SON XƏBƏRLƏR

Qlobal Türk Dünyası

2021.10.20, 07:36
Qlobal Türk Dünyası

Gunaz.tv
Ötən həftənin şənbə və bazar günləri Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX zirvə toplantısıyla bağlı rəsmi xarakterli verilişlərə, zirvə toplantısının yekun konsert proqramına dönə-dönə baxdım. Qəzetləri, internet səhifələri dönə-dönə izlədim. Türk dövlət başçılarının bir araya gəlməsinə, birgə qərarlar qəbul etməsinə çox sevindim, çox sevindim, çox sevindim. Allaha şükür! Allaha şükür! Sanki 17 ildir ki, məşvərət aparan türk dövlət başçıları Əməkdaşlıq Şurasının yaradılması üçün Naxçıvanda keçiriləcək sammiti gözləyirmişlər. Allaha şükür ki, türk dövlət başçıları məhz Naxçıvanda-Türkün qədim yurdunda da bir araya gəlib, bu torpağın tarixən türkə məxsusluğu haqqında dünyaya mesaj verdilər. Dünya da bildi ki, Naxçıvan-Türk yurdu bütün türkləri bir araya gətirmək qüdrətindədir. ...Düz 17 il lazım oldu ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılsın. Düz 17 il lazım oldu ki, Türkdilli Ölkələrin Parlament Assambleyası yaradılsın. Hələ qarşıda nə qədər görüləsi işlər var: Əməkdaşlıq Şurasının alt qurumlarının yaradılması, bu şuranın beynəlxalq səviyyədə təmsilçiliyi... Eləcə də TürkPA-nın, TÜRKSOY-un fəaliyyətinin intensivləşməsi, müvafiq alt qurumların əməkdaşlığının genişlənməsi. Ortaq türk dili, ortaq türk əlifbası, ortaq türk telekanalı, Ortaq Türk Universiteti, Ortaq Türk Akademiyası, Ortaq Türk Konservatoriyası, ortaq tarix dərslikləri, ortaq ədəbiyyat dərslikləri, ortaq türk dilçiliyi, ortaq turizm, iqtisadi əməkdaşlığın genişlənməsi və s. Neçə-neçə adını sadalaya bilmədiyimiz ortaqlıq. ...Türk düşmənləri Naxçıvanda keçirilən zirvə toplantısını görəndə partlamaya düşdülər. Bəlkə də bu dəqiqə ürəkləri cırım-cırımdır, hər an, hər yerdə Türkə zərbə vurmağa çalışırlar. Ona görə də tez-gec, Türk dövlətləri arasında hər hansı xoşagəlməz addım olsa (məsələn, türk seriallarının ləğvi kimi), bir o qədər pis əhvala qapılmayın, tez həvəsdən düşməyin. Bilin ki, Türkün düşməni, farsın, rusun əlaltısı boş dayanmayıb. ..."Erməni açılımı", Aşqabadın "Kəpəz" yatağına iddiası və s. qəlbimizi ağrıtsa da, gəlin, belə məsələlərə, "gözmuncuğu" kimi baxaq. Düşməni yanıltmaq cəhdi kimi yanaşaq. Həm də "çəkişməsən, bərkiməzsən". İki yüz ildir ki, işğallar bizi bir-birimizdən aralı qoyub, qohumluq təəssübkeşliyimiz xeyli zəifləyib, müəyyən qədər aşınıb. Elə indi də çox həssas dövrdəyik. Onu da arzulayaq ki, türkləri bir-birindən incik salan "açılımlar" heç ortaya gəlməsin, könlümüz bulanmasın. Qloballaşma dövrünün reallıqlarını nəzərə alsaq da, supergüclərin təzyiqləriylə üzləşsək də, qlobal oyun qaydalarına uyğun hərəkət edək, qlobal düşünüb, milli addımlar ataq. Türkləri də bir araya gəlməsini, əməkdaşlıq şuralarını, parlament assambleyasını və s. yaratmasını da milli maraqlarımız çərçivəsində qlobal dünyanın qaydalarına uyğunlaşdıraq. Çalışaq ki, qlobal dünyanın dəyənəkləri bizim başımızda çatlamasın. ...Dövlətləri bir araya gətirən iqtisadi maraqlardır, puldur. Allaşa şükür ki, neftimiz, qazımız var. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmiryolu dəmiryol xətti və s. nəhəng enerji-nəqliyyat layihələri əslində türk dövlətlərini bir araya gətirir. Sözümün canı odur ki, qloballaşan dünyanın maraqlarına xidmət edən geoiqtisadi layihələr Türk Dünyasının maraqlarıyla çulğalaşır. Amma qlobal axına qarşı üzmək lazım deyil. Biz türklər özümüz da qloballaşmalıyıq və "Qloballaşan Türk Dünyasının" "Qlobal dünyanın" maraqlarına uyğun olduğuna dünyanı inandırmalıyıq. Dünya türkün demokratik, müasir və kökünə bağlı olduğunu dərk etməlidir. ...Çalışmalıyıq ki, Qarabağ bütün türklərin dərdi olsun. Naxçıvanda zirvənin yekun konsertində oxunduğu kimi- Dünya cənnətə dönsə, Yaddan çıxmaz, Qarabağ!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar