SON XƏBƏRLƏR

Təbrizin ehtiyatlı davranışını başa düşürəm

2021.10.20, 07:36
Təbrizin ehtiyatlı davranışını başa düşürəm

Gunaz.tv
Hamlet İsaxanlı: "Adətən hakimiyyət baş verənləri etnik separatizm kimi yozmağa çalışır" İranda prezident seçkisinin saxtalaşdırıldığını iddia edən Musəvi tərəfdarları mübarizələrini sonadək aparmaqda israrlı görünürlər. Ölənlər, yaralılar, həbslər olsa da, informasiya çıxışlarına qadağalar qoyulsa və ya buna cəhdlər göstərilsə də, etiraz aksiyaları səngimir. Bəs bu mübarizənin sonu hara varacaq? İranın bir addımlığındakı Azərbaycanda bu suala hansı cavablar verilir? Siyasi kəsimin təmsilçisi olmayan, ziyalılar Tehranda baş verənləri necə dəyərləndirilər? Şair Musa Yaqub İrandakı hadisələri həyəcanla izləyir: "İstərdim ki, İranda qan tökülməsin, dinclik olsun. Amma bu da var ki, demokratik mübarizə, xalqın haqqını tələb etməsi məni həmişə sevindirib. İstərdim İranda demokratik qüvvələr qalib gəlsin, sivil dövlət qurulsun. İran nəhəng dövlətdir. Azərbaycanın da maraqlarına cavab verər ki, İran sivil ölkə olsun, bizimlə dinc və dostluq şəraitində yaşasın. Düzü, İranda bu gün baş verənlər bir az da bizim maraqlarımıza uyğun gəlir. Bizim də arzumuzdur ki, oradakı azərbaycanlıların hüquqları təmin edilsin, otuz milyonluq azərbaycanlının da yüz minlik ermənilər kimi ana dilində məktəbi açılsın". Müğənni Akif İslamzadə deyib ki, İranda xalq ayağa qalxıb, azadlıq istəyir: "Bu əslində, gözlənirdi, geci-tezi vardı. Mən özüm 1993-cü ildə İranda olanda camaatın, xüsusən də qadınların gözündə narazılıq oxuyurdum. Bugünsə xalq öz müqəddəratını həll etmək üçün küçələrə çıxıb. Bu, rejimə qarşı mübarizədir. Bu, molla rejiminin sonunun başlanğıcıdır. Məncə, bu məqamda xarici ölkələr düz eləyib seyrçi mövqe tuturlar. Amma beynəlxalq təşkilatlar susmamalıdırlar. Yəqin ki, bu hadisələrdən sonra Azərbaycan və İran cəmiyyəti arasında müqayisələr də aparılacaq. Yaddan çıxarmayaq ki, İran xalqı həmişə oturuşmuş dövlətdə yaşayıb. Azərbaycan isə 200 il müstəmləkə altında olub. Buna görə də müstəmləkə altında olan millətin psixologiyası da fərqlidir: Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı vurğulayıb ki, İranda baş verənlərlə maraqlanmamaq olmaz: "Mən şəxsən bu ölkədə baş verənlərdən çox narahatam. Çünki həmişə bu cür qarşıdurmalar pis qurtarır və üstəlik də belə hadisələrdən sonra adətən İrandakı azərbaycanlılar daha çox əziyyət çəkirlər, incidilirlər. Hakimiyyət adətən baş verənləri etnik separatizm kimi yozmağa çalışır. Bu baxımdan Təbrizin ehtiyatlı davranışını başa düşürəm. Yəqin ki, hadisələrə etnik don geydirilməməsi, ümummilli hərəkat olduğunu göstərmək üçün təbrizlilər diqqətli olmağa çalışırlar. İranda indi seçkiləri udduğu və uduzduğu deyilən tərəflər arasında siyasi mübarizə gedir. Bu mürəkkəb cəmiyyətdir. Əslindəsə təkcə mövcud hakimiyyətlə müxalifət arasında yox, İrandakı ikiyə haçalanmış cəmiyyət arasında mübarizə gedir. Bütün bunların Amerikaya və ya Avropaya dəxli yoxdur. Məsələn, mən keçmiş prezidentlərdən birinin fikrini bəyəndim. İndiki məqamda bu məsələlərə qarışmaq lazım deyil. Fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi bildirib ki, bu etiraz nümayişi onun üçün bir məsələni ortaya çıxarıb: "Bütün hicab repressiyalarına baxmayaraq, İranda yetərincə gənc qız siyasi fəallıq göstərdi. Bu gözlənilməzdi. Sonra bir məsələ aydın oldu, demokratik dünya İran kimi repressiv rejim qarşısında acizdir deməzdim, amma dişsiz görünür. Bəzi məqamlara da toxunmaq istərdim. Musəvi azərbaycanlı kimi bizdə rəğbət hissi doğurur. Amma o da İran elitasının təmsilçisidir, o da ümmətçidir, nəinki millətçi. Aydındır ki, bu halda onun islahatçılığı da demokratiyanın tələblərinə tam uyğun deyil, bir az başqa tip islahatçılıqdır. Ancaq bu hadisələr göstərdi ki, İranda etirazçıların elita arasında da dəstəyi var. Məsələn, keçmiş prezidentlər, namizədlər Musəvinin yanında durdular. Bununla belə, mən inanmıram ki, bu hadisələr uğurla bitəcək. Əslinə baxsan, Musəviyə hörmətim ona görə artır ki, irəlicədən uduzulmuş oyunu hələ ki, qəhrəmancasına oynayır. İş bundadır ki, bu qədər polisi, ordusu olan İran rejiminə qalib gəlmək mümkün görünmür. Əslində bu çox kədərli haldır. Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev deyib ki, bir azərbaycanlı kimi, bir qonşu dövlət kimi İrandakı hadisələrin Azərbaycana da təsiri var: "İndiki mitinqlərin iştirakçıları özlərini qorumaqdan ötrü Azərbaycan sərhədini keçməyə çalışa bilərlər. Belə bir şey ötən əsrin 40-50-ci illərində olub. Məncə, bu seçki məsələsi deyil. Yığılıb qalmış problemlər artıq üzə çıxıb, bütün ölkə ayağa qalxıb. Məncə, bunun sonu repressiya ilə bitəcək. İndiki rejim bir-iki həftə gözləyib, nəzarətin əldən getdiyini görəndə repressiya aparatını işə salacaq". Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar