SON XƏBƏRLƏR

İran rejimi ömrünü uzadır

2021.10.20, 07:36
İran rejimi ömrünü uzadır

Gunaz.tv
Zərdüşt Əlizadə: "Lakin xalqa qarşı zopadan istifadə etməklə özünün gələcək faciələrinin əsasını qoyur" İran sakitləşmək bilmir. İslam Respublikasında iyunun 12-də keçirilən prezident seçkisindən sonra yaranan qarşıdurma hələ də davam edir. Prezidentliyə namizəd Mir Hüseyn Musəvi səsvermənin nəticələrinin Mahmud Əhmədnecatın xeyrinə saxtalaşdırıldığını iddia edir. Onun tərəfdarları 10 gündür ki, küçələrdən yığışmır. İran rejimi isə geri çəkilmək niyyətində deyil və etiraz aksiyaları silah gücünə yatırır. Politoloq Zərdüşt Əlizadə hesab edir ki, İran müxalifəti hakimiyyətə qalib gələ bilməyəcək. - İranda baş verənlərdən nə gözləyirsiniz? - Yaxın perspektiv üçün İran hakimiyyəti müxalifəti əzir və öz ömrünü uzatmağa çalışır. Uzaq perspektivdə isə hakimiyyət əslində özünü zəiflətdi. İslam rejimi zülmə, ədalətsizliyə, haqsızlığa qarşı bir inqilab idi və mənəvi dəyərlər kimi islam dininin ədalət, bərabərlik amalları götürülmüşdü. Amma hakimiyyətə şirin bir şey kimi, faydalı, xeyirli bir vasitə kimi baxan hakim zümrə görünür, xalqa qəyyumluq etmək fikrindən keçə bilmir. Ona görə də xalqın haqqını pozur, onun səslərini düzgün saymır, saxtalaşdırır. Xalq etiraz edir, İran islam dövləti isə bu etirazları zor gücünə - güllə ilə, qazla, dəyənəklə boğur. İndi bu o deməkdir ki, əhali arasında islam hakimiyyətinin ədalətliliyinə olan hansısa bir inam sona yetdi. Ortada yalnız mənfəət qaldı. Neft pullarından, büdcə vəsaitlərindən faydalanan qaragüruh və İranı normal, ədalətli, demokratik görmək istəyən əhalinin əksəriyyəti qalıb. Onların arasında yeni bir mübarizə mərhələsi başlayır. Vəssalam. - Sizcə, müxalifətdə olan qüvvələr İrana demokratiya gətirə bilərlərmi? - Bilirsiniz, demokratiya deyəndə, bir var Qərb demokratiyası - bu da əlbəttə ki, nisbidir. Qərbdə də müxtəlif cür demokratiyalar, demokratiyadan sui-istifadə etməyi bacaran kifayət qədər qüvvələr var. İrandakı demokratiya isə islam demokratiyasıdır. İndi islam demokratiyasını da ciddi şəkildə təftiş etdilər və onu şübhə altına aldılar. Prosesləri izləyəndə mənə elə gəlir ki, bu gün İranda mübarizə artıq islam demokratiyası uğrunda yox, ümumiyyətlə, hökumətlə xalq arasında olacaq. İrandakı proseslər bəlkə indiki mərhələdə xalq hərəkatının boğulması ilə nəticələnəcək, amma hakimiyyətdə olan rejimi də zəiflədəcək. İran rejimi xalqa qarşı silahdan, zopadan istifadə etməklə əslində özünün gələcək faciələrinin əsasını qoyur. Hazırda mühafizəkar qüvvələr kifayət qədər təşkilatlanmış formadadır və xalqın etirazını yatırdırlar. Amma bununla paralel xalqın onlara inamı azalır, qəzəbi artır və bu da rejim üçün yaxşı nəticələnməyəcək. Bəlkə bu mərhələni keçərlər, amma dəyişikliklərə məcbur olacaqlar. - İslam demokratiyası Qərb demokratiyasından nə ilə fərqlənir? - Mahiyyət etibarilə elə bir fərq yoxdur. "Demos" orada da "demos"dur, burada da. Sadəcə, islam demokratiyasında əxlaqi dəyərlər bir qədər üstündür, o da əsasən milli ənənəyə, ölkələrin mədəni, əxlaqi ənənəsinə söykənir. Amma orada da, burada da əsas odur ki, xalqın əksəriyyətinin seçdiyi insan rəhbərlikdə olmalıdır. Hakimiyyətin idarəçiliyi şəffaf həyata keçməlidir, xalqın nəzarətində olmalıdır. İslam demokratiyası deyəndə əxlaqi məsələlərdə ola bilsin ki, Roma papası ilə ayətullahlar arasında daha çox oxşarlıqlar var, nəinki Roma Papası ilə fərz edək ki, Avropanın yaşılları arasında. - Sizin üçün hansı demokratiya daha üstündür: islam, yoxsa qərb demokratiyası? - Mən ümumiyyətlə, demokratiyanın tərəfdarıyam. Avropa demokratiyasının da mənfi cəhətləri var, yəni bir sıra hallarda cəmiyyət ümumi mənafe naminə yanlış anlaşılan azadlıqların qarşısına hüdudlar qoymalıdır. Çünki məşhur kəlam var ki, "mənim azadlığım sizin azadlığınızın başlandığı yerdə qurtarır". Yəni mənim azadlığım da sərhədsiz deyil. Bir sıra mənəvi əxlaqi məsələlər var ki, orada azadlıq ictimai mənafe naminə məhdudlaşmalıdır. Amma bu əlbəttə ki, təməl azadlıqlara aid deyil. Cəmiyyətin, xalqın seçib-seçilmək hüquqları məhdudiyyətsiz olmalıdır. Eyni zamanda da dövlətin cəmiyyətə tabeçiliyi, hökumətin xalq qarşısında cavabdehliyi, demokratiyanın təməl prinsiplərindədir və bunların heç biri təftiş edilə bilməz. Bu, islamda da, Avropada da eyni cür qəbul edilməlidir. Amma İranda məhz hökumətin xalq qarşısında cavabdehliyi prinsipi pozulub və mənə elə gəlir ki, bu, hansısa maddi maraq baxımından baş verib. - Hazırda İran hakimiyyəti bu etiraz aksiyalarının xarici qüvvələr, xüsusilə ABŞ tərəfindən idarə olunduğunu iddia edir. Bu nə qədər həqiqətəuyğundur? - İrandakı hərəkatın arxasında Qərbin dayanması ilə bağlı bütün iddialar məntiqsizdir. Ölkəsində narazılıqlar olduğu zaman kənarda düşmən axtarışına çıxmaq da rejimin acizliyindən irəli gəlir. Nöqsanı, narazılığın səbəbini özlərində axtarsınlar. Həmişə öz qüsurlarını xarici qüvvələrin üzərinə o adamlar, o zümrə atır ki, xalqla mükaliməyə getmir və günahını yumaq üçün hansısa xarici qüvvələri düşmən qismində təqdim edirlər. Bu avtoritarizmlə totalitarizmin ilk əlamətidir. İranın özündə ciddi problemlər var və hakimiyyət bu problemləri həll etmək üçün mütləq cəmiyyətlə dialoqa getməlidir. - Siz belə bir dialoqun baş tutacağını gözləyirsinizmi? - Hələlik hadisələr göstərir ki, İran hakimiyyəti xalqa hər hansı mükaliməyə getməkdən qaçır. Və camaatla danışıqda zora üstünlük verir. - Müxalifətin nəticəyə nail olana qədər mübarizəni davam etdirəcəyini düşünürsünüzmü? - Düşünmürəm. İndiki halda müxalifəti əzdilər və onu geri çəkilməyə məcbur etdilər. Amma bu, yenə də deyirəm ki, iqtidarın güclü olmasını deyil, zəifliyinin əlamətidir. 20 yanvarda da ruslar gəlib Bakıda insanları güllələdilər, amma sonra nə oldu - Sovet hökuməti yıxıldı. 20 Yanvar Sovet hökumətinin təntənəsi idimi? Xeyr. Bu onun zəifliyinin əlamətlərindən biri idi. Mənim fikrimcə, hazırkı hərəkatın qalib gəlməsi mümkün deyil. Amma ümumilikdə İranda dəyişikliklər labüddür. Demokratiya qarşısıalınmaz prosesdir və bir gün İrana da, hətta Azərbaycana da gələcək. İranda baş verən hərəkat demokratik səciyyə daşıyır və bir sıra ciddi nəticələr ortaya qoyub. Əvvəla, bu proses göstərdi ki, İran cəmiyyətində kifayət qədər demokratik potensial var. İkincisi, İran elitasında ciddi parçalanma var. Üçüncüsü, İranın inkişafı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Hakimiyyət xalqın rəyi ilə hesablaşmadıqca, demokratiyaya qapıları qapatdıqca insanların qəzəbi daha da artır və bu, rejim üçün yaxşı nəticələnməyəcək. - Bu prosesdə azərbaycanlılar lazım olan qədər aktivlik göstərdilərmi? - Bilirsinizmi, bizdə çox yanlış şəkildə milli etnik mənsubiyyəti şişirdirlər. İranda yaşayan azərbaycanlılar iranlıdırlar. Onlar özlərini İran dövlətinin sahibi və vətəndaşı hesab edirlər. Və onlar sosial və hüquqi pozuntulara qarşı etirazlarını azərbaycanlı kimi yox, iranlı kimi edirlər və iranlı kimi də döyülürlər. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində azərbaycanlıların əksəriyyəti bildirirdilər ki, müstəqil, milli dövlətimiz qurulsa, bütün problemlərimiz həll olunacaq. Milli dövlət quruldu, amma baxın bizim problemlər həll olundumu? Xeyr. azərbaycanlılar da bu prosesdə etnik zəmində deyil, sosial və dini zəmində iştirak etdirlər. Azərbaycanlılar da İran xalqının tərkib hissəsi olaraq bu problemlərə etiraz edirlər. Bu proses demokratik potensialı artırır. Mən inanıram ki, bu hərəkatın sonunda İranda yumşalma və islahatlar olacaq. Buna məcbur olacaqlar. Asim SƏFƏROVəə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar