SON XƏBƏRLƏR

Qabil Hüseynli: “AKP hökuməti hər hansı manevr etsə, bu, Türkiyə siyasi həyatında fiaskoya çevrilə bilər”

2021.10.20, 07:36
Qabil Hüseynli: “AKP hökuməti hər hansı manevr etsə, bu, Türkiyə siyasi həyatında fiaskoya çevrilə bilər”

Gunaz.tv
ANKARA ABŞ-ın SƏRHƏD TƏZYİQLƏRİNƏ DÖZƏCƏKMİ? ABŞ Ermənistanla sərhədləri açması üçün Türkiyə iqtidarına təzyiqlərini gücləndirib. Bu, ABŞ-ın Ankaradakı səfiri Ceyms Ceffrinin srağagün verdiyi bəyanatdan da aydın görünür. Səfir deyib ki, Türkiyə Ermənistanla danışıqları davam etdirməli və sərhədlərini şərt qoymadan ilin sonunadək açmalıdır. Türkiyə mətbuatının yazdığına görə, diplomat deyib ki, Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan münasibətləri fərqli iki məsələdir. “Ona görə də bu məsələlərlə bağlı proseslər bir-birindən ayrı getməlidir. ABŞ-ın mövqeyi belədir. Biz Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində əldə etdiyi irəliləyişdən məmnunuq, ancaq yeni irəliləyişlər əldə edilməsini istəyirik. Türkiyə-Ermənistan münasibətlərində ilin sonunadək çözüm əldə ediləcəyini gözləyirik”. NTV telekanalına müsahibəsi zamanı Ceffri deyib ki, Türkiyə Ermənistanla danışıqlarda ön şərt qoymalı deyil. Onun sözlərinə görə, sərhədlərin açılması üçün də şərt irəli sürülməsi qəbul olunmur". Mövzu ilə bağlı söhbət etdiyimiz Müsavat Partiyası başqanının müavini, politoloq Qabil Hüseynli isə hesab edir ki, bu, ABŞ-ın Türkiyəyə açıq-aşkar təzyiqidir. Politoloqun fikrincə, Türkiyə hökuməti bu təzyiqlərin qarşısında duruş gətirməlidir: “Çünki AKP hökumətinin rəhbəri Azərbaycan və Türkiyə ictimaiyyətinin qarşısında, sonra isə öz ölkəsinin ictimaiyyəti qarşısında qəti söz verib, xarici işlər naziri və prezident də eyni fikirləri təkrarlayıb. Bütün bunlardan sonra əgər ABŞ-ın təzyiqləri qarşısında hökumət hər hansı manevr etsə, bu, Türkiyə siyasi həyatında fiaskoya çevrilə bilər. Ən azından siyasi bumeranq kimi bu siyasəti həyata keçirənlərin özünü vurar. Həm də ona görə ki, mən sərhədlərin açılmayacağı qərarının təkcə hökumət səviyyəsində qəbul edildiyi qənaətində deyiləm. Türkiyənin Təhlükəsizlik Şurası və ordu da bu məsələni müzakirə edərək, sərhədlərin açılmasının mümkünsüzlüyünü bəyan ediblər. Türkiyə ictimaiyyəti Ermənistanla sərhədlərin açılmasına qarşı çıxaraq hökumətin mövqeyinə ciddi təsir göstərib”. Q.Hüseynlinin fikrincə, Türkiyə sərhədləri açsaydı açardı. İndiyə kimi açmayıbsa, bu qədər vədlərdən sonra açası deyil: “Türkiyənin ABŞ-ın təzyiqləri qarşısında geri çəkilməsi də gözlənilmir. ABŞ 24 apreldə Türkiyənin arzusunu yerinə yetirmədi. Prezidentin ifadələri faktiki soyqırım demək idi. ABŞ Konqresinin başçısı açıq ifadə ilə ”böyük soyqırım" kəlməsini işlətdi. Ona görə də məncə, Türkiyəni ABŞ-ın qarşısında hər hansı güzəştə getməyə məcbur edə biləcək amillər də yoxdur". Etibar SEYİDAĞA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar