SON XƏBƏRLƏR

QUZEYDƏN GÜNEY GÖRÜNTÜLƏRİ

2021.10.20, 07:36
QUZEYDƏN GÜNEY GÖRÜNTÜLƏRİ

Gunaz.tv
Cənubi Azərbaycan mövzusu Azərbaycan kütləvi informasiya vasitələrində necə işıqlandırılır? “Media forum” saytı bu sualla araşdırmasına dövlət televiziya və radiosundan başlayıb. AzTV və dövlət radiosunda Dövlət teleradiosunda “Cənubi Azərbaycan” ifadəsinin işlədilməsinə çox həssaslıqla yanaşılır. Bu səbəbdən daha çox “İran Azərbaycanı” ifadəsindən istifadə olunur. Televiziyada konkret “İran Azərbaycanı”na həsr olumuş veriliş də yoxdur. “Turan”, “Yurd yeri”, “Çələng”, “Oğuznamə” verilişlərində Azərbaycan folkloru, etnoqrafiyası, ədəbiyyatı və sair çərçivədə Cənubi Azərbaycana da yer ayrılır. Azərbaycan Dövlət Radiosunun FM tezliyində yayımlanan “Körpü”, “Ovqat” verilişlərində və radionun səhər proqramında Güney Azərbaycan mövzusuna tez-tez toxunulur. Siyasi problemlərə, insan haqları və bu tip başqa mövzulardan yan keçilsə də, radioda mövzu əlvanlığı hiss olunur. Orta və qısa dalğada yayımlanan beynəlxalq radioda hər səhər belə bir proqram yayımlanır: “Güney Azərbaycan səhər proqramı”. Veriliş hər gün səhər saat 8.25-dən 11.25-dək efirdə olur. Həmin tezlikdə saat 12-dən 13-dək, saat 14-dən 15-dək və saat 18-dən 21-dək günorta və axşam proqramı verilir. Bu proqramlarda həm xəbərlər, həm də musiqilər, ədəbi mühitdə baş verən yeniliklər və sair mövzular əhatələnir. Beynəlxalq radioda Azərbaycan dilinin tədrisinə dair dərslər də keçirilir. İctimai Televiziya və İctimai Radioda İctimai Televiziyanın milli azlıqlar üçün verilişlər departamentinin yaradıcı qrupu Cənubi Azərbaycanla bağlı “Körpü” verilişi hazırlayır. Veriliş hər cümə saat 19.15-də efirdə olur. İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi internet saytında verilişin anonsu belə verilib: “Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın adət-ənənəsinə, ulu Təbrizin, eləcə də digər qədim şəhərlərin tarixi və memarlıq abidələrinə, məşhur söz və sənət adamlarına, sənətkarlarına, qədim musiqi alətlərinə həsr olunan verilişə baxa bilərsiniz”. Verilişin redaktorları Kamil Məmmədov, Məhəbbət Hacıyeva, Turanə İsgəndərova, Sevda Mirzəyeva, rejissorları isə Taleh İsmayılov; Aqşin Nəzərov və Elçin Həsrətovdur. Yenə də cümə günü 15.10-da ictimai radioda yayımlanan “Təbriz təranələri”ni “Körpü”nün radio versiyası hesab etmək olar. Verilişə təbrizli ifaçılar dəvət olunur və onların ifasında mahnılar səsləndirilir. Azərbaycanın əməkdar artisti vokalçı Həsən Enami, Cavid Hüseyn, İsmayıl Təbrizli, Aşıq Çengiz Mehdipur, “Dalğa” qrupu, Rəhim Şəhriyari, Əlirza Amanbəyli, gənc ifaçılardan Reza Cudi, Məhəmməd Cudeyri, Əhməd Həzrəti, Babək Təbrizli, görkəmli xanəndə Arif Babayevin tələbəsi olan gənc xanəndə Nasir Ətapur və başqaları “Təbriz təranələri”nin qonaqları olurlar. Verilişin redaktor və aparıcısı Şəfiqə Əfəndiyevadır. “Azadlıq” radiosunda Burada “Təbriz Ekspress” verilişi yayımlanır və əsasən Güney Azərbaycanda insan haqlarının pozulması mövzusuna geniş yer verilir. Eyni başlıqlı bölmə radionun internet saytında da var. Radio əməkdaşları öz məlumatlarını əsasən Cənubi Azərbaycan adı ilə bağlı olan milli hərəkat üzvlərindən, ayrı-ayrı dərgi və saytlara istinadən hazırlayırlar. Misal üçün, radionun mənbəsi olaraq Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasını, “Sayan” dərgisini və sairəni göstərə bilərik. “Amerikanın səsi” radiosunda ABŞ-ın ictimai radiosu hesab edilən “Amerikanın səsi” radiosu, xüsusilə radionun Azərbaycan bürosu İran, həmçinin Güney Azərbaycan mövzusuna həssaslıqla yanaşır. Cənubi Azərbaycanın folkloru, tarixi, etnoqrafiyası ilə yanaşı insan haqlarının pozulmasına, dil və seçki hüququnun tapdanmasına dair verilişlər, proqramlar hazırlanır. Radioda iki proqram sırf Güney Azərbaycana həsr olunub: “Haray” və “İran Azərbaycanına pəncərə”. “Haray”da tez-tez Quzey Azərbaycan təmsilçiləri qonaq olur, qoyulmuş problem ətrafında diskussiyalar aparılır. Misal üçün, verilişin sonuncu qonaqlarından biri ictimai fəal Aqil Səmədbəyli olub və o, İran azərbaycanlılarının pozulmuş hüquqlarından danışıb. “İran Azərbaycanına pəncərə” proqramı İranda yaşayan azərbaycanlıların problemləri, mədəni və iqtisadi həyatı, İranda insan hüquqları ilə bağlı vəziyyət haqda informasiya çatdırır. “İran Azərbaycanına pəncərə” həftəlik xəbərlər icmalı, müsahibələr, şərhlər, reportajlarla hər şənbə efirdə olur. “Amerikanın səsi” radiosunun internet ünvanında da verilişlərin həm mətni, həm də audio-yazısı yerləşdirilib. BBC radiosunda Dünyanın nüfuzlu mediası hesab edilən Böyük Britaniyanın ictimai radiosu BBC, daha doğrusu, radionun Azərbaycan bölməsi 2002-ci ilə qədər Güney Azərbaycan mövzusuna həssaslıqla yanaşıb və həmin müddətə qədər ayrı-ayrı proqramlar, verilişlər hazırlanıb. Hazırda BBC-nin fars bölməsi fəaliyyət göstərir. Amma Azərbaycan bölməsi Güney Azərbaycanı haqqında heç bir veriliş hazırlamır. Yalnız İranda baş verən siyasi-ictimai həyat işıqlandırılır, o da xəbərlər çərçivəsində. Bununla yanaşı Azərbaycan bölməsi BBC-nin Tehran üzrə xüsusi müxbiri Novruz Purməndin məlumatlarına istinad edə bilir. “GünAzTV”də Bütünlüklə öz yaradıcılığını Güney Azərbaycana həsr edən media qurumu ABŞ-dan peyk və internet vasitəsilə yayımlanan “GünAzTV”dir. 2005-ci ilin əvvəllərindən fəaliyyət göstərən, hazırda peyk vasitəsilə Orta Şərqə yayımlanan “GünAzTV”nin rəhbəri Əhməd Obalı “Media forum” saytına açıqlamasında bildirib ki, Güney Azərbaycanda yaşayan həmvətənlərimizə qarşı son 80 ildə böyük haqsızlıqlar olub: “Dilimizi, milliyyətimizi, kimliyimizi məhv etmək, tariximizi saxtalaşdırmaq, ədəbiyyatımızı talamaq üçün çox hücumlar olub. Buna qarşı fəaliyyət göstərmək lazımdır. Yarandığı gündən “GünAzTV”nin bu proseslərə təsiri duyulur. 2006-cı ildə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etirazın güclənməsində “GünAzTV”nin böyük rolu oldu. Kanalımızda əks-səda verən “Haray, haray, mən türkəm” şüarı, dərdlərimizdən danışmağımız, həmvətənlərimizin canlı olaraq Tehrandan, Təbrizdən kanalımıza qoşulub sözünü deməsinin ictimai ovqata çox müsbət təsiri var” Televiziyada “Bu il də uşaqlarımız öz ana dilində təhsil ala bilməyəcək?” “Güney Azərbaycanın səssizliyi necə qarşılanır?”, “Güney Azərbaycan Milli Hərəkatı” və sair verilişlər Güney Azərbaycana həsr olunub. “GünAzTV” ilə əməkdaşlıq edən Əbdüləziz Əzim Qədim, Hamidə Raiszadə, Pərviz Zare Şahmərəsi, Sədiqə Ədalıti, Vahab Ənsari, İşıq Sönməz, Yunis Zareiyun, Mehran Baharlı, Ziya Sədruləşrafi, Maşallah Rəmzi, Şahnaz Qulami, Arif Kəskin vaxtilə Cənubi Azərbaycanda yaşayan, sonradan isə xarici ölkələrə köçən ziyalılardır. “Olaylar” agentliyi və “Olaylar” qəzeti “Olaylar” qəzetinin baş redaktor müavini Elman Cəfərli “Media forum” saytına açıqlamasında bildirib ki, həm agentlik, həm də qəzet Dünya Azərbaycanlıları Konqresi və Güney Azərbaycan Milli Oyanış Hərəkatından xəbərlər əldə edir, əsasən də xarici informasiya saytlarına istinad olunur: “Güney Azərbaycan mövzusuna Quzeydə diqqət çoxdur. “Olaylar” da bu istiqamətdə seçilir. Mən 2001-ci ildən burada çalışıram. Bundan da xeyli əvvəl güney xəbərləri verilirdi. Uzun illərdir ki, güneydə milli kimlik istiqamətində mücadilə gedir. Orada 35 milyondan çox soydaşımız yaşayır. Haqları tapdanır, hüquqları tanınmır. Hətta ana dilində məktəblərin olmasına, türk mənşəli sözlərin istifadə edilməsinə belə qadağalar var. Biz imkan daxilində çalışırıq ki, güneylilərə bu haqq işlərində dəstək ola bilək”. E.Cəfərlinin sözlərinə görə, “Olaylar”da güney xəbərlərinin hazırlanması ilə 3-4 əməkdaşı məşğul olur: “Onlardan biri - Əli Nicat ştatdankənar əməkdaşımızdır, analitik yazıları təqdim edir. Qəzet öz analitik yazılarında bunu qabardır ki, İran hökuməti ana dili məsələsində Azərbaycan Respublikası modelini götürə bilər. Ölkəmizdə talışlara, ləzgilərə və digər millətlərin nümayəndələrinə ana dillərində tədris imkanı verilir. Güney azərbaycanlılarına da elə şərait yaratmaq olar”. Baş redaktor müavini onu da bildirib ki, “Olaylar”ın internet saytında Güney Azərbaycan adlı bölmə yaradılıb: “Qəzetdə ayrıca rubrika yoxdur. Çünki hərdən güneydən o qədər xəbərlər olur ki, onu ayrı-ayrı səhifələrə bölüşdürürük”. Ekspert rəyi “Hələ cümhuriyyət dövründə güneylilər Məmməd Əmin Rəsulzadəyə şikayət edirlər ki, bizləri unutmusunuz. O da gülür və deyir ki, bundan sonra sizə daha çox diqqət ayıracağıq. Güneylilərin belə bir ifadəsi də var : bizim qibləmiz quzeydir. Ona görə də güney məsələlərinə quzeylilər daha diqqətlə yanaşmalıdır”. “Ayna” qəzetinin əməkdaşı, Cənubi Azərbaycan məsələləri üzrə ekspert Sədrəddin Soltan belə hesab edir. “Media forum”a açıqlamasında S.Soltan deyib ki, yaxın tarixlə indiki vəziyyəti müqayisə edilsə, mənzərə daha aydın görünər: “Bir neçə il öncə ölkədəki bir çox televiziyalar, hətta dövlət televiziyaları güneydə həbs olunanlarla bağlı süjetlər verir, onların adlarını çəkirdilər. Amma İrandan gələn bəzi siyasi fəalların Azərbaycanı tərk etməsindən, həmçinin iki ölkə arasındakı münasibətlər bu mövzuları tədricən zəiflətdi. Digər tərəfdən İranda, eləcə də Güney Azərbaycanın bir çox şəhərlərində agentliklərin, televiziyaların nümayəndəliklərinin olmaması hadisələrə aydınlıq gətirməkdə çətinlik yaradır. Agentliklər, yaxud çap mediası ehtiyat edir ki, bəlkə də bəzi xəbərlərdə yanlışlıq var. Amma bununla belə, son hadisələr zamanı – istər 2006-cı ilin may hadisələrində, yaxud son prezident seçkisindən sonra baş verən etiraz aksiyaları zamanı xəbərlər pis işıqlandırılmadı”. S.Soltan Güney Azərbaycan ədəbiyyatının, musiqisinin, tarixinin işıqlandırılmasında İTV-də hazırlanan “Körpü” verilişini təqdir edib: “Ən azından orada Cənubi Azərbaycan ifadəsi işlədilirsə, bunun özü Quzey Azərbaycanda şüurlara müsbət təsir edəcək”. Ekspert “Turan” agentliyinin Seyid Cəfər Pişəvərinin oğlundan bir müddət əvvəl götürdüyü müsahibəni önəmli yazılardan hesab edir: “Fikrimcə, Azərbaycanda istər teleradiolar, istərsə də internet saytları bu mövzuya diqqət ayırmaq istəyirlər. Diqqətin az olmasına isə bir çox amillər təsir edir. Ya kadr qıtlığı, ya maliyyə azlığı, ya da informasiya qıtlığı olur. Güney Azərbaycan, ümumiyyətlə İran məsələsi ən əvvəl ciddi kadr peşəkarlığı tələb edir”. S.Soltan hesab edir ki, ölkədə bir çox qəzetlər bu mövzuya qapılarını taybatay açıb: “Misal üçün, “Ayna” qəzeti istər gündəlik dərc olunanda, istər həftəlik olanda bu mövzunu davamlı şəkildə davam etdirib. “Yeni Müsavat”, “Ölkə”, “Türküstan”, “Olaylar”, “Xalq Cəbhəsi” qəzetlərinin adlarını çəkə bilərik. Mənim izlədiklərim bunlardır”. Güney mövzusunun Azərbaycan mətbuatında işıqlandırılmasında problem nədir? Sualı cavablandıran ekspert deyib ki, əsas çətinlik güneylə bağlı kifayət qədər informasiya bazasının olmamasıdır: “Geniş ictimaiyyət üçün güney mövzusu o qədər də maraqlı deyil. Hazırda güneylə konkret bir qrup daha çox maraqlanır. Yəni kütləvilik azdır. Millət hədəfsiz olmamalıdır. Hədəf olmayanda millət inkişaf edə, yüksələ bilməz. Millət öz haqqı istiqamətində hədəf götürməlidir”. Aynur İMANOVA “Media forum”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar