SON XƏBƏRLƏR

Azərbaycan-İran sərhədini pozmağa cəhd edənlər...

2021.10.20, 07:36
Azərbaycan-İran sərhədini pozmağa cəhd edənlər...

Gunaz.tv
"Meşə qardaşları" silahlı qruplaşmasının üzvləri ilə yaxın əlaqədə olublar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri Azərbaycan-İran sərhədində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, iyunun 18-də, saat 22.45 radələrində Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki şəxsin Azərbaycandan İran istiqamətində dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməyə cəhd göstərməsinin qarşısının alınması zamanı sərhəd naryadına qarşı 2 əl qumbarası atılmaqla silahlı müqavimət göstərilib. Sərhəd naryadı tərəfindən təlimata uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucuları məhv edilib. Hadisə zamanı öz bədəni ilə qumbaranın üstünü örtməklə digər sərhədçi yoldaşlarını xilas edən, 2008-ci ilin oktyabrında Samux Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü İsgəndərov Elton Xaləddin oğlu həlak olub, iki sərhədçi zabit isə ağır yaralanıb. Zərərsizləşdirilmiş sərhəd pozucularının üzərindən Füzuli rayon sakini, 1981-ci il təvəllüdlü Məmmədov Ramin Ramiz oğluna və Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Həşimov Sadiq Vaqif oğluna məxsus Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi, 600 dollar, 800 min İran rialı və 1 ədəd kompas aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı onların tam əksəriyyətinin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmuş "Meşə qardaşları" kimi tanınan qanunsuz silahlı qruplaşmanın üzvləri olan Azər Misirxanov və "Əbdüləziz" ləqəbli Elşən adlı şəxslərlə yaxın əlaqədə olduqları müəyyənləşdirilib. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin dövlət sərhədindən qanunsuz olaraq keçmələrini təşkil edən Saatlı rayonunda anadan olmuş, hazırda Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan 1984-cü il təvəllüdlü Əliyev Zaur Zabit oğlu istintaqa cəlb edilməklə üzərindən 1 ədəd mobil telefon, 1 xəncər, 1 bıçaq və 1 kompas aşkar olunaraq götürülüb. Hadisə ilə bağlı dərhal Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Sərhəd pozucularının əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində Füzuli rayonu və Qaradağ rayonunun Sahil qəsəbəsinin müxtəlif ünvanlarında axtarışlar aparılıb, həmin ünvanlarda dini təbliğatla bağlı xeyli miqdarda dini ədəbiyyat, video və SD yazılar, fotoşəkillər aşkar edilərək götürülüb. Eyni zamanda, cinayətkar qrupun üzvləri ilə yaxın münasibətlərdə olan və sərhəd pozucusu Sadiq Həşimovun qardaşı Həşimov Natiq Vaqif oğlu istintaqa cəlb edilməklə, baxış zamanı üstündə narkotik vasitə aşkar edilib və şübhəli şəxs qismində saxlanılıb (APA). Faktla bağlı Cəlilabad Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və Əliyev Zaur Zabit oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayətin təşkilatçılarının, təhrikçilərinin və digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar