SON XƏBƏRLƏR

Tehranda «Xamneyiyə ölüm!» şüarları səslənir

2021.10.20, 07:36
Tehranda «Xamneyiyə ölüm!» şüarları səslənir

Gunaz.tv
İrandakı aksiyalar islam rejiminə qarşı çevrildi Avropa Birliyi Tehrana xəbərdarlıq etdi İran hakimiyyətinin sərt xəbərdarlıqlarına baxmayaraq, İranda etiraz aksiyaları səngimir. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, seçki saxtakarlığına etiraz edən nümayişçilər dünən yenidən Tehranın mərkəzinə toplaşıb. Polis mitinqçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıb. İtaliyanın İrandakı səfirliyi isə gözlənilməz açıqlama ilə çıxış edib. Səfirlik yaralı nümayişçiləri qəbul etməyə hazır olduğunu bildirib. «Azadlıq» radiosunun xəbərinə görə, artıq aksiyalarda indiyədək İranda görünməmiş şüar eşidilir – «Xamneyiyə ölüm!» Musəvi: “Davam edin!” İran müxalifətinin lideri Mirhüseyn Musəvi dünən bəyanatla çıxış edərək tərəfdarlarını etiraz aksiyalarını davam etdirməyə çağırıb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Musəvi çağırışı İnternet saytında yerləşdirib. Prezidentliyə namizəd bildirib ki, etiraz aksiyaları “yalan və seçkilərdəki qanun pozuntularını” tənqid etmək üçün keçiriləcək. O, bunun bütün İran vətəndaşlarının hüququ olduğunu da vurğulayıb. Musəvi tərəfdarlarını hüquq-mühafizə orqanları ilə toqquşmalardan çəkinməyə də dəvət edib. Onun fikrincə, nümayişlər dinc xarakter daşısa, polis insanlara əl qaldırmayacaq. Qanlı şənbə günü 457 nəfər həbs olunub Bu arada məlum olub ki, iyunun 20-də Tehranda keçirilmiş etiraz aksiyası zamanı polislə qarşıdurmada iştirak etmiş 457 nəfər həbs olunub. APA-nın məlumatına görə, polis nümayişçilərin dağıdılması üçün su şırnaqlarından, gözyaşardıcı qazdan istifadə edib. Bəzi məlumatlara görə, həbs olunanlar arasında Musəvinin qızı da var. Musəvi şənbə günü baş verən iğtişaşlara görə hökumətin məsuliyyət daşıdığını deyib. BBC-nin müxbiri qovuldu, “Newsweek”in müxbiri həbs edib İran hökuməti BBC-nin müxbiri Con Leynedən 24 saat ərzində ölkədən çıxmasını tələb edib. APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, C.Leyne iğtişaşların təşkilində ittiham olunur. ABŞ-ın nüfuzlu “Newsweek” jurnalının əməkdaşı, Kanada vətəndaşı Maziyar Bahari isə həbs edilib. O, son 10 ildə İranda yaşayıb. “Newsweek”in redaksiyası jurnalistin həbsini qətiyyətlə pisləyərək, onun dərhal sərbəst buraxılmasını tələb edib. “Associated Press” agentliyinin məlumatına əsasən iyunun 14-dən bəri İranda azı 23 yerli jurnalist və bloger həbs olunub. Avropa Birliyindən Tehrana xəbərdarlıq Avropa Birliyinin bəzi iri dövlətlərinin İrandakı rejimi dəyişmək istəməsiylə bağlı ittihamları əsassız və qəbuledilməzdir. Avropa Birliyinin dünən yaydığı bəyanatda belə deyilir («Azadlıq» radiosu). Bəyanatda qeyd olunur ki, Avropa Birliyinin 27 üzvünün hamısı İranın suverenliyinə hörmət edir. Ancaq İrandakı dinc nümayişçilərə qarşı aşırı gücdən istifadə edilməsindən də narahatlıq keçirir. Avropa Birliyi İran hakimiyyətini vətəndaşlarının dinc toplaşmaq azadlığına hörmət eləməyə, kütləvi həbslərdən, zor tətbiqindən, media azadlığı və jurnalist fəaliyyətini məhdudlaşdırmaqdan çəkinməyə çağırıb. Avropa Birliyinin iki ölkəsi - Çexiya və Almaniya Tehran rejiminin açıqlamalarına diqqət etməsiylə bağlı İranın öz ölkələrindəki səfirlərinə xəbərdarlıq edib. Böyük Britaniyanın xarici işlər naziri Devid Millibend də İrandakı qarışıqlığın xarici dövlətlər tərəfindən qızışdırıldığına dair ittihamları rədd edib. O, həmkarı Mənuçöhr Mottakinin seçkilərin nəticələrinə dair daxili mübahisələri digər dövlətlərlə qarşıdurmaya çevirmək cəhdinin əsassız olduğunu vurğulayıb. Xatırladaq ki, Mottaki Böyük Britaniyanın son 2 il ərzində İrana qarşı qəsd hazırladığını bildirib. Onun sözlərinə görə, seçkilərdən əvvəl ölkəyə Britaniya kəşfiyyatı ilə əlaqəli olan xeyli adam gəlib. 3 günlük matəm çağırışı İranın tanınmış müxalif ruhanisi ayətullah Hüseynəli Müntəziri xalqa yazılı müraciət edərək son prezident seçkisinin nəticələrinə etiraz aksiyalarında həlak olanların xatirəsini anmaq, hökumətin dinc nümayişçilərə odlu silahdan atəş açmasına təpki göstərmək üçün 3 gün matəm etməyə çağırıb. “Mediaforum”un məlumatına görə, Müntəzirinin müraciətində deyilir: “Təəssüflər olsun ki, böyük xalqımız öz qanuni hüquqlarını müdafiə etmək üçün dinc yürüş keçirərkən zorakılıqlara məruz qalıb, döyülüb, qana bələnib. Mən hadisədə həlak olanların ailə üzvlərinə başsağlığı verib vətəndaşlarla həmrəy olduğumu bildirir, çərşənbə, cümə axşamı və cümə günlərini ümumi matəm günləri elan edirəm. Xalqa qarşı hər hansı zorakılıq göstərilməsini və ya xalqı qırmağı haram sayaraq bu hərəkətin islama tam zidd olduğunu bildirirəm”. Ayətullah Müntəziri İran islam inqilabının lideri Ayətullah Xomeyninin ilk canişini olub. Vaxtilə Xomeyniyə İran İslam Respublikasında həyata keçirilən edamlarla bağlı açıq məktub yazıb və edamları tənqid edib. Bu səbəbdən Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb və onun yerinə İranın indiki dini lideri Ayətullah Xamneyi gətirilib. Xatəmi: “Dinc aksiya keçirmək xalqın əsas hüquqlarından biridir” İranın keçmiş prezidenti Məhəmməd Xatəmi bəyanat yayaraq, qanuni hüquqları uğrunda dinc aksiya keçirən vətəndaşlara qarşı hərbi gücdən istifadə etməməyə çağırıb. “Mediaforum”un məlumatına görə, bəyanatda hökumətin müstəqil və dinc aksiyaları əcnəbilərə bağlaması pislənir: “Xalqın müstəqil və sağlam hərəkətinə qarşı təhrikçi, təhqiramiz təbliğat aparmaq, onların bu hərəkətini əcnəbilərə bağlamaq səhv siyasətdir. Bu siyasət xalqı hakimiyyətdən uzaqlaşdıracaq”. Bəyanatda deyilir: “Ötən şənbə günü vətəndaşların dinc aksiya keçirərkən hərbi zorakılıqlara məruz qalması, döyülərək təhqir edilməsi, aksiyaya qatılanların, eləcə də ölkənin siyasi və mədəni elitasının kütləvi şəkildə həbs edilməsi yeridilən səhv siyasətin nümunələrindən biridir. Bu hərəkətlər problemlərin artmasına gətirib çıxaracaq. Dinc aksiya keçirmək xalqın əsas hüquqlarından biridir”. Konstitusiyaya Nəzarət Şurasından şok etiraf Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudai iyunun 21-də İran Dövlət Televiziyasında çıxış edərək prezident seçkisindəki pozuntulardan danışıb. O, ölkənin 50 şəhərində qanun pozuntularına yol verildiyini, qutulara səsvermə hüququ olanların cəmindən əlavə bülleten salındığını deyib. “Mediaforum”un məlumatına görə, A.Kədxudai qutulara 3 milyondan çox qanunsuz bülleten atıldığını bildirsə də, bu saxtakarlığın seçkinin elan edilmiş nəticəsinə təsir göstərmədiyini vurğulayıb. Kərrubi tələbini yenilədi “Vaxt itirmədən seçkinin nəticələri ləğv olunsun və təkrar seçki keçirilsin”. 12 iyundakı president seçkilərində İran prezidentliynə namizəd olan Mehdi Kərrubi Mühafizlər Şurasına dünənki müraciətində belə deyib. Kərrubi bildirib ki, bir neçə səsi saymağa vaxt itirməkdənsə təkrar seçki keçirmək lazımdır. Öz internet saytı vasitəsilə tərəfdarlarına müraciət edən Kərrubi, həmçinin bu həftənin cümə axşamında seçkisonrası aksiyalarda həlak olanlara matəm günü kimi qeyd eləməyə də çağırıb. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar