SON XƏBƏRLƏR

ZƏRDÜŞT ƏLİZADƏ: “BU HƏRƏKATIN SONUNDA İRANDA YUMŞALMA və İSLAHATLAR OLACAQ”

2021.10.20, 07:36
ZƏRDÜŞT ƏLİZADƏ: “BU HƏRƏKATIN SONUNDA İRANDA YUMŞALMA və İSLAHATLAR OLACAQ”

Gunaz.tv
Zərdüşt Əlizadə “İrandakı proseslər bəlkə indiki mərhələdə xalq hərəkatının boğulması ilə nəticələnəcək, amma hakimiyyətdə olan rejimi də zəiflədəcək”. Politoloq Zərdüşt Əlizadə İranda baş verən olayları “Media forum”a şərh edərkən belə deyib. O bildirib ki, İran rejimi xaqla qarşı silahdan, zopadan istifadə etməklə əslində özünün gələcək faciələrinin əsasını qoyur: “Düzdür, hazırda mühafizəkar qüvvələr kifayət qədər təşkilatlanmış formadadır və xalqın etirazını yatırdırlar. Amma bununla paralel xalqın onlara inamı azalır, qəzəbi artır və bu da rejim üçün yaxşı nəticələnməyəcək. Bəlkə bu mərhələni keçərlər, amma dəyişikliklərə məcbur olacaqlar”. Z.Əlizadənin fikrincə, hazırkı hərəkatın qalib gəlməsi mümkün deyil: “Amma dəyişikliklər labüddür. Demokratiya qarşısıalınmaz prosesdir və bir gün İrana da, hətta Azərbaycana da gələcək”. Politoloq İranda baş verən hərəkatın demokratik səciyyə daşıdığını və bir sıra ciddi nəticələr ortaya qoyduğunu deyir: “Əvvəla, bu proses göstərdi ki, İran cəmiyyətində kifayət qədər demokratik potensial var. İkincisi, İran elitasında ciddi parçalanma var. Üçüncüsü, İranın inkişafı ilə bağlı müxtəlif fikirlər mövuddur. Hakimiyyət xalqın rəyi ilə hesablaşmadıqca, demokratiyaya qapıları qapatdıqca insanların qəzəbi daha da artır və bu, rejim üçün yaxşı nəticələnməyəcək”. Z.Əlizadə İrandakı hərəkatın arxasında Qərbin dayandığına dair iddiaların məntiqsiz olduğunu söyləyir: “Ölkəsində narazılıqlar olduğu zaman kənarda düşmən axtarışına çıxmaq da rejimin acizliyindən irəli gəlir. Nöqsanı, narazılığın səbəbini özlərində axtarsınlar”. Politoloq İranda yaşayan azərbaycanlıların bu prosesdə etnik zəmində deyil, sosial və dini zəmində iştirak etdiklərini vurğulayır: “Bu hərəkat daha çox sosial və dini problemlərə yönəlikdir. Azərbaycanlılar da İran xalqının tərkib hissəsi olaraq bu problemlərə etiraz edirlər. Bu proses demokratik potensialı artırır. Mən inanıram ki, bu hərəkatın sonunda İranda yumşalma və islahatlar olacaq. Buna məcbur olacaqlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar