SON XƏBƏRLƏR

İranın nüvə fəaliyətləri ilə bağlı gizli xəbərləri burdan oxuyun...

2021.10.20, 07:36
İranın nüvə fəaliyətləri ilə bağlı gizli xəbərləri burdan oxuyun...

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın nüvə proqramlarına dair ötən həftə Cenevrədə aparılmış çoxtərəfli danışıqların konstruktiv keçməsi haqda bəyanatlardan çox keçməmiş yenidən bəd xəbərlər gəlməyə başlayıb. Britaniyanın “The Sunday Times” qəzetinin dünənki baş məqaləsində deyilir ki, İsrail kəşfiyyatı müəyyən edib ki, Rusiyadan olan nüvə alimləri gizli şəkildə İrana atom bombası hazırlamağın yollarını öyrədir.Qəzetin yazdığına görə, ötən ay İsrailin baş naziri Benyamin Netanyahunun Moskvaya məxfi səfəri də bununla bağlı olub. Bildirilir ki, Netanyahu həmin səfər zamanı İrana nüvə bombası hazırlamaq yollarını öyrədən rus alimlərinin siyahısını Rusiya rəhbərliyinə təqdim edib. Netanyahunun Moskvaya özəl təyyarədə, milli təhlükəsizlik məsələləri üzrə müşaviri Uzi Aradla birlikdə uçduğu məlum olub. Onun Rusiyanın baş naziri Vladimir Putin və prezident Dmitri Medvedyevlə görüşdüyü bildirilir. Xatırladaq ki, İsrail baş nazirinin Rusiyaya məxfi səfər etdiyi artıq təsdiqlənib. Britaniya qəzeti Rusiyanın müdafiə nazirinə yaxın mənbəyə istinadən xəbər verir ki, Netanyahu konkret siyahı ilə gəlib. O həmçinin rus nüvə alimlərinin İrana kömək etdiyinə dair konkret sübutlar da təqdim edib. Rusiya rəhbərliyi isə nüvə silahı məsələsində İrana gizli şəkildə kömək edildiyi haqda deyilənləri qəti şəkildə rədd edib. Məlum olub ki, Netanyahu ilə söhbət qısa və sərt tonda keçib, tərəflərin mübahisə etdikləri də bildirilir. Qəzetin yazdığına görə, Amerika və Britaniya kəşfiyyatı da rus alimlərinin İrana nüvə başlığı əldə etməkdə kömək göstərdiyi haqda bilir. Lakin bildirilir ki, bu fəaliyyət əvvəllər olub və Rusiya hakimiyyətinə dəxli yoxdur. Rus alimlərinin İrandakı fəaliyyəti bir il əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri tərəfindən də araşdırılıb. Agentliyin keçmiş eksperti Devid Olbrayt bu məlumatı təsdiqləyir. İsrail rəhbərliyi hesab edir ki, rus alimlərinin fəaliyyəti məxfi şəkildə Moskvadan dəstəklənə bilərdi. İranın nüvə silahı hazırlamaq üçün zəruri texnologiyalar əldə etdiyi haqda digər məlumatı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məxfi hesabatına istinad edən “Röyter” agentliyi yayıb. Həmin hesabata görə, İran nüvə silahını çertyojlaşdırmaq və hazırlamaq üçün zəruri informasiyalara malikdir. Bu barədə məlumat agentliyin rəhbəri Məhəmməd əl-Baradeyinin İrana səfərinin ertəsi günü sızdırılıb. Baradeyi İranın ikinci nüvə zavodunun təftiş edilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün ötən şənbə günü Tehrana gedib. Bildirilir ki, İran 2002-ci ildən başlayaraq nüvə silahının hazırlanması texnologiyalarını mənimsəyir. Ekspertlər ehtimal edir ki, İran zəruri informasiyaları xaricdən alıb. İranın nüvə silahı texnologiyalarına malik olduğu haqda informasiyanın sızdırılması BMT Agentliyinin rəhbəri Əl-Baradeyinin Tehrana dair mühüm məlumatları gizlətdiyi haqda ittihamlar fonunda baş verir. Mətbuat yazır ki, bu informasiyalar səlahiyyətləri başa çatmaqda olan Baradeyini “vurmaq” üçün ötürülür. Qeyd edək ki, İsrail, ABŞ və Avropa ölkələrinin kəşfiyyatları İranın nüvə silahı əldə etmək planları ilə bağlı dəfələrlə bir-birinə zidd məlumatlar və proqnozlar veriblər. Məsələn, Amerika kəşfiyyatı İranın hərbi xarakterli nüvə proqramını dayandırdığını bildirsə də, İsrail və Avropa ölkələri kəşfiyyatları bunun əksinə olaraq Tehranın yaxın zamanlarda nüvə silahına malik olacağını iddia edirlər. İran özü isə ümumiyyətlə hərbi xarakterli nüvə fəaliyyətləri ilə məşğul olduğunu təkzib edir.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar