SON XƏBƏRLƏR

Molla rejimi Avropa ölkələrinə xəbərdarlıq edib ki, İranın daxili işlərinə qarışmasınlar

2021.10.20, 07:36
Molla rejimi Avropa ölkələrinə xəbərdarlıq edib ki, İranın daxili işlərinə qarışmasınlar

Gunaz.tv
Avropa Birliyinə üzv olan 6 ölkənin səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb. CNN Türk-ün məlumatına görə, səfirlərlə görüşdə İran XİN-i ölkədəki prezident seçkisinin nəticələri və seçkidən sonrakı müddətdə verilən şərhlərlə bağlı etirazını bildirib. Nazirlik səfirlərə təmsil etdikləri ölkələrin İranın daxili işlərinə qarışmamalarını tövsiyə edib (ANSPRESS). Qeyd edək ki, XİN-ə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya və Çexiyanın səfirləri çağırılıb. XİN bu ölkələrin rəsmilərinin şərhlərini İranın daxili işlərinə qarışmaq kimi qiymətləndirdiklərini və bunu qəbul etməyəcəklərini qeyd edib. Səfirlərin də İranın etirazını qısa müddətdə ölkələrinə çatdıracaqlarına dair söz verdikləri bildirilib. İranın köhnə-yeni prezidenti Mahmud Əhmədinejadın tərəfdarları iyunun 16-da Tehranda mitinq keçirib. Rəsmi dövlət televiziyasının İran xalqının birliyini göstərən aksiya kimi təqdim etdiyi mitinq günorta saat 3-də başlayıb. “Azadlıq” radiosunun məlumatına görə, saat 5-də eyni meydana prezident seçkisində M.Əhmədinejadın əsas rəqibi olan azərbaycanlı namizəd Mirhüseyn Musəvinin tərəfdarları mitinq keçirməliymiş. Amma günün əvvəlində M.Musəvi öz internet səhifəsində aksiyaya qatılmayacağını bildirib. "Media forum" saytının məlumatına görə, M.Musəvinin tərəfdarları öz aksiyalarını paytaxtın başqa istiqamətində keçiriblər. ABŞ prezidenti Barak Obama İranda müxalifətin keçirdiyi mitinqlərdən danışarkən deyib ki, iranlıların səsi eşidilməlidir. Eyni zamanda o bildirib ki, bu, müdaxilə kimi qiymətləndirilməməlidir. BBC-nin məlumatına görə, ABŞ-da bəzi müxalifət liderlərinin Əhmədinejadın yenidən prezident seçilməsini saxtakarlıq kimi qiymətləndirməsi haqda suala cavab olaraq B.Obama bildirib ki, Amerika-İran münasibətlərinin tarixçəsi ABŞ prezidentinin İrandakı seçkilərə müdaxilə edən kimi görünməsinin faydalı olmadığını sübuta yetirib. Eyni zamanda B.Obama əlavə edib ki, M.Əhmədinejadla onun əsas rəqibi Mirhüseyn Musəvinin yürütdüyü siyasi xətlər arasında yəqin ki, elə bir böyük fərq olmaz. Bu arada İranın Brüsseldəki səfiri də Belçika Xarici İşlər Nazirliyinə çağırılıb. CNN Türk-ün məlumatına görə, iranlı səfiri Belçika baş nazirinin köməkçisi və xarici işlər naziri Karel De Quxt qəbul edib. Görüşdə İranda keçirilən prezident seçkisinin nəticələri və mətbuat azadlığının pozulması ilə bağlı Belçikanın narahatlığı ifadə olunub (ANSPRESS). Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, İranda müşahidə edilən mətbuat azadlığı pozuntuları çərçivəsində bəzi belçikalı jurnalistlər də hədəfə alınıb. Keçən həftə sonu Tehranda Belçika televiziyalarından 3 jurnalist saxlanılıb və bir müddət sonra, "fotoşəkil və görüntü çəkməmək şərtiylə" sərbəst buraxılıblar. Jurnalistlər daha sonra yenidən saxlanılıblar, onların işlərinə maneə yaradılıb və texnikaları əllərindən alınıb. Karl De Quxt qeyd edib ki, "İranda jurnalistlərin öz vəzifələrini yerinə yetirmələri qeyri-mümkün hala gəlib". Nazir eyni zamanda seçkinin nəticələrinə etiraz edən müxalifət nümayəndələrinin müxtəlif zorakılığa məruz qalmasından narahat olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar