SON XƏBƏRLƏR

XATƏMİ XALQIN TƏRƏFİNDƏN DANIŞDI

2021.10.20, 07:36
XATƏMİ XALQIN TƏRƏFİNDƏN DANIŞDI

Gunaz.tv
Tehranda etiraz aksiyalarının bərpa olunduğu bildirilir İranın keçmiş prezidenti Məhəmməd Xatəmi bəyanat yayaraq qanuni hüquqları uğrunda dinc aksiya keçirən vətəndaşlara qarşı hərbi gücdən istifadə etməməyə çağırıb. Son prezident seçkisinin rəsmi nəticələrinə görə, ikinci yeri tutmuş Mirhüseyn Musəvi tərəfdarlarının Tehranda iyunun 20-də düzənlədiyi aksiya dağıdılarkən ən azı 19 nəfər həlak olub, yüzlərlə adam yaralanıb və həbs edilib. Təsdiq edilməmiş məlumatlarda ölənlərin sayının 150-yə yaxın olduğu bildirilir. “Media forum” saytının məlumatına görə, bəyanatda hökumətin müstəqil və dinc aksiyaları əcnəbilərə bağlaması pislənir: “Xalqın müstəqil və sağlam hərəkətinə qarşı təhrikçi, təhqiramiz təbliğat aparmaq, onların bu hərəkətini əcnəbilərə bağlamaq səhv siyasətdir. Bu siyasət xalqı hakimiyyətdən uzaqlaşdıracaq”. Bəyanatda deyilir: “Ötən şənbə günü vətəndaşların dinc aksiya keçirərkən hərbi zorakılıqlara məruz qalması, döyülərək təhqir edilməsi, aksiyaya qatılanların, eləcə də ölkənin siyasi və mədəni elitasının kütləvi şəkildə həbs edilməsi yeridilən səhv siyasətin nümunələrindən biridir. Bu hərəkətlər problemlərin artmasına gətirib çıxaracaq. Dinc aksiya keçirmək xalqın əsas hüquqlarından biridir”. İyunun 19-da Tehran cümə namazında çıxış edən İranın dini rəhbəri ayətullah Əli Xamneyi 12 iyun seçkisinin nəticələrinə etiraz edənlərin xarici ünsürlərdən təsirləndiyini, Qərb ölkələrinin bu etirazların arxasında gizləndiyini demişdi: “Onlar seçki günündə bəzi namizədlərin etirazını görən kimi fikirləşdilər ki, məqsədlərini həyata keçirmək üçün yaxşı fürsət yaranıb. Güman etdilər ki, bura da Gürcüstan kimidir. Gürcüstanda 10 milyon dollar pul xərcləyib məxməri inqilab yaratdılar, bir hakimiyyəti aparıb, yerinə başqa bir hakimiyyət qoydular. Axmaqlar güman edirdilər ki, İran İslam Respublikasında da bunu etmək mümkündür”. Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudai isə iyunun 21-də İran dövlət televiziyasında çıxış edərək prezident seçkisindəki pozuntulardan danışıb. O, ölkənin 50 şəhərində qanun pozuntularına yol verildiyini, qutulara səsvermə hüququ olanların cəmindən əlavə bülleten salındığını deyib. “Media forum” saytının məlumatına görə, Abbasəli Kədxudai qutulara 3 milyondan çox qanunsuz bülleten atıldığını bildirsə də, bu saxtakarlığın seçkinin elan edilmiş nəticəsinə təsir göstərmədiyini vurğulayıb. Prezident seçkisinə namizəd kimi qatılmış İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı Möhsün Rzayi isə ən azı 170 şəhərdə ciddi qanun pozuntusuna yol verildiyini, bəzi yerlərdə qutulara səsvermə hüququ olanların 140 faizi qədər bülleten salındığını deyir. Bu arada Tehranda prezident seçkilərinin nəticələrinə etiraz aksiyaları bərpa olunub. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, İran paytaxtındakı meydanlardan birində müxalifətin tərəfdarları toplaşmağa başlayıb. Etiraz aksiyaları hakimiyyətin mitinq və yürüşləri qadağan etməsinə baxmayaraq bərpa olunub. Şahidlər bildirirlər ki, polis mitinqçiləri dağıtmağa cəhd edir. Qeyd edək ki, bundan əvvəl mitinqlərin dağıdılması üçün İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri tərəfindən dağıdılacağı bildirilirdi MUSAVAT.COM

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar