sayına dair bölgənin erməni liderlərinin rəqəmlərinin qat-qat şişirdildiyini deyirlər. Bundan əlavə Ermənistan nəinki Laçın və Kəlbəcər və digər işğal olunmuş Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağın özünə çox sayda Ermənistan vətəndaşı köçürüb. Münaqişəyədək Dağlıq Qarabağ əhalisinin ermənilər və azərbaycanlılar arasında nisbəti 70-30 faiz olaraq götürülürdü. Ötən illər ərzində əhali artımı dinamikasının meylləri nəzərə alınarsa, nəticənin heç də ermənilərin xeyrinə olmadığını düşünmək olar. Yəni münaqişədən əvvəl də azərbaycanlılar ermənilərdən daha sürətlə artırdılar. Bu daha bir mühüm sualı ortaya çıxarır: Belə bir referendum keçirilərsə, onun nəticəsinin legitimliyi üçün çoxluq faizi nə qədər olacaq. Görünür bütün bunlardan narahat olan Yerevan status məsələsinin azərbaycanlı qaçqınlar qayıtmazdan əvvəl həyata keçirilməsini istəyir. Savarş Koçaryan bildirib ki, Dağlıq Qarabağ azərbaycanlıları referendumda indi yaşadıqları yerdən səs verməklə iştirak edə bilərlər. Bu Yerevana ikiqat əl verərdi. Çünki Dağlıq Qarabağın erməni əhalisinin də nəzərəçarpacaq hissəsi bu vilayətdən xaricdə yaşayır.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar