SON XƏBƏRLƏR

Iran rejimi ağır təzyiq altında

2021.10.20, 07:36
Iran rejimi ağır təzyiq altında

Gunaz.tv
BMT-nin baş katibi etiraz etdi, ABŞ hiddətləndiyini dedi, Iran Londondakı səfirini geri çağırdı Daxildə isə etirazlar səngimir Prezident seçkisindən sonra Iranda yaşanan gərgin vəziyyət davam edir. Paytaxt Tehranda baş qaldıran etiraz nümayişlərinin dünənki bir günlük səngimədən sonra yenidən vüsət alacağı gözlənilir. Etiraz Hərəkatına başçılıq edən keçmiş namizədlərdən biri Mehdi Kərrubi əhalini nümayişlər zamanı qətlə yetirilənlərin xatirəsini yad etmək üçün sabah yenidən meydanlara toplaşmağa çağırıb. Xatırladaq ki, nümayişlər başlanandan bəri silahlı hökumət qüvvələri ilə toqquşmalarda çoxlu sayda ölən var. Iran rəsmiləri ölənlərin 17 nəfər olduğunu deyir. Neytral mənbələr isə bu rəqəmi 21-27 arası göstərir. Lakin Irandakı nümayişlərin şahidləri təkcə 20 iyun aksiyasında 150 nəfərin öldürüldüyünü bildirir. Yeri gəlmişkən, ötən şənbə baş verənlər Tehranda etiraz hərəkatı başlayandan bəri ən ağır toqquşma olub. Silahlı hökumət qüvvələri həmin gün nümayişçilərə amansızlıqla divan tutub. Bunun ardınca isə Inqilab Keşikçiləri Korpusu istənilən növbəti etiraz aksiyasını sərtliklə dağıdacaqları haqda xəbərdarlıq bəyanatı yayıb. Amma, artıq xəbər verdiyimiz kimi, Tehranda əhali bazar ertəsi yenidən meydanlara çıxıb. Islahatçı liderlər Mirhüseyn Musəvi və Mehdi Kərrubinin minlərlə tərəfdarı qara paltarda, əllərində şam tutaraq Tehranın Həft-e Tir meydanında 20 iyun nümayişində qətlə yetirilənlərin anım mərasimini keçirib. Əhali “Xameneyiyə ölüm!” deyir Nümayişçilər aksiyanı sükut içində keçirsələr də, hökumət qüvvələrinin hücumuna məruz qalıblar. Əvvəlcədən meydan və ətrafdakı küçələrdə toplaşan hökumət qüvvələri, eləcə də mülki geyimli ETTELAAT əməkdaşları iştirakçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, hətta havaya atəş də açıblar. Dünən daxil olan əlavə məlumatlara görə, dinc aksiya dağıdıldıqdan sonra qarşıdurmalar başlayıb və şəhərin müxtəlif küçə və meydanlarındakı gərginlik gecə saat 1-ə qədər davam edib. Bundan başqa, saxtakarlıqlara və xalqa hərbi güc tətbiq edilməsinə etiraz bildirən vətəndaşlar son 10 gündə olduğu kimi, yenə də gecə saat 10-da damlara çıxaraq yarım saat müddətinə “Allahu əkbər”, “Diktatora ölüm!”, “Xameneyiyə ölüm!” şüarları səsləndiriblər. Gərginlik dipkorpusa sıçradı Dünənsə rəsmi Tehranla bağlı gərginlik küçələrdən belə demək olarsa, daha çox diplomatik korpusa sıçrayıb. Əvvəlcə BMT-nin baş katibi Pan Gi Munun bəyanatı eşidilib. Pan Gi Mun Iran hakimiyyətini etiraz nümayişlərinin dağıdılmasında zorakılıqdan imtina etməyə çağırıb. BMT-nin baş katibi rəsmi Tehrandan insan hüquqlarına hörmətlə yanaşmağı tələb edib. Pan Gi Mun bildirib ki, Tehran küçələrindəki zorakılıqlardan, xüsusilə hakimiyyət əleyhinə nümayişlərin zorla yatırılmasından və həbslərdən məyus olub. Rəsmi Tehranın bu bəyanata cavabı özünü çox gözlətməyib. Iran BMT baş katibinə cavab olaraq onu ölkənin daxili işlərinə qarşımaqda ittiham edib. Isveçdə isə Iranın səfiri Xarici Işlər Nazirliyinə çağırılıb və ona ölkəsində nümayişçilərə qarşı zorakılıq və hərbi güc tətbiq edilməsilə bağlı etiraz bildirilib. Isveç XIN-dən “Röyters”ə deyiblər ki, səfirlə keçirilən görüşdə Iranda seçki nəticələrinə dinc etiraz bildirənlərə zorakılıq tətbiq edilməsinə, ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətinə qoyulan məhdudiyyətlərə etiraz olunub. Qeyd edək ki, Avropa Birliyinin dönəm sədri olan Çexiya iyunun 22-də üzv ölkələri Iran səfirlərini öz Xarici Işlər Nazirliklərinə çağıraraq insanlara zorakılıq göstərilməsinə etiraz bildirməyə səsləyib. Iranla Ingiltərə arasında diplomatik böhran Son hadisələrdən sonra Iran hökumət ilə Ingiltərə Krallığı arasında siyasi gərginlik daha da artaraq diplomatik böhrana səbəb olub. Belə ki, Ingiltərə hökuməti Irandakı səfirliyinin əməkdaşlarını bu ölkədən çıxarmaq qərarına gəlib. Dünən yayılan xəbərlərə görə, Iran da Ingiltərədəki səfirini iki ölkə arasında yaranan son vəziyyəti müzakirə etmək üçün geri çağırmaq qərarı verib. Qərar Iran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyalarının fövqəladə toplantısında verilib. Dünən gələn son xəbərlərdə isə deyilirdi ki, artıq Iran hökumətinin iki ingilis diplomatını persona-non-qrata elan etməsi və onları ölkədən qovması Ingiltərə hökumətini bərk qəzəbləndirib. Ingilislərin cavabı isə özünü çox gözlətmyib və ölkədə diplomatik missiya daşıyan iki iranlı diplomatın yola salınması qərara alınıb. ABŞ hiddətlənib Daha bir bəyanat Vaşinqtonda Ağ Ev adından verilib. Ağ Evin sözçüsü Robert Gibs Iranda xalqa qarşı zorakılıq və ədalətsizlikləri qınadıqlarını bildirib. ABŞ prezidenti Barak Obamanın Iranda zorakılıqlara son qoymağa çağıran bəyanatını xatırladan Gibs deyib ki, həmin çağırışdan ötən müddətdə, əksinə, zorakılıqların artdığını görürlər. Gibs nümayişlərin qarşısını almaq üçün polisin güc işlətməsinin ABŞ-da hiddətlə qarşılandığını, bununla belə Obamanın Iranla diplomatik müzakirələr təklifinin hələ keçərli olduğunu deyib. Ağ Ev sözçüsü Obamanın “Dəyişiklik” seçki şüarına işarə vuraraq, deyib ki, Irandakı etirazlar dəyişikliyin başlanmasına yol açır. Gibs bunları NBC telekanalında qatıldığı proqram zamanı bildirib. Bu arada Barak Obama Ağ Evdə təşkil olunan həftəlik mətbuat konfransında bir daha Iranda baş verənlərə qayıdaraq, rejimin müxalifət tərəfdarlarının keçirdiyi dinc etiraz aksiyalarını amansızcasına yatırmasını sərt şəkildə pisləyib. Artıq heç bir dəmir yumruğun dünyanın barışcıl etiraz nümayişlərini əngəlləməyə yetərincə gücünün olmadığını bildirən Obama Tehrandakı etiraz aksiyalarının arxasında Vaşinqton rəhbərliyinin olduğu iddialarını “uydurma və boş bir şey” adlandırıb. “Bəsic üzvləri küçələrdən yığışdırılmalıdır…” Bu arada Beynəlxalq Amnistiya Təşkilatı da Iran rəsmilərini bütün ölüm hallarının araşdırmağa və günahkarların ədalətlə mühakimə edilməsinə çağırıb. Təşkilat bildirib ki, nümayişçilərə uniformasız Bəsic üzvləri olduğu ehtimal edilən silahlı şəxslər aşırı güc tətbiq edib və insan haqlarını kobud şəkildə pozublar. Təşkilatın bəyanatında deyilir ki, Iran rəsmilərinin son açıqlamaları dövlət qurumlarının zorakılıqlara görə məsuliyyəti üzərlərindən atma cəhdinə bənzəyir. “Iran rəsmiləri polislərə nəzarət edə bilmirlərsə, onları dağıtmalıdırlar. Dinc aksiyalara icazə verilməli və Bəsic üzvləri küçələrdən yığışdırılmalıdır…”, - deyə təşkilat çağırış edib. Nobel mükafatçısından Avropa Birliyinə çağırış Başqa bir çağrışla da iranlı Nobel mükafatçısı Şirin Ebadi Avropa Birliyi ölkələrinə müraciət edib. Ebadi AB ölkələrini nümayişləri dağıtmağa son qoymaq üçün Iran rejiminə təzyiq göstərməyə səsləyib. “AB ölkələri insanların həbsi və öldürülməsinə görə Irana etirazını bildirməlidir. Iran hökuməti zorakılığı davam etdirdiyi müddətdə AB heç bir Iran rəsmisi ilə görüşüb müzakirə aparmasın” deyən Ebadi fikirlərini çatdırmaq üçün Birlik rəsmiləri ilə görüşlər keçirir. Iranın təhlükəsizlik qüvvələri isə Avropa vətəndaşlarını casusluq ittihamı ilə həbs edir. Artıq bu ittihamla ikisi Almaniya, biri Böyük Britaniya, ikisi isə Fransa vətəndaşı olmaqla 5 avropalı həbs olunub. Hökumətin xarici curnalistlərə qarşı təzyiqləri də davam edir. Məlumatlara görə, “Waşington Times” qəzetinin müxbiri (adı açıqlanmır) Tehranda həbs olunub. Mübariz Ruhanilər Birliyi bəyanat verdi Dünən Iranın keçmiş prezidenti Məhəmməd Xatəmi və digər tanınmış islahatçıların üzv olduğu Mübariz Ruhanilər Birliyinin dinc nümayişçilərə qarşı zorakılıq və hərbi güc tətbiq edilməsini, insanların qətlə yetirilməsini pisləyən bəyanatı da yayılıb. “Ölkədəki prezident seçkisindən 10 gündən artıq vaxt keçir. Lakin seçki günündə min bir ümid, arzu və sevinclə seçkiyə qatılıb sandıqlar başına gələn Iran xalqı bu gün qan içində torpağa sərilmiş övladlarına yas saxlamaq məcburiyyətində qalıb”, - deyə bildirilən bəyanatda hakimiyyətin etirazçıları əcnəbilərlə əlaqələndirməsi pislənir: “Seçki günündə xalqın şüurlu olaraq kütləvi şəkildə seçkiyə qatılması Iran Islam Respublikasının iftixarı kimi göstərilirdi. Bəs niyə seçki saxtakarlığına dinc etiraz bildirən milyonlarla vətəndaşın hərəkəti və aksiyaları əcnəbilərin fitnəsi ilə əlaqələndirilir? Iranın keçmiş rejimləri öz müxalif vətəndaşlarına qarşı bu qarayaxmalar və cəfəngiyyatdan nə qazandı ki, bu gün həmin ittihamlar eynən təkrarlanır?”. Bəyanatda paytaxt Tehranda, “rəsmən elan edilməsə də, fövqəladə vəziyyətin hökm sürməsi, şəhərin bütün iri küçə və meydanlarına hərbi hissələrin yeridilməsi, ölkənin digər iri şəhərlərində isə hərbçilərin vəziyyətə nəzarət etməsi” pislənib. Rəfsəncani Xameneyini devirə biləcəkmi? Iranın dini-siyasi elitasında yaranan parçalanma özünü təkcə bu bəyanatla göstərmir. Vəziyyət hətta ali dini lider Xameneyini vəzifədən uzaqlaşdırmaq istəyinə qədər gərginləşib. Bu barədə artıq dünənki sayımızda xəbər vermişdik. Xarici KIV-ə istinadən verilən xəbərdə göstərilirdi ki, Üləmalar Şurası ali dini lider Ayətullah Əli Xameneyini vəzifəsindən çıxarmaq və onun səlahiyyətlərini kollegial quruma vermək imkanlarını araşdırır. Dünən bu məlumat daha təfərrüatı ilə yayılıb. Bildirilir ki, mövcud vəziyyətdə Iranın keçmiş prezidenti Rəfsəncani ilə Xameneyi arasında siyasi mübarizə kəskinləşib. Eyni zamanda iki nüfuzlu quruma rəhbərlik edən Rəfsəncani proseslərin əsas fiquruna çevrilib. Onun rəhbərlik etdiyi qurumlardan biri parlamentlə Islam Inqilabını Müdafiə Şurası arasında vasitəçilik missiyasını yerinə yetirir, o biri isə ölkənin ali dini liderini dəyişmək səlahiyyətinə malik Üləmalar Şurasıdır. “Əl-Əàrəbiyə” kanalı Qumdakı yüksək səviyyəli Iran rəsmisinə istinadən bildirib ki, Rəfsəncani Xameneyini vəzifəsindən uzaqlaşdırmaq üçün bu iki qurumun razılığını alıb. Məlumatlara görə, Rəfsəncani böyük ehtimalla, hazırda Iraqda yaşayan ən nüfuzlu şiə liderlərindən biri Ayətullah Əli əs-Sistaninin də dəstəyini alıb. Əksər ekspertlər isə bu fikirdədirlər ki, Xameneyinin hakimiyyətdən kənarlaşdırılması elə Əhmədinecadın prezidentlikdən uzaqlaşdırılması deməkdir. Əhmədinecad and içməyə hazırlaşır Mahmud Əhmədinecad isə ikinci müddətə prezident kimi and içməyə hazırlaşır. Iran Məclisi 10-cu prezident seçicisini qazandığı elan edilən Əhmədinecadı 26 iyul - 19 avqust arasında and içməyə çağırıb. Məclisdə and içəcək Əhmədinecad eyni tarixdə hökumətin yeni tərkibini deputatların səsverməsinə çıxarmalıdır. Iranın Konstitusiyaya Nəzarət Şurası da dünən növbəti dəfə bəyan edib ki, prezident seçkisinin nəticələri ləğv edilməyəcək. Şuranın sözçüsü deyib ki, səsvermə zamanı böyük pozuntulara dair dəlil aşkar edilməyib. Informasiya şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar