SON XƏBƏRLƏR

Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri başa çatıb

2021.10.20, 07:36
Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri başa çatıb

Gunaz.tv
Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri başa çatıb. İyunun 16-da 19-a kimi davam etmiş mədəniyyət günlərində ölkəni təmsil etmiş nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, gürcü tamaşaçıları və soydaşlarımız qarşısında Xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Dövlət Kamera Orkestri, Xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı, Dövlət Pantomima Teatrının Kollektivi, Xalq artisti Rauf Babayevin rəhbərliyi ilə “Qaya” ansamblı, Salman Qəmbərovun “Bakustik-caz” qrupu, Ənvər Sadıxovun ansamblı, solistlərdən vokal ifaçıları Samir Cəfərov, İnarə Babayeva, muğam ifaçıları İlkin Əhmədov, Vəfa Orucova, tarzən Rüfət Həsənov, kamança ifaçısı Toğrul Əsədullayev, aşıq Samirə Əliyeva çıxış edib. Konsertlərin rejissoru Əməkdar İncəsənət Xadimi, professor Əli Usubov olub. Tədbirlər “Tbilisi Kortiat” mehmanxanasında Gelati Elmlər Akademiyasının akademiki, professor Rövşən Mustafayevin “Mirzə Şəfi nəğmələri” kitabının təqdimat mərasimi ilə başlayıb. Tədbiri Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev açıb. Təqdimat mərasimində Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstanın Bakıdakı səfiri Nikoloz Natbiladze iştirak edib. İyunun 16-da Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında Bakıdan gəlmiş incənəsət ustalarının iştirakı ilə konsert olub. Konsert Eldar Mansurovun “Azərbaycan” xoreoqrafiya süitası ilə bağlanıb. İyunun 16-da Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi Gürcüstan Prezidenti Mixeil Saakaşvili də qəbul edib. İyunun 17-də isə Heydər Əliyevin Tbilisidəki büstü ziyarət edilib. Gürcüstan Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyində keçirilən görüşdən sonra nazirlər Əbülfəs Qarayev və Nika Rurua birgə brifinq keçirib. Ə.Qarayev nümayəndə heyəti adından qonaqpərvərliyə görə təşəkkür edib. Həmin gün nazir Tiflisdəki M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi, Tflisdə M.F.Axundov adına 73 nömrəli Azərbaycan məktəbində olub. Tiflisdəki “Karvansara” şəkil qalereyasında müasir Azərbaycan incəsənəti sərgisinin açılış mərasimində iştirak edib. Sərgidə 17 azərbaycanlı fotoqrafın əsərləri nümayiş etdirilib. Həmin gün Azərbaycan incəsənət ustaları Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərində, iyunun 18-də isə Bolonoso rayonunda geniş konsert proqramı ilə çıxış ediblər. İyunun 18-də Tiflisdəki K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrında Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi Z.Zeynalovun “Maska” tamaşasını tamaşaçılara təqdim edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar