SON XƏBƏRLƏR

İran adlanan yerdə teokratik rejim daxilində qruplararası mübarizə gedir

2021.10.20, 07:36
İran adlanan yerdə teokratik rejim daxilində qruplararası mübarizə gedir

Gunaz.tv
Xamneyi Rəfsəncanin ali dini rəhbərliyə yolunu kəsməyə çalışır İranda 1979-cu ildə baş vermiş inqilab öz bəhrəsini yeməkdədir. Daha doğrusu, düz otuz il əvvəl pəhləvi fars rejimi devrilməsi nəticəsində ortaya çıxan fars- molla rejiminin İranda yaşayan bütün millətlərin, vətəndaşların narahatçılığına səbəb olan, bir sosial-siyasi təbəqə ("beşinci kolonna") kimi nə qədər təhlükə olduğu üzə çıxıb. Nüvə silahı əldə etmək, "islam inqilabı ixrac etmək" fonunda bu rejim dünya və qonşu ölkələr üçün nə qədər təhlükəlidirsə, 12 iyun seçkilərindən sonra baş verənlər isə bu rejimin ölkə əhalisi üçün bir o qədər hədə doğurduğunu üzə çıxardı. Son 30 il göstərdi ki, qonşularla (İran-İraq müharibəsi və s.) və digər dövlətlərlə (1980-ci ildə Tehranda ABŞ səfirliyinin dağıdılması və s.) daim münaqişəli vəziyyət yaradan, daxildə isə siyasi rəqiblərə qarşı kütləvi qətliamlar törədən fars-teokratik rejimi əhalinini təhdid altında saxlamaq üçün "xarici təhlükə" amilindən yararlanmağa çalışıb. Məsələn, ABŞ prezidenti Corc Buşun (ümumiyyətlə, respublikaçıların) nüvə proqramına görə, İrana təzyiq göstərməsi BMT TŞ-nin sanksiyalarından yayınaraq qonşu ölkələrə gizli neft satan fars-teokratik rejiminin korrupsiyaya, rüşvətxorluğa qurşanmasına, əhalinin isə "xarici təhlükə" hədəsi altında daim təqib olunmasına, diqqətinin ölkənin əsas problemlərindən (siyasi, iqtisadi, insan hüquqları və s.) yayınmasına gətirib çıxarıb. Elə prezident seçkisi kampaniyası zamanı namizədlərin bir-birinə qarşı korrupsiya ittihamı irəli sürməsi fars-teokratik rejimin mahiyyətini ortaya çıxaran ən bariz nümunədir. Yeri gəlmişkən, onu da deyək ki, korrupsiyada adı ən çox hallananlardan biri keçmiş prezident, ali dini rəhbər olmağa ən iddialı şəxs, Həzarət Şurasının sədri Haşimi Rəfsəncani və onun oğlanlarıdır. Hərdən bir sıra xarici və yerli ekspertlər Haşimi Rəfsəncanini "islahatçı" kimi qələmə verməyə çalışırlar. Xatırladım ki, 1980-ci ildə İran inqilabının 72 nəfər rəhbərinin terror aksiyası zamanı həəlak olmasında Haşimi Rəfsəncani və parlamentin keçmiş sədri Hatiq Hurinin əli olması xəbəri bir zamanlar geniş yayılmışdı. Bu iki şəxs terror aksiyasından cəmi 5 dəqiqə əvvəl toplantı keçirilən zalı tərk etmişdilər. Bir türk düşməni və "islam inqilabı ixracı" ideyasının yaradıcılarından olan Haşimi Rəfsəncani həmin şəxsdir ki, düz 30 il əvvəl deyirdi ki, "özünü bomba dolu bir avtomobillə ABŞ və ya hər hər hansı Qərb ölkəsinin tansmilli şirkətinin binasına çırpan şəxs cənnətə gedəcək". Bəri başdan onu da deyim ki, son olayların şiddətlənməsinin bir səbəbi də ali dini rəhbər olmaq niyyətinə düşən Haşimi Rəfsəncaniylə ali dini rəhbər Əli Xamneyi arasındakı sırf şəxsi ziddiyyətlərdir. İran əhalisinin demokratiya və insan haqları uğrunda mübarizəsi, küçələrdə tökülən qanlar Haşimi Rəfsəncaninin işinə yarayır. Məşhur bir məsəl də deyildiyi kimi, "inqilabdan fırıldaqçılar yararlanır". Məhz fars, molla, ülamə qiyaməli fırıldaqçılar ucbatından 1979-cu ildə diktator Pəhləvi rejimini devirən İran əhalisi (türkü, farsı, ərəbi, loru, türkməni və s.) az keçməmiş necə bir bəlayla üzləşdiyinin fərqinə vardı. Məhz "fərqə varmanın" nəticəsidir ki, 30 ildir ki, İranı 5 milyon insan (söhbət işçi miqrantların miqrasiyasından deyil, azad ruhlu insanların xarici ölkələrə qaçmasından gedir) tərk edib. Bunu fars-teokratik rejiminin öz əhalisinə qarşı deportasiyası kimi də qiymətləndirmək mümkündür. Həm siyasi-iqtisadi deportasiya, həm də 30 il ərzində zaman-zaman müxtəlif bəhanələrlə həyata keçirilən repressiyalar (xüsusilə Azərbaycan türklərinə, türkmənlərə, bəluclara qarşı tətbiq olunan qətliamlar) İranda bir ümidsizlik yaradıb. Prezidentliyə namizəd Mirhüseyn Musəvi tərəfdarlarının ali dini rəhbər Seyid Əli Xamneyinin, "Sepahi-Pasdaran"ın hədə dolu xəbərdarlıqlarına baxmayaraq, dirənmələri, tökülən qanlar göstərir ki, əhali 30 ildə birinci dəfə yaranan fürsətdən yararlanmağa çalışır. Bir də belə bir fürsət nə vaxt yaranacaq, Allah bilir. 12 iyun prezident seçkilərindən əvvəl Birləşmiş Ştatların yeni prezidenti Barak Obamanın İranla dialoq çağırışında bulunması, Əhmədinejada "dəfnə yarpağı" uzatması fars-teokratik rejiminin "xarici təhlükə" şər-şəbədəsini aradan çıxardı. Ən azı prezident seçkilərində Mahmud Əhmədinejad nüvə proqramından danışarkən bu "faktordan" yararlana bilmədi. Ola bilsin ki, İranın fars-teokratik rejimi qan tökməklə, kütləvi repressiyalara əl atmaqla xalqın müqavimətini zəiflətsin, yaxud da indi bir-birinə qarşı kifayət qədər kəskin mövqedə dayanan qüvvələr (mühafizəkar, islahatçı) rejimi xilas etmək üçün razılığa gəlsinlər. Şəxsən, mən inanmıram ki, indiki rejimin qurucuları sayılan Haşimi Rəfsəncani, Mirhüseyn Musəvi, Mehdi Kərrubi və başqaları həqiqətən də İranda demokratik bir sistemin qurulmasına çalışsınlar. Əgər haqqında danışdığım "razılaşma" əldə olunsa, İranda siyasi sistemin dəyişməsini istəyən qüvvələrin növbəti dəfə dirçəlməsi üçün xeyli vaxt keçəcək. Son 20 ildə qeyri-demokratik rejimlərin (SSRİ kimi) dağılması təcrübəsi göstərib ki, hər hansı demokratikləşmə şüarı proseslərin milli müstəviyə keçməsinə gətirib çıxarır. Bu prosesdə xarici qüvvələrin rolu xüsusi vurğulanmalıdır. Amma tarixi təcrübə (məşrutiyyə inqilabı, Xiyabani hərəkatı, Pişəvəri hərəkatı, baş nazir Müsəddiqin devrilməsi, ayətullah Şəriətmədarinin ev dustaqlığına gedən proseslər və s.) göstərir ki, fars şovinizmi ötən əsrlərdə faktiki bir federal dövlət olan İranda (XX əsr boyu) mərkəzdənqaçmanı önləmək üçün xarici qüvvələrlə çox sürətlə anlaşır, bundan isə Azərbaycan türklərini qətliamlara məruz qoymaq üçün həyasızcasına, qəddarcasına faydalanır. Buna görə də kifayət qədər ehtiyatlı olmaq soydaşlarımızı soyqırıma məruz qoymamaq lazımdır. Unutmaq olmaz ki, hələlik dünya birliyi (ABŞ, Avropa) hind-ari təəssübkeşliyindən irəli gələrək İranda milli mübarizəni, xüsusən Azərbaycan türklərinin milli azadlıq mübarizəsini qəbul etmək istəmir, göz ardına qoyur. Amma əgər Qərb İranın demokratikləşməsini həqiqətən də arzulasa, onda bu ölkədəki milli mübarizələri tanımaq, ən azı mənəvi dəstək verməyə ehtiyac olduğunu dərk edəcək. Hələlik biz İranda nəhəng korrupsiyaya qurşanmış fars-teokratik rejiminin qrup maraqları uğrunda mübarizəsini görürük. Eyni zamanda bu mübarizənin həqiqətən də demokratik müstəviyə keçməsini arzulayırıq. Təbriz Quzeyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar