SON XƏBƏRLƏR

İran adlanan yer qana bələnir

2021.10.20, 07:36
İran adlanan yer qana bələnir

Gunaz.tv
"Diktatora ölüm!", "Rejimə yox!" şüarları göstərir ki, bu, molla rejimindən bezmiş insanların etirazıdır" İyunun 20-də axşam islahatçı namizəd Mirhüseyn Musəvinin polisin və dini liderin hədələrinə baxmayaraq, küçələrə çıxan minlərlə tərəfdarıyla təhlükəsizlik qüvvələri arasında qanlı qarşıdurma başlayıb. Tehranın mərkəzi küçələrində saatlarla davam edən toqquşmalar zamanı dinc nümayişçilərə qarşı silah tətbiq edilib. Qeyd edək ki, bundan əvvəl dini lider ayətullah Əli Xamneyi müxalifət tərəfdarlarına qarşı sərt addımlar atılacağı haqda xəbərdarlıq etmişdi. Polis də əvvəlcədən bəyanlayıb ki, müxalifət tərəfdarlarının icazəsiz nümayişinin qarşısı qətiyyətlə alınacaq. Bu xəbərdarlıqlar fonunda əvvəlcə İran televiziyaları Mirhüseyn Musəvinin və prezidentliyə digər islahatçı namizəd Mehdi Kərrubinin qərargahının aksiyanı təxirə saldığı haqda xəbər yayıb. Ramiz Mikayıloğlu Amma axşama doğru müxalifət tərəfdarları başda Mirhüseyn Musəvi olmaqla, yenidən Tehran küçələrinə çıxıb və onları əvvəlcədən şəhərin mərkəzi meydanlarını mühasirəyə almış polis qüvvələri, habelə yarıhərbi könüllülər birliyi "Bəsic"in silahlı üzvləri qarşılayıblar. Polis Tehranın mərkəzi Azadlıq və İnqilab meydanlarına daxil olmağa çalışan müxalifət tərəfdarlarına qarşı gözyaşardıcı qaz, suvuranlar və digər xüsusi vasitələr tətbiq edib. Meydana daxil ola bilməyən müxalifətçilər polisə şəhərin mərkəzi küçələrində müqavimət göstəriblər. Bu zaman onlara qarşı silah işlədilib. Hümayişçilərin böyük hissəsi Daxili İşlər Nazirliyinin binasına doğru yönəlib. Burada Mirhüseyn Musəvi nümayişçilər qarşısında danışıb. Polis əvvəlcə nümayişçiləri dağıtmaq üçün havaya atəş açıb. Nümayişçilərə qarşı rezin güllələrdən istifadə olunub. "Bəsic"lər isə havaya yox, birbaşa nümayişçilərə atəş açıblar və iyunun 15-də baş verən ilk toqquşmalarda olduğu kimi çoxlu sayda insanı öldürüblər. Şənbə günü İranın Rəşt, İsfahan, Şiraz və Təbriz şəhərlərində də nümayişlər olub. Tehranda isə qırğın qaranlıq düşəndən sonra başlayıb. Küçələrdə çoxlu sayda avtomobillər və motosikletlər yandırılıb. Şahidlər təcili yardım maşınlarının yaralılara yardım etmədiyini də xəbər veriblər. Yaralananlara Böyük Britaniya, İspaniya, Portuqaliya, Norveç, Almaniya, İtaliya, Fransa və Avstriya səfirlikləri ilkin təcili yardım göstəriblər. Tehranın mərkəzi küçələri üzərində vertolyotlar dövrə vurub və onlar nümayişçilərin üzərinə naməlum tərkibli kimyəvi maddə səpiblər. Polislər qocalara, qadınlara və uşaqlara məhəl qoymayaraq qarşılarına çıxan hər kəsi amansızlıqla döyüblər, "Bəsic"lər isə nümayişçilərin üzərinə motosikletlərini sürərək onları vurublar. "YouTube" saytında "Bəsic"lərdən birinin güllələdiyi gənc qadının necə öldüyünü göstərən dəhşətli kadrlar yerləşdirilib. CNN telekanalının İran həkimlərindən aldığı məlumata görə, dünən səhər xəstəxanalara 20-dən çox meyit gətirilib. Lakin digər mənbələr ölənlərin sayının daha çox olduğunu bildirir. Məlumatlara görə, iyunun 15-dəki toqquşmalardan bu yana öldürülən müxalifət tərəfdarlarının sayı 150 nəfəri keçib. Rəsmi qaynaqlar ölənlər və yaralananlar haqda məlumat vermir. İranlı bloqqerlər toqquşmalar zamanı küçələrdə qan içində yatan onlarla yaralının fotolarını da internetdə yerləşdirməyə imkan tapıblar. Toqquşmalar bütün gecə davam edib və yalnız səhərə yaxın sakitləşib. Müxalifət lideri Mirhüseyn Musəvi də öz tərəfdarlarına mesajını bloqunda çatdırmağa çalışıb. Prezidentliyə namizəd bildirir ki, İranda yeni, ədalətli prezident seçkiləri keçirilməlidir. Mirhüseyn Musəviyə görə, bu seçkilər islam konstitusiyasına Nəzarət Şurası tərəfindən deyil, müstəqil şura tərəfindən idarə edilməlidir. Çünki Nəzarət Şurası indiki hakimiyyəti tam dəstəkləyir. Mirhüseyn Musəvinin sözlərinə görə, İranda seçkilərin saxtalaşdırılması bütün dünyanı inandıra bilər ki, İslamla demokratiya bir araya sığmır. İrandakı idarəetmə sistemini tənqid atəşinə tutan Mirhüseyn Musəvi daha sonra iranlı bloqqerlərə müraciət ünvanlayıb: "Bu gün siz KİV-in funksiyasını üzərinizə götürmüsünüz. Sizin vəzifəniz xalqı məlumatlandırmaq və dəstəkləməkdir. Mən bu mübarizədə sonadək getməyə və şəhid olmağa hazıram". İndiyədək baş verənlərə yumşaq reaksiya verən ABŞ prezidenti Barak Obama dünən gecə saatlarında xüsusi bəyanat yayaraq İran hakimiyyətinin nümayişçilərə qarşı güc tətbiqini pisləyib. Barak Obama deyib ki, İran hakimiyyəti öz xalqına qarşı zorakı addımlara son qoymalıdır: "İran hakimiyyəti başa düşməlidir ki, indi bütün dünya onun hərəkətlərini izləyir. Biz həyatına son qoyulan hər bir günahsız insana görə hüzn keçiririk. İran hakimiyyəti öz xalqına qarşı bütün zorakı və ədalətsiz hərəkətlərə dərhal son verməlidir. İnsanların dinc və sərbəst toplaşmaq hüquqları təmin olunmalıdır. ABŞ bu hüquqlarından istifadə etmək istəyən hər kəsin tərəfindədir. İran hakimiyyəti bilməlidir ki, əgər beynəlxalq ictimaiyyətin ona hörmətlə yanaşmasını istəyirsə, o zaman onlar əvvəlcə öz xalqına hörmətlə yanaşmalı, onu zorakılıq prinsiplərilə deyil, ədalətlə idarə etməlidir". Barak Obama şənbə günü Ağ Evdə öz müşavirlərilə xüsusi toplantı keçirərək İrandakı vəziyyəti müzakirəyə çıxarıb. Fransa, Böyük Britaniya, Almaniya liderləri də İranda baş verənlərə görə hakimiyyəti kəskin pisləyən bəyanatlar yayıblar. Avropanın bir çox şəhərlərində isə iranlı mühacirlər müxalifətə dəstək olaraq aksiyalar keçiriblər. İran hakimiyyəti hesab edir ki, etiraz hərəkatının arxasında İsrail və ABŞ dayanır. Lakin bu ittihamlar artıq nə İranın özündə, nə də beynəlxalq ictimaiyyətdə ciddi qəbul olunmur. Çünki hakimiyyətdən illərdir ki, yığılmaqda olan narazılıq bu seçkilərdə üzə çıxıb. İsraildən isə etiraz hərəkatına informasiya texnologiyaları vasitəsilə dəstək verirlər. Bildirilir ki, iranlı bloqqerlərə hakimiyyətin internetə tətbiq etdiyi senzuranı keçməkdə İsraildən olan kompüter texnologiyaları mütəxəssisi kömək edib. İranda başlayan hərəkatın əsas silahlarından biri də "Twitter" proqramıdır. Bütün senzura və qadağalara baxmayaraq, iranlılar bu proqramdan yararlanaraq mobil telefonlarla öz aralarında informasiya mübadiləsi aparır, aksiyalara toplaşmaq üçün müzakirələr aparır və səfərbər olurlar. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Zəfər Quliyev deyir ki, İslam inqilabından ötən 30 il ərzində ilk dəfə qaynar və kütləvi hərəkat baş verir, ciddi qarşıdurma müşahidə olunur. Müqayisə olunsa, hətta seçkidən sonrakı ilk günlərdə faktiki "narıncı inqilab" elementləri də vardı. Çünki "narıncı inqilab"larda olduğu kimi insanların narazılığı seçkilərin nəticələriylə bağlı idi. Seçkinin saxtalaşdırılmış nəticələrinə etiraz olaraq bir çox şəhərlərdə, ilk növbədə Tehranda kütləvi aksiyalar keçirilib. Faktiki bu mitinqlərlə bütün İran cəmiyyətində seçki mövzusu aktuallaşıb. Ən əsası da odur ki, seçkidən sonra İran hakimiyyətinin özündə mövqelər haçalanıb. Bir sıra tanınmış siyasi, dini xadimlər cəmiyyətin tələbini, etirazını dəstəkləyiblər. Dini lider ayətulla Xamneyinin başçılığıyla digər qism isə Mahmud Əhmədinejadı prezident elan edib. Amma proseslərin sonrakı gedişi göstərib ki, İrandakı etiraz dalğası səngimək əvəzinə daha da güclənir. Ona görə də islahatçı namizəd Mirhüseyn Musəvi geri çəkilmir və xalqa da sona qədər mübarizə aparacağını bəyanlayıb. İranın ən nüfuzlu şəxslərindən sayılan Həzarət Şurasının sədri Haşimi Rəfsəncani, o cümlədən Laricani, Hatiq Huri də dolayısıyla Mirhüseyn Musəvini dəstəkləyiblər. Onlar dini lider Xamneyiyə də müraciət edərək çalışıblar ki, bu çətin və ziddiyyətli vəziyyətdən çıxış yolu tapılsın. Amma ötən şənbə və bazar günü baş vermiş hadisələr göstərir ki, qarşıdurma güclənir və çox təhlükəli bir fazaya keçməkdədir. Artıq kütləvi şəkildə qan tökülür, etiraz edən silahsız insanlara qarşı polis qüvvələri, dini liderə sabiq "bəsci"lər silah işlədiblər. Dünən də bütün gecə Tehran şəhərində atışmalar olub. Polisə silahlı müqavimət göstərən qüvvələr də meydana çıxıb. Bu da onu göstərir ki, dinc etiraz dalğası başqa bir istiqamətə yönəlir: "Hakimiyyətin sərt addımları ona gətirib çıxarıb ki, İranda vətəndaş qarşıdurması, silahlı qarşıdurma vəziyyəti yarana bilər. Artıq insanların seçkinin nəticələrinə qarşı olan etirazı daha geniş formada molla rejiminə qarşı yönəlir. Son mitinqlərdə səslənən "diktatora ölüm!", "Rejimə yox!" şüarları da göstərir ki, bu, molla rejimindən bezmiş insanların etirazıdır. Hətta indiki etirazlar yatırıla bilsə, artıq rejimin xalq arasında geniş dəstəyi olmayacaq. Hər an rejimə qarşı yaranmış etiraz hissləri özünü yenidən biruzə verə bilər. Bundan sonra da İranda ciddi proseslər gözləmək olar". Bəs bu proseslər Güney Azərbaycan Milli Hərəkatına nə dərəcədə təsir göstərə bilər? Zəfər Quliyev bunun hadisələrin gedişindən asılı olduğunu söyləyir. Onun sözlərinə görə, hiss olunur ki, Cənubi Azərbaycanda fəal siyasi qüvvələr daha çox gözləmə mövqeyindədir, özlərini qabağa vermirlər. Bəzi hallarda Tehranda gedən mübarizəyə həmrəyliklərini bildirirlər, ancaq özləri təşəbbüslə çıxış etməyə tələsmirlər: "Bəlkə də bu, düzgün mövqedir. Çünki tarix boyu görmüşük ki, İran rejiminin ən qəddar sərt represiyaları həmişə Cənubi Azərbaycana yönəlir. Ona görə də milli qüvvələrin ehtiyatla hərəkət etmələri başa düşüləndir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar