SON XƏBƏRLƏR

NABUKKO-nun arxivə düşmək ehtimalı var

2021.10.20, 07:36
NABUKKO-nun arxivə düşmək ehtimalı var

Gunaz.tv
Vahid Əhmədov: "Konfrans, toplantı keçirməklə iş bitmir" NABUKKO layihəsinin reallaşması ətrafında çoxsaylı müzakirələrin getməsinə baxmayaraq, layihənin reallaşmaq ehtimalı getdikcə azalır. Bir sıra Avropa ölkələri layihənin reallaşdırılması ilə bağlı müəyyən cəhdlər göstərsə də ortada olan reallıq bu layihənin baş tutmasını mümkünsüz edir. NABUKKO-nun çəkilməsində əsas məqsəd alternativ enerji dəhlizini yaratmaqla yanaşı, həm də Avropa ölkələrinin Rusiyadan qaz asılılığına son qoymaq olsa layihə ilə bağlı Avropa ölkələri arasında fikir ayrılıqlarının qalması və kəmərin çəkilməsinə lazımi maliyyə dəstəyinin verilməməsi bu layihənin taleyini sual altında qoyub. NABUKKO-nun reallaşdırılmasını çətinləşdirən başqa bir məqam isə boru kəməri üçün qaz mənbəyinin tapılmamasıdır. Baxmayaraq ki, layihənin ilkin mərhələsində kəmərə Azərbaycan qazının vurulması, daha sonra isə kəmərin rentabelliyinin Türkmənistan və İran qazının hesabına artırılmasının mümkünlüyünə dair versiyalar var idi. Amma rəsmi Bakının qazı dünya qiymətlərinə satmaq niyyətini bəyan etməsi, eləcə də rəsmi Aşqabadın öz qazını Rusiyaya satmaq qərarı verməsi vəziyyəti dəyişdi. Qeyd edək ki, bütün ortaya çıxan problemlərə və maneələrə baxmayaraq, NABUKKO-nu reallaşdırmaq istəyən konsersium ölkələrinin bu ay saziş imzalayacağı bildirilsə də, sazişin imzalanması da artıq təxirə salındı. Onu da qeyd edək ki, ekspertlər NABUKKO ilə bağlı sazişin imzalanmasının təxirə salınmasını daha çox siyasi amillərlə əlaqələndirsə də, burada iqtisadi məsələlərin də həlledici rol oynadığı istisna edilmir. MM-in iqtisadi-siyasət daimi komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov isə deyir ki, NABUKKO layihəsi ilə bağlı ideya irəli sürüldüyü gündən bu layihənin özünü doğrultmaq imkanları olmayıb. Bunun səbəbini kəmərin çəkilməsinə lazımi siyasi və maliyyə dəstəyinin verilməməsi, elə də qaz mənbəyinin tapılmaması ilə izah edən millət vəkilinə görə qaz mənbəyinin tapılmaması kəmərə maliyyə ayrılmasını da çətinləşdirir. "Çünki qaz olmadan kəmər çəkməyin mənası yoxdur. Avropa ölkələri Türkmənistan və İran qazının bu kəmərlə nəqlini nəzərdə tutsalar da, nə Türkmənistan, nə də İranın belə bir razılığı yoxdur" deyən Vahid Əhmədova görə bir sıra ölkələrin layihə ilə bağlı əsas məsuliyyəti Azərbaycanın üzərinə qoymaq cəhdləri də mənasızdı. Azərbaycan bu layihədə tranzit ölkə kimi iştirak edə, eyni zamanda öz qazının bir hissəsini də verə bilər. Amma tək Azərbaycan qazı ilə boru kəmərini doldurmaq mümkün deyil axı? Bu gün qaz problemi ilə bağlı əziyyət çəkən Avropa ölkələridir. Ona görə də bu layihənin reallaşması məsələsində də bu ölkələr ciddi səylər göstərməlidirlər. Orda-burda konfrans, toplantı keçirməklə iş bitmir"- deyən millət vəkilinə görə bu gün azərbaycanın öz qazını satması ilə bağlı problemi yoxdur. Bakı-Ərzurum boru kəmərinin işlədiyini xatırladan millət vəkili hesab edir ki, Azərbaycan qazının bir hissəsi bu kəmər, bir hissəsi isə Rusiya üzərindən nəql oluna bilər. "Bu gün qaz problemi ilə üzləşən, Rusiyanın diqtəsi ilə üzləşən Avropa ölkələridir. Nə qədər ki, Avropa ölkələri bu vəziyyətdən çıxmaq üçün yığışıb ümumi qərar verə bilməyəcəklər Avropa yenə də ötənilki vəziyyətlə üzləşəcək". Bu baxımdan da millət vəkili NABUKKO ilə bağlı sazişin imzalanmasının təxirə salınmasını gözlənilən hal kimi dəyərləndirir. Onun fikrincə indiki vəziyyətdə NABUKKO-nun arxivə getmək ehtimalı daha çox olduğuna görə imzalanma mərasimi də təxirə salınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar