İranı dəyişmək istəyən türk...
2021.10.20, 07:36
Tehran hakimiyyəti buna dözə bilmədi Sədrəddin SOLTAN Deyəsən, İrandakı mövcud hakimiyyət müvəqqəti də olsa istədiyini ölkə ictimaiyyətinə qəbul etdirə bilir. İslam Respublikasının parlamenti Mahmud Əhmədinijatın prezident kimi andiçmə mərasiminin vaxtını da elan edib – iyulun 26-dan avqustun 19-dək. Məclis bu qərarını deputatların iyulun 4-dən 26-dək məzuniyyətdə olacaqları ilə əsaslandırıb. 2005-ci ildə o, avqustun 5-də and içmişdi. Bu mərasimdən öncə M.Əhmədinijat bildirmişdi ki, onun ölkəsi, İsrail istisna olmaqla, bütün dövlətlərlə yaxşı münasibət saxlamaq niyyətindədir. Dünən seçkini keçirən əsas qurum, Nəzarət Şurası bəyan edib ki, bu siyasi kampaniya zamanı elə bir ciddi qanun pozuntusu aşkarlamayıb: “Bu baxımdan, keçmiş namizədlərin iddiası rədd edilir”. Qurumun mətbuat katibi Əli Kədxudai bildirib ki, şikayətlərin çoxu seçki gününə deyil, daha çox bu siyasi kampaniya dövrünə aiddir: “Xoşbəxtlikdən biz prezident seçksi günü ilə bağlı iri miqyaslı qanun pozuntusu aşkarlamadıq. Bu səbəbdən də seçkinin nəticələrinin ləğv edilməsinə heç bir əsas yoxdur”. Şuranın məlumatına əsasən, ölkənin 50 şəhərində seçki bülleteninin sayı səsvermə hüququ olanların sayından artıq olub. Onların qənaətincə, bu da 3 milyon “əlavə bülleten”dir. Onu da yada salaq ki, rəsmi məlumata görə, 46,2 milyon seçicinin 85 faizi səsvermədə iştirak edib, onların 24,5 milyonu Mahmud Əhmədinijata, 13,2 milyonu isə Mirhüseyn Musəviyə səs verib. Beləliklə, İran İslam Respubliksında 10-cu dəfə prezident seçkisi keçirildi. Əslində ölkə Ana Yasasına görə, bu postu tutan şəxs hökumətə başçılıq edir. Başqa bir yandan isə Əsas Qanuna görə, hakimiyyət iyerarxiyasında prezident ali rəhbərdən sonra dövlətin ikinci adamı sayılır. Bundan başqa, parlament kimi hökumət başçısının qəbul etdiyi qanun və qərarlar ali rəhbərin – indiki halda ayətulla Xamneyinin - başçılıq etdiyi rəhbərlik tərəfindən təsdişlənmədən huquqi qüvvəyə minə bilməz. Odur ki, bu, İran hakimiyyətinin demokratiya oyunundan savayı bir nəsnə deyil. Eləcə də nə prezident, nə də parlament indiki səlahiyyətləri ilə islahat aparmaq imkanında deyil. Bunun üçün ilk növbədə ali rəhbərlik institutunun səlahiyyətləri azalmalıdır. İyunun 12-də keçirilmiş prezident seçkisindən sonra hökumət başçısının bu istiqamətdə fəaliyyət göstərəcəyi də məntiqi görünmür. Rəhbərliklə parlament və prezidentin eyni xətdən olması əsas şərtlərdəndir. Prezidentliyə 400-dən çox namizəddən yalnız 4-nün təsdiqlənməsi də bunun təzahürüdür. Elə bu səbəbdən də seçkiqabağı kampaniya zamanı namizədlərin çıxışlarında mövcud qanun və çərçivədən çıxma halları müşahidə edilmədi. Hətta fars olmayan etnik qrupların dili ilə bağlı vədlər də bu çərçivənin daxilində idi. Tehran hakimiyyəti bu seçkidə fars olmayanların milli heysiyyatından çox ustalıqla faydalana bildi. İddiaçılar Azərbaycan türkü Mirhüseyn Musəvi və lor Mehdi Kərrubinin topladığı səslərdə bu amilin rolu böyük olub. 2005-ci il prezident seçkisində Güney Azərbaycan türkləri, özəlliklə Ərdəbil, Təbriz və başqa şəhərlərdə seçicilər arasında fəallıq bu ilkindən çox aşağı olmuşdu. Xatırladaq ki, 2005-ci ilin prezident seçkisində də Xatəminin kabinetində nazir vəzifəsi daşımış Möhsün Mehrəlizadə də iddiaçı kimi çıxış edirdi. Rəsmi məlumatlara görə, Möhsün Mehrəlizadə Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan əyalətlərində 700 min səs qazanmışdı. Qərbi Azərbaycanda 163091, Ərdəbildə 111 458, Şərqi Azərbaycanda isə 378604 səslə 7 namizəd arasında birinci olmuşdu. M.Mehrəlizadənin Gəney Azərbaycan əyalətlərində gözlənilməyən belə bir uğur qazanmasını yerli müşahidəçilər Azərbaycan türklərinin Tehran rejiminə etirazı kimi dəyərləndirirdilər. Onların fikrincə, türklər iqtisadiyyata, islahata deyil, milli məsələyə səs verdilər. Həmin ilki siyasi kampaniya zamanı Əhmədinijat belə Azərbaycandan çoxlu səs qazan bilməmişdi. Azərbaycanlı namizəd Möhsün Mehrəlizadə ona səs vermiş Azərbaycan türklərinə müraciət edərək, demişdi: "Qeyrətli Azərbaycan türkləri və İrandakı əziz dildaşlarım, Səhənd və Savalanın ətəyində Şəhriyarın “Heydər babaya salam”ında deyildiyi kimi, müqəddəs qadın və kişilər, Ərəsbaran (Qaradağ mahalını nəzərdə tutur - S.) meşələrində Babək qalasına sirli tamaşa edənlər, Araz çayının sahilində Sarayın (o tayda məşhur xalq mahnısındakı "Sara" belə adlanır) nəcibliyi və Xan Çobanın sevgisindən ilham alıb yaşayanlar. Mən bir iranlı müsəlman təki belə bir millətin və cəmiyyətin övladı olmağımla fəxr edirəm. Azadlıq uğrunda irticaya qarşı mübarizə aparıb, İrana azadlıq və tərəqqi gətirən bir millətin oğlu olduğum üçün qürur duyuram...” Prezident seçkisində uğurlu nəticə göstərə bilmədiyinə toxunan Möhsün Mehrəlizadə bildirmişdi: “Sizə bu kampaniyada qulluqçu ola bilməməyimə baxmayaraq, bu seçkilərin önəmli nəticəsi və ismarıcı var idi”. Bunun ardınca prezidentliyə keçmiş namizəd Azərbaycan türklərinin ona səs verməsindən və güneyli soydaşlarımızın çətinliklərindən danışaraq, demişdi: "Ölkənin türkdilliləri, özəlliklə Ərdəbil, Qərbi Azərbaycan, Şərqi Azərbaycandakı seçicilərin mənə mütləq səs verməsi Azərbaycan türklərinin haqlı və milli tələblərini ortaya çıxartdı. Ona görə seçkidə iştirak etdim ki, mən ümumiran, o cümlədən Azərbaycanın problemləri ilə yaxından tanışam. Azərbaycanın hərtərəfli inkiaşf etməsi üçün bütün sahələr üzrə potensiala malik olmasına baxmayaraq, azərbaycanlılar ikiqat məhrumiyyətlərlə üz-üzədir. Azad düşüncəli İran vətəndaşı iqtisadi, siyasi və mədəni sahələrdə sıxıntıların olmasını özünə rəva görməz. Bu sahələr üzrə düzgün proqramın olmaması ucbatından Azərbaycanın gənci, qocası, qadını öz dədə-baba yurdlarını tərk edərək, bu torpaqlardakı sərvətlərdən əl çəkərək, böyük şəhərlərin işıqforları altında maşın şüşələri təmizləyir, yaxud əldə qəzetlər satır... Ümid edirəm ki, iyunun 17-də (2005-ci ildə seçki bu tarixdə keçirilmişdi - S.S. ) mənimlə qeyrətli Azərbaycan türkü arasında bir əhd-peyman bağlandı. Bundan sonra birgə fəaliyyət göstərərək, üzləşdiyimiz məhrumiyyət və yoxsulluğu aradan götürəcəyik. Biz azərbaycanlılar və bütün türkdillilər tarix boyu İranda öndə gedən millət olmuşuq. İrandakı inkişaf və əldə olunmuş nailiyyətlər Azərbaycanın milli və mədəni zəngin ənənələrinin nəticəsidir. Sonda bir daha qeyrətli azərbaycanlılara, xüsusilə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan, Qəzvindəki dildaşlarıma və bütün mədəni, siyasi, qrup və qurumlara təşəkkürümü bildirirəm. Ümid edirəm ki, onların mənə göstərdiyi sevginin qarşılığında borcumu yerinə yetirməyimin zamanı gələcək”. Seçki öncəsi bununla bağlı baş vermiş olaylara diqqəti çəkmək istərdik. Azərbaycan türklərinin prezident seçksinə laqeyd münasibətini aradan qaldırmaq üçün Tehran hakimiyyətinin təbliğat maşını özünməxsus şəkildə işə düşdü. 2006-cı ildə “İran” qəzetində türklərin təhqir olunmasından dərs alan İslam Respublikası bu dəfə də həmin üsuldan yararlandı. İranın keçmiş prezidenti Məhəmməd Xatəmi “islahatçı” adlanan xəttin üzvləri ilə birlikdə türklərə, özəlliklə ərdəbillilərə həqarət ediblər. Onlar Allahın elçisi həzərəti Məhəmmədin türklər haqda söylədiyi xoş sözlərə və “Türk islamın qılıncı, İslam türkün tacıdır” deyimini lağa qoyublar. Bu yığıncağın görüntüləri də saytlarda yayılıb. Etirazçılar M.Xatəmiyə qarşı cinayət işinin qalıdırılmasını tələb ediblər. Xatırladaq ki, 2006-cı il mayında İran hakimiyyətinin “İran” adlı qəzet Azərbaycan türklərini təhqir edən material dərc etmişdi. Azərbaycanlılar buna qarşı etiraz aksiyası keçirmişdilər. Rəsmi Tehran isə suçlunu cəzalandarmaqdansa, etirazçılara atəş açmışdı. Nəticədə 20-dən çox aksiya iştirakçısı qətlə yetirilmiş, yüzlərlə etirazçı yaralanmış, minlərlə insan həbs olunmuşdu. Məlum hadisəyə etiraz edənlər arasında tutulanlar da oldu. Əlirza Fərşi Yekanlı, Vahdi Ağacani, Səhər Fəthi, Halə Fəthi, Səccad Qarabağı, Fərdin Muradpur, Mürtəza Muradpur, Behzad Sadiqian,Əsgər Çəməni, Bayram Xalqzadə, Əli İslami, Əli Bədəli, Rəsul Bədəli, Qulam Bədəli, Əli İmani, Əsgər Qədimi, Cahanbaxış Bəxtavər, Nadir Bəxtavər, Hamid İman, Həsən Zarei, Aydın Zakiri, Mənsur Seyfi və Fərdin Nobəxti də tutulanlar sırasında idi. Bu xəbərlərin ardınca Xatəmi juranlistlər qarşısındakı çıxışı zamanı azərbaycanlıları lağa qoymasını təkzib etdi. O, yayılmış videoyazının qurama olduğunu söyləyərək, bildirmişdi: “Bu, rəqiblərimizin çirkin oyunu və Mirhüseyn Musəviyə qarşı fitnədir. Mən ölkədə hamıdan çox azərbaycanlıllara həssaslıqla yanaşır və onlara hörmət edirəm. Azərbaycan yalnız coğrafi məfhum deyil, o, bu yurdun tarixi deməkdir. İslam və İran tarixi Azərbaycana borcludur. Bu yurdun əhalisi bütün sahələrdə, cümələdən elmə, idarəetmə və ölkənin müdafiəsində igid və qəhrəman insanlardır. Zərrəcə insafı olan şəxs ölkəmizin bu bölgəsi qarşısında baş əyməyə bilərmi? Bizim xalq ayıqdır və insanların öz taleyinə hakim olmasını istəməyənlərin bu çirkin fitnələrinin cavabını yalnız prezident seçksində, sandıq başında verəcək”. Sonuncu prezident seçkilərində isə Xatəminin dəstəklədiyi Mirhüseyn Musəvi Təbrizdə Təxti adına stadionda seçicilər qarşısında Azərbaycan türkcəsində çıxış etdi. Həmədan səfərində isə iddiaçı hava və su kimi azadılığın da xalqa lazım olduğunu vurğulayıb: “Biz ölkənin iqtisadi problemlərini həll etmək üçün qabaqcıl iqtisadi modellərə üstünlük verməliyik. Vətəndaşlara pul paylamaqla bu problemi həll etmək olmaz. Ölkə problemlərimizin həllində aciz qaldığımız halda, dünyanı idarə etməkdən danışırıq”. Musəvi Ərdəbildə də o ana dilində danışıb, Şəhriyarın “Heydər babaya salam” poemasından bir bənd deyib. O, azərbaycanlı və türk olduğu üçün “iftixar hissi” duyuduğunu bildirib. Əhmədinijatın xarici siyasət kursunu kəskin tənqid edib: “İfratçı xarici siyasətdən əl çəkməliyik. Belə siyasətin nəticəsində bir yandan Holokostu “əfsanə” adlandırır, o biri yandan isə İsrail xalqının “dostumuz” olduğunu söyləyirik. Bir tərəfdən ABŞ-ın “tezliklə çökəcəyini” deyir, o biri tərəfdən isə onlara cavabsız məktublar yollayırıq. AFR kansleri, Roma papası, və ABŞ prezidentinə 3 məktub göndərilib. Bu məktubların cavabsız qalması şəxsi məsələ deyil, onun xalqa da aidiyyatı var. Çünki onun heysiyyatına xələl dəyir”. Çıxışın sonunda isə Musəvi “Yaşasın İran! Yaşasın Azərbaycan!” şüarlarını söyləyib. Xatırladaq ki, Musəvi sonuncu dəfə 1989-cu ildə, baş nazirliyinin sonunda Təbrizə gələrək, ana dilində çıxış etmişdi. Əslində o, bununla Şeyx Məhəmməd Xiyabaninin “İrana demokratiya, Azərbaycana muxtariyyat!”, yaxud S.C.Pişəvərinin oxşar tezisini dolayısı ilə, bilərəkdən və ya bilməyərəkdən təkrarlamış oldu. Xatəmiyə qarşı etiraz aksiyaları zamanı “Haray, haray, mən türkəm!”, “Türk dilində məktəb!” kimi şüarlar da deyilib. Azərbaycanlıların Musəviyə qarşı qaldırıldığı bir məqamda Əhmədinijat ölkənin Ali elmi və mədəni şurasının rəhbərliyi ilə görüş keçirərək, yerli dillərdə dil və ədəbiyyat dərslərinin keçirilməsi barədə qərar qəbul etdi. Qurumun məsulu Məhəmmədrza Müxbirin dediyinə görə, Azərbaycan tükcəsi, kürd, bəluc və türkmənlərin yaşadığı bölgələrdəki ali təhsil ocaqlarında həmin etnik qrupların dilləri və ədəbiyyatı tədris olunacaq, dərslərə giriş sərbəstdir. Parisdən İranla bağlı mütəxəssis Azadə Keyhan “Azadlıq” radiosuna müsahibəsində baş verənləri belə dəyərləndirmişdi: “Məktəblərdə dərslərin hamısı fars dilində keçirilir. Etnik qruplar ana dilində təhsil almaq istəyir. Onların mədəni inkişaf və başqa tələbələri də var. Onlar farsların başqa millətlərdən üsütünlüyü barədə şüarlara qarşı çıxır və bütün etnik qrupların hüquqlarının bərabər olmasını istəyirlər. Bu tələblərin hamısı qanunidir”. Hakimiyyətin əsas namizədləri Əhmədinijat və Musəvinin Azərbaycan türkcəsinə sevgisini bildirdiyi günlərdə isə Güney Azərbaycanın bir sıra şəhərlərin milli-mədəni haqları tələb edənlər həbs olundu. İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkakpurun dediyinə görə, Marağada bir neçə şəxs həbs edilib. Onların arasında məktəb müəllimi Məcid Pəjuhifam da var. Uzun müddət ailə üzvlərinin taleyindən narahat olduqları, Təbriz Universitetinin professoru Əlirza Fərşinin də saxlanıldığı bardə məlumat yayılıb. Hətta bəsicilərin gülləsinə tuş gələnlər arasında azərbaycanlıların da olduğu barədə çeşdili xəbərlə yayılıb. Amma onların adları heç bir siyahıda çəkliməyib. Onu da qeyd etmək lazımdır ki, bu seçkidə Mirhüseyn Musəvi 1998-ci ildə Məhəmməd Xatəminin prezident seçkisi qabağı dediklərindən artıq heç nə deməyib. Hətta Xatəmi də başqa etnik qrupların “milli-mədəni haqlarının təmin olunacağını” vəd edirdi. Musəviyə qarşı hakimiyyət həm də türk olduğu üçün mübarizə aparırdı. Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını istəyənlərin fəallığı müşahidə olunmasa belə, İranın dəyişməsi, Qərblə dialoq, iqtisadi islahatlar, demokratik dəyərlərin oturuşması, söz və mətbuat azadlığı və s. gerçəkləşməsi uğurunda mübarizənin önündə yenə Azərbaycan türkü, Mirhüseyn Musəvi gedir. Bu fəaliyyəti ilə İrana işləsə də şovinist düşüncəlilər onu qısqanmaqdadırlar. Seçki öncəsi panfarsçı informasiya vasitələri Musəvini tənqid edərək, ironiya ilə bildirirdilər: “Biz hələ onun türk olmasından söhbət açmırıq”. Sekidə Musəvinin “topladığı” 13,2 milyon səslə Tehran hakimiyyəti İrandakı Azərbaycan türklərinin sayını da saxtalaşdırır. İslam Respublikası əhalisinin az qala 60 faizə yaxınını gənclər təşkil edir. Bu isə o deməkdir ki, 46 milyon seçicinin də yarısından çoxu gəncdir. Habelə ölkə əhalsinin yarısı da türklərdən ibarətdir. Deməli, həm seçicilərin, həm də gənclərin yarısı türklərdir. Yeniliyə meyilli də onlar sayılır. Beləliklə, Musəvinin azından 22 milyon səs alması ehtimalı böyük idi. Sadəcə olaraq, Tehran hakimiyyətini idarə edən şovinist siyasət türkün, M.Musəvinin islahatlara başçılıq etməsinə dözə bilmədi…