SON XƏBƏRLƏR

Qüdrət Həsənquliyev İranın "Səhər" kanalına qarşı mübarizə aparmağı vacib hesab edir

2021.10.20, 07:36
Qüdrət Həsənquliyev İranın "Səhər" kanalına qarşı mübarizə aparmağı vacib hesab edir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İctimai Televiziyanın efirində fars dilində "Xəbərlər" proqramının yayımlanması təklifilə qurumun baş direktoru İsmayıl Ömərova müraciət ünvanlayıb. Partiyanın mətbuat xidmətindən "Şərq"ə verilən məlumata görə, müraciətdə İranda peyk qəbuledicilərindən istifadənin rəsmi şəkildə qadağan edilməsinə baxmayaraq, bu ölkənin öz televiziya və radio proqramlarını peyk vasitəsilə yayımlamaqda davam etdirməsi xatırladılır: "İranın xüsusilə də Azərbaycan Respublikasına yönəlik informasiya siyasətini həyata keçirən və peyk vasitəsilə yayımlanan telekanallarından biri də "Səhər" televiziyasıdır. Adıçəkilən televiziyada Azərbaycan dilində "Xəbərlər" proqramı və bir sıra analitik verilişlər yayımlanır. Azərbaycan Respublikasında latın qrafikalı əlifbanın tətbiqindən sonra da İranın "Səhər" kanalı öz verilişlərində kiril qrafikasından istifadə edirdi. Hazırda isə bu telekanalın Azərbaycan dilində yayımlanan proqramlarında latın qrafikalı əlifbadan istifadə olunur. Bu faktlar, eləcə də İranda peyk qəbuledicilərindən istifadənin qadağan olunması "Səhər" telekanalının verilişlərinin Cənubi Azərbaycanda yaşayan soydaşlarımız üçün deyil, məhz Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulduğunu sübuta yetirir. "Səhər" kanalının Azərbaycan dilində yayımlanan proqramlarında isə dövlət rəsmilərimizin, millət vəkillərimizin və ictimai-siyasi xadimlərimizin barəsində böhtan xarakterli məlumatlar verilir, onların, eləcə də Azərbaycanın milli maraqlarının əleyhinə təbliğat aparılır. Hesab edirik, İctimai Televiziyanın analoji olaraq öz efirində fars dilində "Xəbərlər" proqramını yayımlaması məqsədəuyğun olardı. Bu, həm farsdilli əhalinin, həm də Cənubi Azərbaycanda və İran İslam Respublikasının inzibati-ərazi sisteminə daxil olan digər bölgələrdə yaşayan və öz ana dilini bilməyən soydaşlarımızın Azərbaycan Respublikasında və dünyada baş verən hadisələr haqqında obyektiv və qərəzsiz informasiya almalarına yardım göstərərdi. Kimsəyə sirr deyil, Azərbaycan Respublikasında olduğu kimi, Cənubi Azərbaycanda da öz ana dilini bilməyən çoxlu sayda insan yaşayır. Ümid edirəm, təklifimizi Azərbaycanın milli maraqları baxımından müsbət dəyərləndirəcək, İctimai Televiziyanın efirində fars dilində "Xəbərlər" proqramının yayımlanması üçün müvafiq addımlar atacaqsınız".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar