SON XƏBƏRLƏR

Azərbaycandan İranın yeni təxribat xarakterli hücümlarına açıqlamalar...

2021.10.20, 07:36
Azərbaycandan İranın yeni təxribat xarakterli hücümlarına açıqlamalar...

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanın İrandakı keçmiş səfiri, deputat Nəsib Nəsibli və Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə İranın dövlət televiziyasının saytında Azərbaycanın bayrağının təhrif olunmasına və bir sıra siyasətçilərin və media nümayəndələrinin sionizm kurslarında təlim keçməsinə dair iddialara münasibət bildiriblər. Münasibətdə deyilir ki “İran dövlət televiziyasının bu əməli təəccüblü qarşılanmamalıdır. İran əhalisinin dörddə üçü azərbaycanlılardır və Tehran rejimi müstəqil Azərbaycanı onların gözündən salmaq, Azərbaycanın onlara təsirini azaltmaq üçün belə qaralama cəhdlərinə əl atır”. Azərbaycanın İrandakı keçmiş səfiri, deputat Nəsib Nəsibli bu ölkənin dövlət televiziyasının saytında dövlət bayrağının təhrif olunmasına və bir sıra siyasətçilərin və media nümayəndələrinin sionizm kurslarında təlim keçməsinə dair iddialara münasibət bildirərkən belə deyib. “Media forum”a açıqlama verən deputat qeyd edib ki, İran rejimi hər zaman Azərbaycan Respublikasının varlığını gizlətməyə çalışıb: “Şah dövründə İran mətbuatında ölkənin şimalındakı sovet respublikalarından danışılanda Azərbaycanın adı çəkilmirdi, Qafqaz Cümhuriyyəti deyilirdi. Bu siyasət islam rejimi dövründə də davam edir. Azərbaycanın müstəqilliyi faktının özü İranda yaşayan azərbaycanlılara təsir edir. Doğrudur, Azərbaycan nə qədər demokratik, inkişaf etmiş ölkə olsa, bu təsir daha çox olar, amma hətta bu halda da İran rejimi Azərbaycanın oradakı azərbaycanlılara təsirindən narahatdır. Ona görə də belə böhtan kampaniyalarına əl atırlar”. Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə baş verənləri İran təbliğatının səviyyəsizliyinin göstəricisi sayır: “Səviyyəli təbliğat heç vaxt o cür inandırıcı olmayan üsullara əl atmaz. Bu təbliğat guya azərbaycanlılara təsir etmək üçündür, amma o nə burdakı, nə də İrandakı azərbaycanlıları inandıra bilər ki, Azərbaycanı sionistlər idarə edir. Bizim bayrağımıza hörmətsizliyə gəlincə, burada da İran təbliğatının səviyyəsizliyi özünü göstərir. Çünki bu addım bütün azərbaycanlılarda İrana qarşı ikrah hissi yaradır. Əslində isə onlar təbliğat aparanda düşünməlidirlər ki, necə edək Azərbaycanda İrana simpatiya yaradaq. Onlar öz bacarıqsızlıqları ilə İrana nifrət yaradırlar”. V.Quluzadə İranın “Səhər” kanalının media qurumlarını, konkret olaraq bu məsələlərə geniş yer verən “Media forum”u hədəfə almasını da əsassız sayıb: “Azərbaycan mediasında anti-İran təmayülü yoxdur. Bizim media sadəcə olaraq İrana tənqidi yanaşır ki, bu da təbiidir. Çünki İran Ermənistanla Rusiyanın ən yaxın müttəfiqi olub. Bu iki dövlət birləşib bizim torpaqlarımızı işğal ediblər, İran isə bu işğala dəstək verib. İran olmasa, Ermənistan çoxdan çökmüşdü və müharibədən də çoxdan çəkilmişdi. Amma İran buna imkan vermədi, Azərbaycan cəbhədə uğurlar qazandıqca Ermənistanın əlindən tutub iqtisadi bataqlıqdan çıxardı. Bunun qarşısında Azərbaycanda İrana necə tənqidi yanaşılmasın? İran bu tənqidi yanaşmaya dözməlidir. Bizim media ədəb-ərkan çərçivəsində tənqid edir. İranın təbliğat orqanları isə ədəb-ərkan gözləmirlər. Onlar hesab edirlər ki, İran bizdən böyük dövlət olduğuna görə belə ədəbsiz davrana bilərlər. Ədəbsizlik isə heç kimə şərəf gətirmir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar