SON XƏBƏRLƏR

Qarabağı "sarı işıq"da kim və nə üçün saxlayır?

2021.10.20, 07:36
Qarabağı "sarı işıq"da kim və nə üçün saxlayır?

Gunaz.tv
Son müşahidələr Ermənistanın «lənətlənmiş dairə»yə düşdüyünü göstərir ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərləri, Ermənistan və Azərbaycan prezidentləri arasında görüşlər təşkil etməsi, Rusiyanın ayrı-ayrılıqda Qarabağ münaqişəsinin nizamlanmasına təkan vermək cəhdləri üzdən təqdirəlayiq addımlar kimi görünsə də, gerçəklik dəyişmir. Hər il Qarabağ probleminin çözümünün yaxınlaşdığını deyənlər və proqnozlaşdıranlar hər dəfə yanıldıqlarını əsaslandırmaq üçün müxtəlif, lakin eyni zamanda bir-birindən o qədər də çox fərqlənməyən arqumentləri axtarmağa çalışır. Əslində məsələdən az çox xəbərdar olanlar vəziyyətin nə yerdə olduğunu yaxşı bilirlər. Bilirlər ki, Qarabağ münaqişəsi sıradan gələn etnik münaqişə deyil. Burada fövqəl güclərinin maraqlarının toqquşduğu hamıya bəllidir. Bu səbəbdən nizamlanmanın sürətlənib-sürətlənməməsi məsələsi əsas etibarilə məhz onlardan asılıdır. Qarabağ problemi ətrafında cərəyan edən prosesləri primitiv şəkildə incələsək belə, görərik ki, münaqişənin hazırkı durumda qalması məhz Rusiyaya sərf edir. Moskva geostrateji oyunlarda mövqelərini qoruyub saxlamaq üçün lokal münaqişələrin «nə hərb, nə sülh» vəziyyətində qalmalarında maraqlıdır. Doğrudur, Cənubi Osetiya müharibəsi göstərdi ki, Kreml prinsiplərinə korrektələr edə də bilər. Lakin burada vəziyyət o həddə çatmışdı ki, artıq Moskva gücünü göstərmək “məcburiyyətində” qalmışdı. Əgər ruslar arxasında ABŞ kimi fövqəl dövlətin dayandığı kiçik respublikanı əzməsəydi, bu, Moskva üçün öncə Cənubi Qafqazın, sonra isə Şimali Qafqazın itirilməsi ilə nəticələnəcəkdi. Hər halda Kreml məhz bu məntiqlə hərəkət etmişdi. Ancaq Cənubi Osetiya, Gürcüstan-Rusiya münasibətləri ayrıca bir mövzu olduğundan qayıdaq Qarabağ məsələsinə. Bu məsələdə çətin ki, Moskva istədiyinə nail olmadığı halda, problemin çözümünə «yaşıl işıq» yandırsın. Moskvanın istəyi isə odur ki, Azərbaycan açıq qərbyönümlü siyasət yürütməsin, enerji məsələlərində Rusiyanın dediyi ilə oturub-dursun, hərbi-texniki əməkdaşlıq Tacikistan və Özbəkistanla olduğu səviyyəyə çatdırılsın, Dağlıq Qarabağda rus sülhməramlıları yerləşdirilsin və s. Hətta hipotetik olaraq bütün bu şərtlərin yerinə yetirilməsi təmin edilsə belə, Qarabağ münaqişəsi yenə tam olaraq həll edilməyəcək. Sadəcə mövcud «sülh» indiki səviyyədən bir qədər üstün səviyyəyə yüksələcək. Başqa sözlə desək, sülh danışıqları müsbət nəticələnsə, torpaqlar qaytarılsa belə, «de-fakto» vəziyyət SSRİ dönəmindəkindən daha betər olacaq. Yəni formal olaraq Azərbaycan tərkibində yer alan Dağlıq Qarabağda yenə əsl söz sahibi ermənilər olacaq, rus qoşunları isə bir qədər fərqli statusda sovet dönəmindəki dislokasiya yerlərinə qayıdacaq. Maraqlıdır ki, Azərbaycan, Ermənistan, Qərb dövlətləri və Türkiyə Qarabağ münaqişəsinin həllini istəyirlər. Doğrudur, hər kəs bu münaqişənin çözümünə öz prizmasından baxır. Yanaşma və prinsiplər fərqli olsa da, məqsəd birdir - münaqişənin belə vəziyyətdə qalması heç kimə sərf etmir. Bir sözlə, adıçəkilən ölkələrə münaqişənin mümkün qədər tez həlli lazımdır. Təkcə Rusiyaya bu, lazım deyil. Yalnız Moskva problemin «qarmaq»dan asılı vəziyyətdə qalmasını istəyir. Paradoksal səslənsə də, qeyd etmək lazımdır ki, vaxtilə münaqişənin alovlanmasında önəmli rol oynayan, ermənilərə hərbi əməliyyatlarda xüsusi yardım göstərən, Azərbaycan torpaqlarının işğal etməyə kömək göstərən Moskva indi münaqişənin çözümünü arzulayan həmin ermənilərə «barmaq» silkələyir. Faktiki olaraq qonşu Ermənistanın «lənətlənmiş dairə»yə düşdüyünü görürük. İrəvanın planlarının gerçəkləşməsində «tərəfdaşlıq» edən Kremlin hoqqaları nəticəsində indi ermənilər iqtisadi inkişafdan, regional layihələrdən kənar qalmaqla yanaşı vasitəçilərin aylıq səfərlərini gözləməli, beynəlxalq təşkilatların toplantılarında işğalçı sözünü eşitməli, münaqişədə əzilmiş tərəf olduqlarını sübut etməli və «nə hərb, nə sülh» vəziyyətinə dözmək məcburiyyətində qalmalıdır. İnandırıcı gəlmir ki, ermənilərə bütün bunlar lazımdır. Sadəcə onlar bu «lənətlənmiş dairə»dən çıxa bilmirlər və bir növ Moskvanın siyasətinin girovuna çevriliblər. Belə olan halda istər istəməz «nə etməli» sualı meydana çıxır. Politoloq Vəfa Quluzadənin yaxşı bir fikri var: «Geostrateji dəyişikliklər olmalıdır». Bəs bu «dəyişikliklər» nədən ibarətdir? Güman ki, politoloq dünya düzənindəki, habelə regionda mövcud qüvvələr balansının dəyişməsini, daha doğrusu, Rusiyanın mövqelərinin zəifləməsini, yaxud onun Avropa tipli demokratik dövlətə çevrilməsini nəzərdə tutur. Ancaq hazırkı proseslər bunun yaxın perspektivdə gerçəkləşməsinin çox çətin olduğunu göstərir. Hər halda Putin iqtidarı dövründə bu tendensiyaların vüsət almasına ümid azdır, daha dəqiq desək, heç yoxdur. İlham SULTANOV /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar