SON XƏBƏRLƏR

ÇAP MEDİASI VƏ TELEKANALLAR İRANA YAXIN DÜŞƏ BİLMİR

2021.10.20, 07:36
ÇAP MEDİASI VƏ TELEKANALLAR İRANA YAXIN DÜŞƏ BİLMİR

Gunaz.tv
Rauf Arifoğlu: “Bu situasiya Azərbaycan mediasının zəifliyini üzə çıxardı” Azər Əhmədov: “Borc içində üzürük, İrana müxbiri necə göndərək?” Aydin Quliyev: “Qapilar üzümüzə bağlanmasaydı, müxbirlərimizi ora göndərərdik” Natiq Abdullayev: “Məcburən tərəfdaşlarımızın təqdim etdiyi materialla kifayətlənirik” İbrahim Ünlübostan: “Bu problem təkcə bizə yox, bütün dünya telekanallarIna aiddir” İran hazırda dünyanın ən qaynar nöqtələrindən biri olmaqla yanaşı, xəbər mərkəzidir. Hər gün bir-birindən fərqli və gözlənilməz olayların baş verdiyi bu ölkə ilə bağlı informasiya blokadasını yarmaq isə jurnalistlərə nəsib olmur. Demək olar ki, tək-tük sayda informasiya agentlikləri, telekanallar sözügedən ölkədən canlı xəbər, görüntü yayımlayır. Azərbaycan da daxil olmaqla, bəzi ölkələr həmin materiallardan yararlanmaqla kifayətlənir. Maraqlıdır, 35 milyon azərbaycanlının yaşadığı qonşu ölkədən canlı xəbər, görüntü yaymaq Azərbaycan jurnalistikası üçün niyə bu qədər çətindir? Hansısa yollarla jurnalistlərin sözügedən ölkəyə keçməsi mümkün deyilmi? Lazım gəlsə, Amerikadan, İngiltərədən səsi gələn milli jurnalistlər niyə bu məsələdə lazımi həssaslıq nümayiş etdirmirlər? “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu bildirdi ki, indiki vaxtda İrana viza almaq çox çətin olduğundan ora jurnalist göndərmək də müşkülə çevrilib. Müsahibimiz ilk vaxt vətəndaş və Məşhəd ziyarəti adı ilə “Yeni Müsavat”ın əməkdaşını ora göndərmək variantını düşündüklərini dedi: “Amma məlum oldu ki, hal-hazırda süründürməçilik var. Eyni zamanda məlumat aldıq ki, Məşhəd ziyarətinə gedənlər də tələm-tələsik geri qaytarırlar. Əvvəldən proqnozlaşdırmaq olsaydı, biz tədbir görər və ora jurnalist göndərərdik. Hər halda, hesab edirəm ki, bu situasiya biz də daxil olmaqla Azərbaycan mediasının zəifliyini bir daha üzə çıxardı ki, biz yaxın qoşumuzdan, 35 milyon azəbaycanlının yaşadığı ölkədən olan xəbərləri ”Euro Nevs" və Türkiyə kanallarından almaq məcburiyyətində qaldıq". “Bakı -xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də bu məsələnin onlardan asılı olmadığını dedi. Onun sözlərinə görə, rəsmi İran yad ölkələrdən ora jurnalist gəlməsinin qarşısını alıb. Müsahibimiz son olaya qədər də jurnalistlərin İrana səfərinin qeyri-mümkün olduğunu dedi: “Dəfələrlə redaktorların İranın ölkəmizdəki səfiri ilə görüşü olub. İranın daha öncəki səfiri Əfşar Süleymanini ziyarət zamanı bu problemi onun nəzərinə çatdırdıq və söz verdi ki, bu səfər reallaşacaq. Daha sonra İran diplomatları da belə vədlər versələr də, bu, baş tutmadı”. A.Quliyev nəinki Azərbaycan, bütün ölkələrdən jurnalistlərə İranda iş şəraiti yaradılmadıdığını, hətta bəzilərinin ordan qovulduğunu xatırlatdı: “Bütün qapılar üzümüzə bağlanmasaydı, müxbirlərimizin İrana səfərə getməsini istəyərdik”. “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov isə bildirdi ki, Azərbaycanın hökumət kanallarının İran olaylarına qeyri-həssas münasibəti hakimiyyətin mövqeyindən xəbər verir. Onun sözlərinə görə, İlham Əliyevi ilk təbrik edən prezidentlərdən biri də Əhmədinejad olub. “Əhmədinejadın hakimiyyəti İlham Əliyevə sərf edir” deyən müsahibimiz digər tərəfdən, hakimiyyətin bütün inqilablara qısqanclıqla yanaşdığını da vurğuladı: “Hakimiyyətə sərf etmir ki, bu kimi mövzular telekanallarda yer alsın, insanlar da inqilabları görüb həvəslənsinlər”. A.Əhmədov konkret olaraq, “Azadlıq”ın əməkdaşlarının İrana göndərilməməsini isə maddi imkansızlıqla əlaqələndirdi. Onun sözlərinə görə, borc içində üzən qəzetçün belə bir səfərin maliyyələşdirilməsi olduqca çətindir: “Nəinki İrana, heç Azərbaycanın rayonlarına da müxbir göndərməyə imkanımız yoxdur”. Televiziyalarda da vəziyyət fərqli deyil. İctimai Televiziyanın informasiya departamentinin rəhbəri Natiq Abdullayev bildirdi ki, təmsil etdiyi kanal İran barədə verilişlər hazırlayan(“Körpü”) yeganə telekanaldır. Onun sözlərinə görə, bu səfər, həmin çəkilişlərin həyata keçirilməsi ciddi çətinliklər hesabına başa gəlir: “Ona görə bu dəfə də səfərin təşkili, yerlərdən reportajlar verməyin ciddi problemlər yaradacağını bilirik. Digər tərəfdən, ora getmək əsas məsələ deyil. Ordan görüntülər çəkib, göndərmək üçün də texniki imkanlar yaradılmalıdır. Halbuki buna şərait yoxdur. Biz də məcburən tərəfdaş agentliklər - ”Röyters", “Cihan”ın informasiyalarından, görüntülərindən yararlanırıq". “Xəzər” Televiziyasının Xəbərlər Departamentinin rəhbəri İbrahim Ünlübostan isə bu problemin təkcə onları yox, dünyanın bir çox tanınmış telekanallarını da əhatə etdiyini söylədi. Onun sözlərinə görə, hazırda İranda CNN, BBC, habelə Türkiyənin tanınmış telekanallarının da əməkdaşları, reportyorları yoxdur. Müsahibimiz dedi ki, bu, jurnalistlərdən yox, İran rejiminin siyasətindən irəli gələn məqamdır: “İranda bütün telekommunikasiya imkanları məhdudlaşdırılıb. Türkiyənin 11 telekanalından heç biri İrana müxbir göndərə bilmir. BBC-nin müxbiri artıq ordan çıxarılıb. Məcburən biz də internet xəbəri il məhdudlaşırıq. Hər gün İranla bağlı dünyaya 2 dəqiqəlik xəbər çatdırılır. Amma bilirik ki, ordan gələn məhdud xəbərlər də sağlam deyil, bir çox hallarda dezinformasiyadır. Ona görə də bir çox hallarda sağlam olmadığını düşündüyümüz informasiya barədə gen-bol xəbər yaymaq istəmirik”. Sevinc TELMANQIZI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar