SON XƏBƏRLƏR

Borçalı eli kütləvi şəkildə köç edir

2021.10.20, 07:36
Borçalı eli kütləvi şəkildə köç edir

Gunaz.tv
Soydaşlarımızın dədə-baba kəndlərinin toponimləri dəyişdirilir, onların torpaqlardan istifadə hüquqları məhdudlaşdırılır. Borçalı mahalı Gürcüstanın cənub-şərq və Ermənistanın şimal-qərbində yerləşir. Mahalın ərazisi, əsasən, dağlıq, üçdə biri isə düzənlikdir. Borçalıda ən əski çağlardan Türk boyları yaşayıb, bu torpaqların yiyəsi olublar. Borçalı Güney Qafqazda ən qədim insan məskənlərindən biridir. Bu torpağın ilk sakinləri ulu babalarımız olub. Onların mübarək ismi bu mübarək torpağın adında yaşayır. "Borçalı" sözü bir çoxlarının ehtimal etdikləri kimi "Börüçala" , "Borçala", "Boşçala" kəlmələrindən yox, bu torpağın ilk sahibləri Barsillər-Boroçoğluları qarapapaq türklərin adından götürülüb. Bu o qarapapaqlardır ki, miladdan öncə bu torpaqlara həyat gətirmiş, tarixdə oğuz, qıpcaq, tərəkəmə, yöruq adlarıyla Doğu Anadolunun da ilk sahibləri olaraq tanınıblar. Sonralar orta yüzillərdə Malazgirt qəhrəmanı Alp Arslanın komandanlığı ilə bu yerlərə yürüş edən səlcuqlar özləri ilə eyni dildə danışan yerli xalqa - Borocoğlularıyla qaynayıb qarışsa da, torpaq əski sahiblərinin şərəfinə öz adını hələ ki, qoruyub saxlaya bilir. Borçalı Oğuz türklərinin çox qədimdən məskən saldığı bir bölgədir. Əsrlər boyu gürcülər və türklər bu gözəl diyarda mehriban qonşuluq, dostluq şəritində yaşayıblar. Müxtəlif ictimai quruluşlarda Borçalı yadelli işğalçıların, qəsbkar şahların ardı-arası kəsilməyən hücumlarına məruz qalıb. 90-cı illərin əvvəllərində Borçalı kəndlərinin adlarının dəyişdirilərək gürcüləşdirilməsini də tarixi hücumların davamı hesab etmək olar. Şevarnadze və Qamsaxurdia hakimiyyəti dövründə türk mənşəli tarixi toponimlərin kütləvi dəyişdirilməsi azərbaycanlıların bu bölgədə sıxışdırılmasına yönəldilmiş bir aksiya idi ki, bu aksiyanın nəticəsi özünü göstərməkdədir. Hazırda Borçalı azərbaycanlılarının kənd təsərrüfatının üstünlük təşkil etdiyi həmin bölgədə torpaq və bir çox problemlər mövcuddur. Gürcüstan hökumətinin hər dəfə qəbul etdiyi qanunlar azərbaycanlıları mərhələ-mərhələ öz mülkiyyətlərindəki torpaqlarından uzaqlaşdırır. İndi dədə-baba torpaqlarımızın böyük hissəsinin ilk icarədarları gürcülərdir. Bir sözlə, azərbaycanlılar üstündə gəzdikləri dədə-baba torpaqlarının sahibi deyillər. Bu səbəbdən də indi Borçalı eli kütləvi şəkildə köç edir. Bu isə soydaşlarımıza məxsus torpaqların birdəfəlik əldən çıxmasına gətirib çıxara bilər. Borçalıda dəyişdirilmiş kənd adları: Faxralı - Mamxuti Arıxlı - Naxuduri Hasən Xocalı - Xidiskuri Daşlı Qullar - Muxrana Qoçulu - Çapala Əsmələr - Mçkneti Cəfərli - Samtreti İmir Həsənli - Svanetii Mola Əhmədli - Xataveri Saraclı - Talavari Aşağı Qoşakilsə - Kvemo Artvani Yuxarı Qoşakilsə - Zemo Artvani Sarlılar - Zvoreti Mığırlı - Vanati İncəoğlu - Sua Bolnisi Aşağı Güləyer - Cipori Yuxarı Güləyer - Keta Dəmirli - Xaxlocvari Kibircik - Creşi Arakel - Cavcarçiani Babakişilər - Poçxveriani Bəytəkər - Bartakari Muğanlı (Bolnisi) - Farizi Kolagir - Tamarisi Abdalılar - Cavşantaş Qartikan - Saberiti Siskala - Brlaxauri Tapan - Disleli Catax - Xaissopeli Qaradaşlı - İcrita Kəpənəkçi - Kvemo Bolnisi Saatlı - Ququti Muğanlı (Dmanisi) - Meşviri Armudlu - Pantiani Su qalası - Kariani Qalaaltı - Xidiziri Tatuşağı - Perma Qeyd edək ki, son 100 ildə Gürcüstanda dəyişdirilmiş türk toponimlərin sayı yüzlərlədir. Biz yalnız son illər dəyişdirilmiş toponimlərin siyahısını təqdim etdik. Dəyişdirilmiş toponimlərin siyahısını “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli təqdim edib. Esmira Cavadova /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar