SON XƏBƏRLƏR

«Azadlıq» Iranda baş verənlərlə bağlı bəyanat yayıb

2021.10.20, 07:36
«Azadlıq» Iranda baş verənlərlə bağlı bəyanat yayıb

Gunaz.tv
«Özünü Islam ölkəsi elan edən bir ölkədə günahsız yerə qan axıdılması yolverilməzdir» “Azadlıq” bloku prezident seçkisindən sonra Iranda baş verən qanlı olaylarla bağlı bəyanat yayıb. Bəyanatda Iranda səsləri və haqları uğrunda on minlərlə insanın apardığı dinc mübarizənin qanla boğulması pislənilir: “Artıq 10 gündür ki, Iran vətəndaşları hüquqlarının qorunması uğrunda dinc mübarizə aparırlar. Təəssüf ki, Iran hökuməti bu mübarizəni qanla boğmaq yolunu tutub. Xüsusilə son günlər silahlı hökumət qüvvələri daha da qəddarlıq edərək nümayişçilərə atəş açıb. Nəticədə qeyri-rəsmi məlumatlara görə 150, rəsmi məlumatlara görə isə, 10-dan çox insan həlak olub, yüzlərlə yaralanan və həbs olunan var. Bundan əvvəl də paytaxt Tehrandakı mitinqlərin birində silahlı hökumət qüvvələrinin açdığı atəş nəticəsində 8 nəfər dünyasını dəyişmişdi. Iranda, xüsusən də Tehranda vüsət alan etiraz hərəkatı və hökumət qüvvələrinin nümayişçilərə qarşı münasibəti bu ölkədə haqlı etirazların qanla boğulması siyasətinə üstünlük verildiyini göstərir. Biz Azərbaycanın yaxın qonşusu olan Iranda minlərlə dinc nümayişçilərə divan tutulmasından narahatıq və bu əməlləri pisləyirik”. Bəyanat müəllifləri bildirib ki, öz haqları uğrunda mübarizəyə qalxan dinc vətəndaşlara qarşı belə qəddarlıq insan haqlarına, bəşəri dəyərlərə və Islamın təməl prinsiplərinə ziddir. “Özünü Islam ölkəsi elan edən bir ölkədə günahsız yerə qan axıdılması yolverilməzdir. Biz Iran hökumətini dinc etirazları qanla boğmaq siyasətindən əl çəkməyə, demokratik dünyanı, o cümlədən Azərbaycanın demokratik ictimaiyyətini bu ölkədə baş verənlərə qarşı etiraz səslərini ucaltmağa çağırırıq”,- deyə bəyanatda vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar