SON XƏBƏRLƏR

Natiq Miri: “ATƏT formatı Azərbaycana sırınan ikili standartın beşiyidir” (MÜSASİBƏ)

2021.10.20, 07:36
Natiq Miri: “ATƏT formatı Azərbaycana sırınan ikili standartın beşiyidir” (MÜSASİBƏ)

Gunaz.tv
Qarabağ probleminin həlli yenidən gedər-gəlməzə doğru sürüklənir. Bu, təkcə Ermənistanın və forpostu olduğu Rusiyanın barışmazlığı ilə deyil, həm də dünya birliyinin təmsilçiliyini öz üzərilərinə götürən ABŞ və Avropanın məsələyə ikili standartdan yanaşmaları üzündən baş verməkdədir. Cəzasızlıq mühitindən bəhrələnən erməni cığallığı bu ilin may ayının 7-də Praqa görüşməsini iflic etdi və bu proses Sankt Peterburqda da davam etdi. Regionun dağıdıcı faktoru olan Ermənistanın barışmaz mövqeyindən dolayı dünya güclərindən diplomatik səviyyədə olsa belə, qınaq səslənmədi. Əksinə, ABŞ-ın dovlət katibinin köməkçisi Qordon regiona səfərində problemin həlli ilə bağlı yenə ikili standartdan danışdı. Bütün bunların nəticəsi olaraq prosesin yenidən Azərbaycanın əleyhinə yön aldığı şübhəsi dolanmaqdadır. Bu şübhələrə aydınlıq gətirmək üçün əməkdaşımız Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə söhbət etdi: -Sizə elə gəlmir ki, proses yenidən gedər-gəlməzə doğru sürüklənir? -Bizə təklif olunan şərtlər nöqteyi nəzərindən belə demək olar. Çünki işğalçıdan daha çox işğala məruz qalandan güzəştə getməyi tələb edirlər. Dünya birliyi beynəlxalq hüququ çeynəyən işğal faktının nəticələrini aradan qaldırmaq əvəzinə, bizdən “xalqların öz müqəddəratını təyinetmə” prinsipi vasitəsilə separatçılara müstəqillik istəyirlər. Bu isə bizim dövlət maraqlarımıza ziddir və hakimiyyətin də buna gedəcəyinə inanmıram. Bu baxımdan bir pat vəziyyəti yaranıb. Bundan çıxış yolu isə partiyanı qatıb, yenidən başlamaqdır. -Partiyanı yenidən başlamaq şərtləri dəyişəcəkmi? -Azərbaycan artıq regionda və qlobal səviyyədə güclü partnyor kimi qəbul olunur. Artıq enerji məsələsi geosiyasətin tərkib hissəsi kimi hesab olunur və bu baxımdan Azərbaycan ABŞ və Avropa üçün xüsusi önəm daşıyır. ABŞ və Avropanın marağında olan Orta və Mərkəzi Asiyanın açarları da bu gün Azərbaycanda saxlanır. Bu baxımdan Güney Qafqaz və onun tərkib hissəsi olan Azərbaycan dünya güclərinin gələcək perspektivi baxımından dünyanın diqqət mərkəzindədir. Bundan başqa, Azərbaycanın getdikcə güclənməkdə olan Türkiyə kimi müttəfiqi vardır. Hesab edirik ki, belə bir vəziyyətdə Türkiyə-Azərbaycan tandeminin gücü ilə yeni şərtlər daxilində proses yaratmaq olar. Bizim üçün başlatılan prosesin iştirakçısı, yedəkçisi olmaqla istədiyimiz hədəfə nail ola bilmərik. Böyük bir ədalətsizlik mövcuddur. Xüsusilə də regionda mövcud olan iki münaqişəyə fərqli münasibətlər yönündə. Beynəlxalq hüququn adından bizə sırınan şərtlər bizim üçün məqbul deyil. Çünki orada bizim üçün elə oyun qaydaları cızılıb, elə tələlər qurulub ki, nəticədə kiməsə yem olmamaq şansımız çox azdır. -Söhbət hansı fərqlərdən gedir? -Bildiyiniz kimi, qonşu Gürcüstanın da torpaqları işğal olunub. Ancaq Azərbaycandan fərqli olaraq o münaqişənin həlli ilə BMT-nin nəzarəti altında Avropa Birliyi məşğul olur. Çox maraqlıdır ki, həm AB, həm də BMT bu münaqişənin həllini ərazi bütövlüyü çərçivəsindən kənarda görmürlər və qəbul etmirlər. Bunu münaqişə zonasında BMT missiyasının vaxtının uzadılması ilə bağlı Təhlükəsizlik Şurasında olan müzakirələr də təsdiq etdi. Təhlükəsizlik Şurasının üzvləri Gürcüstanın ərazi bütünlüyünü təhlükə altına alan hər hansı maddəni qəbul etməyəcəklərini bəyan etdikdən sonra Rusiya BMT missiyasının vaxtının uzadılması ilə bağlı qərara veto qoydu. Göründüyü kimi, xristian Gürcüstanı ilə bağlı dünya birliyi ərazi bütünlüyünün təmin olunması yönündə prinsipial mövqe nümayiş etdirir. Ancaq Azərbaycanla bağlı fərqli münasibət mövcuddur. Bizi heç bir təsir imkanı olmayan ATƏT-ə bağlayıblar, üstəlik də xalqların öz müqəddəratını təyinetmə adı altında ikili standart sırıyıblar. -Sizcə indi nə etmək lazımdır? -Azərbaycan ATƏT formatından imtina etməlidir. Bu hadisənin özü prosesə dinamika gətirəcək. Yəni bununla prosesi Türkiyə ilə birgə biz başlatmalıyıq. Sonrakı mərhələdə hansı format olur-olsun yalnız BMT-nin nəzarəti altında, ona hesabatlı olaraq fəaliyyət föstərməlidir. Gürcüstana tətbiq olunan beynəlxalq hüququn imkan verdiyi ərazi bütünlüyü prinsipinin qeyd-şərtsiz Qarabağ probleminə də tətbiq olunmasını tələb etməliyik. Bu ərəfədə BMT-nin Təhlükəsizlik Şurasına rotasiya qaydası olaraq Türkiyə başçılıq edəcək. Bu fürsətdən yararlanmaqla Türkiyənin iştirakı ilə yeni və dinamik formatın təşkilinə getmək olar. Həmin formatda dünya gücü olaraq Avropa Birliyinin təmsilçiliyi adı altında hər hansı üzv dövləin iştirakından (Fransa kimi) imtina olunmalıdır. AB prosesdə 27 üzvünün maraqlarını ifadə edən bir bütün olaraq iştirak etməlidir. Bu, Ermənistana və Rusiyaya əlavə ciddi təsir imkanları deməkdir. Bu cür addımlarla Ermənistanın manevr imkanları məhdudlaşdırılmalıdır. Əks təqdirdə, xristian dünyasının ortaya atdığı xalqların öz müqəddərratını təyinetmə prinsipi durduqca məsələnin həlli də qiyamətə qalacaq. -Bir müddət öncə ordumuzda baş verən hadisələrlin xüsusi şəbəkələr tərəfindən yönəldildiyini və süni olaraq ajiotaj yaradıldığını demişdiniz. Fəal ictimaiyyətin hərbi hissələrdə apardığı araşdırmalar da təxminən siz dediyiniz qənaəti təsdiq etdi. - Ordu ilə bağlı ajiotajın yaradıldığı vaxt çayın axarına qarşı üzmək çox riskli idi. Bizim araşdırmalarımız təxminlərimizdə doğru olduğumuzu göstərirdi. Ona görə də nüfuz baxımından bizim üçün nə qədər riskli olsa da, milli mənafe naminə doğru olanı söyləmək məcburiyyətində idik. Hüquq müdafiəçilərinin və eyni zamanda müxalifət düşərgəsinə aid olan millət vəkillərinin də daxil olduğu bir qrup deputatların hərbi hissələrdə apardıqları araşdırmalar da bizim təxminlərmizin doğru olduğunu təsdiq etdi. Məsələn, Seyfəli poliqonunda baş verən hadisə ilə Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi arasında müəyyən paralellər qurmaq olar. Əgər birinci hadisədə qatilin psixoloji tarazlığının olmaması və xaricdən müəyyən yönləndirmələr söhbət predmeti idisə, ikincidə də həmin amilləri hiss etmək mümkündür. Eləcə də əsgərlər arasında kütləvi şəkildə zəhərələnmələrin olması hadisəsində də məsələnin kökündə onlara verilmiş köhnəlmiş qidanın deyil, başqa gizli niyyətlərin olduğu ortaya çıxdı. Ancaq bu ordu kimi böyük bir strateji qurumda problemlərin olmadığı anlamına da gəlməməlidir. Hərbi çağırışla bağlı prezidentin sərəncamından sonra hərbi hissələrin komplektləşdirilməsi səlahiyyəti Müdafiə nazirliyinin Baş Qərargahına verildi. Bununla da hərbi komissarlıqlarda olan böyük rüşvət biabırçılılqarına demək olar ki, son qoyuldu. Ancaq bununla belə hərbi komissarlıqlarda fəaliyyət göstərən tibbi komissiyalarda qüsurlar hələ də mövcuddur. Seyfəli poliqonunda baş vermiş cinayət hadisəsi bir daha sübut etdi ki, əsgəri çağırışla bağlı tibbi komissiyaların tərkibində həkim prisixololar da təmsil olunmalıdırlar. Dövlət Tibb Akademiyasını hər il həkim psixoloq ixtisasına uyğun mütəxəssislər bitirirlər. Onların çoxu uzun illər işsiz qalırlar. Eyni zamanda hərbi hissələrin nəzdində fəaliyyət göstərən tibb məntəqələrində həkim-psixoloq mütəxəssislərinə ehtiyac var. Çünki əsgəri xidmətə çağırılan gənclərin həyat şəraitinin dəyişməsi çox zaman onlarda bir sıra mənəvi-psixoloji amillərlə müşahidə olunur. Bu mənada həkim psixoloqların bu komissiyalarda çalışması normal əsgəri xidmətə yararlı olmaq kimi problemləri həll edə bilər. Orxan Şıxlı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar