SON XƏBƏRLƏR

İran: inqilab olmayacaq?

2021.10.20, 07:36
İran: inqilab olmayacaq?

Gunaz.tv
"Bu prezident seçkiləri və ondan sonrakı hadisələrdə fəal iştirak etməməyimiz barədə deyilənlər dürüst deyil. Gerçək budur ki, milyonlarla azərbaycanlı İrandakı mövcud rejimin dəyişməsini, demokratik dəyər və azadlıqların olmasını, insan haqlarının təminatı, ən nəhayət, doğma dilimizə sayğı göstərilməsini tələb edir. Tehrandakı etiraz aksiyalarında da iştirak edirik, Təbrizdə də mitinqlər keçiririk". Güney Azərbaycan İstiqlal Partiyasının yaydığı bəyanatda bildirilir ki, iyunun 12-də İranda keçirilən və rəsmən hazırkı dövlət başçısı Mahmud Əhmədinejadın qələbəsi ilə başa çatan seçkilərin nəticələrini azərbaycanlıların da tam əksəriyyəti tanımır. Onlar şübhə etmirlər ki, səslərin sayılması zamanı saxtakarlıqlara yol verilib, Əhmədinejadın qələbəsi təmin olunub. Bu səbəbdən də İrandakı soydaşlarımız ölkənin sabiq baş naziri, seçkilərdə Əhmədinejadın ən ciddi rəqibi olmuş Mir Hüseyn Musəviyə verilən, amma oğurlanan səslərin "geri qaytarılmasını" tələb edirlər. Artıq üç gündür ki, Urmu, Təbriz, Marağa, Rəşt, Ərdəbil və Xoy şəhərlərində soydaşlarımızın genişmiqyaslı etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları "Əhmədinejad, oğurladığını qaytar!", "Haqqam, türkəm!", "Dilimizi və haqqımızı verin!" şüarları səslənib. Urmu şəhərindəkit aksiyanın polis və "Bəsic" könüllülər korpusunun mənsubları tərəfindən dağıdılması zamanı 2 soydaşımız həlak olub, onlarla azərbaycanlı yaralanıb. İranda etiraz aksiyaları başlanandan bəri həbs olunan, yaralanan və ya döyülən azərbaycanlıların sayı durmadan artır. Güney Azərbaycanı Dirçəliş Hərəkatının sədri Ruhulla Qənbərzadənin əməkdaşımıza verdiyi məlumata görə, iyunun 13-dən bəri Şərqi və Qərbi Azərbaycan ostanlarında fasiləsiz etiraz aksiyaları, yürüş və mitinqlər keçirilir. "Bu yürüşlərdə və etirazlarda yüzlərlə insan döyülüb, ilkin məlumatlara görə, 167 nəfər yaralanıb. Tək Təbrizdə 100 nəfərin yaralandığı deyilir. Əfsuslar olsun ki, belə xəbərləri dəqiqləşdirmək və yoxlamaq imkanlarına malik deyilik. Nə edəsən ki, dövlət qurumları bu barədə heç nə demirlər və əslində, deyən də deyillər. Ümid qalıb camaatın verdiyi məlumatlara", - R.Qənbərzadə söylədi. Tehran Universitetində tələbələr Mir Hüseyn Musəvini dəstəkləmək məqsədilə etiraz aksiyası keçirərək oraya hücum edən "Bəsic" mənsublarının yataqxana kompleksində törədiyi vəhşiliklər, sonra da 15 tələbənin yaralanması, 150 nəfərin də həbs olunması ilə başa çatan aksiya ilə bağlı ehtiraslar hələ də səngiməyib. Son məlumatlara görə, tələbələrdən 5 nəfəri aldıqları yaralardan dünyalarını dəyişiblər. Onlar Tehrandakı "Behişti Zəhra" qəbristanlığında gizli şəkildə dəfn olunub. Gənclərin hakimiyyət mənsubları tərəfindən belə dəfn edilmələri Tehrandakı narazılıq durumunu daha da ciddiləşdirib. İranın rəsmi strukturları isə yaşananları kütləvi xalq narazılığından öz maraqları üçün bəhrələnməyə çalışan müəyyən dövlətlərin ssenarisi ilə hərəkət edən "bir qrup adamın çirkin əməlləri" adlandırıb. "İyunun 12-də keçirilmiş prezident seçkilərində bəzi məntəqələrdə səslər doğru sayılmayıb. Bəli, bunu biz də istisna etmirik və məhz həmin səbəbdən də Konstitusiya Mühafizləri Şurası narazılıqlara daha çox səbəb olmuş məntəqələrdəki səslərin yenidən sayılmasına qərar verib. Belədirsə, küçələrə çıxmaq, iğtişaşlar törətmək, ələ keçəni yandırmaq nəyə gərəkdi?", - Tehran meriyasının yüksək çinli yetkililəri söylədilər. Onların sözlərinə görə, son üç gündə Tehranda planlaşdırılmış şəkildə törədilən iğtişaşlar, dövlət və özəl qurumlara hücumlar nəticəsində milyonlarla dollarlıq ziyan yaşanıb. Müşahidəçilər hesab edirlər ki, İrandakı situasiyanın inqilabla nəticələnəcəyini düşünməyə dəyməz. Seçkilərdə səs verən insanlar köhnəni qorumaq yox, nəyisə dəyişmək istəyirdilər. İslahatlar istəyənlərin fikirləri hətta xalqın mövqeyindən kəskin fərqlənsə bel, seçkilərin rəsmi nəticələrinə inansaq, həmin fərq belə çox ola bilməz. Əgər səs verənlərin sayı az və Mahmud Əhmədinejadın üstünlüyü bir o qədər çox olmasaydı - prezident seçkilərinin nəticələrinə inanmaq olardı. Amma Tehrandakı hakimiyyət aşkar şəkildə xalqı ələ saldı və totalitar hakimiyyətin dünya qarşısında legitimliyini təsdiqləməyə çalışdı. Mahmud Əhmədinejad marionetka olsa da, ipini dartanları sevir. Özü də o, çoxlarının düşündüyü təki İranın ali dini rəhbəri ayətulla Xamneyi və digər ayətullaların marionetkası deyil. İranda güc strukturlarının mövqeləri və hadisələrə təsir imkanları çox güclüdür. Son seçkiləri bu baxımdan "sakit çevriliş" də adlandırmaq olar. İndi İranda "Sepah" bayram edir. Milli azlıqlar, ilk növbədə azərbaycanlılar isə vətəndaş haqları və siyasi azadlıqlar uğrunda mübarizəni daha da intensivləşdirməlidir. Əks təqdirdə, onlar indi malik olduqlarını da itirə bilərlər. İranda bundan sonra baş verə biləcək hadisələri təxminləməyə çalışsaq, cənub qonşumuzun ərazisində hər hansı formada "narıncı inqilab" və ya kütləvi xalq etirazları nəticəsində mövcud hakimiyyətin dəyişdirilmə ehtimalını birmənalı şəkildə qeyri-real saya bilərik. Hazırda İranda baş verənlər "köhnə qvardiya"nın aqoniyasıdır. Mirhüseyn Musəvi də bu qvardiyanın tipik nümayəndəsi. İraqa qarşı vuruşmuş və ABŞ-ın Tehrandakı səfirliyini girov götürmüş gənclər indi qocalıblar və hakimiyyətdədir. Onlar öz xoşları ilə, könüllü olaraq hakimiyyəti tərk edən deyillər. Ayətulla Xamneyi və onun yaxın ətrafına isə belə vəziyyət sərfəlidir, çünki Mahmud Əhmdəinecadın hakimiyyəti dönəmində klerikal rejimə qarşı heç bir daxili, ciddi təhlükə yoxdur. İran prezidenti Mahmud Əhmədinejad da çox dar dairəli klerikalların maraqlarının təmsilçisidir. Bu dairə erroziyaya uğrayıb dağılandan sonra dövlət idarəetmə sisteminin islahatları başlayacaq, məhz onda dünyəvi hakimiyyətin xeyrinə balans dəyişəcək. Fəqət, yeni hakimiyyət klerikallarla müqayisədə daha az radikal olmaya bilər. Gözləntilərin tam əksinə izharı da istisna edilməməlidir. 2005-ci ildə Haşimi-Rəfsəncani, ötən həftə isə Musəvinin prezident seçkilərində məğlubiyyəti ilə "80-cilər dövrü" bitdi. Növbəti prezident seçkilərində artıq bambaşqa adamlar mübarizə aparacaq, indi liderləri isə xatırlayan az olacaq. Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar