SON XƏBƏRLƏR

Təqiblər səngimir

2021.10.20, 07:36
Təqiblər səngimir

Gunaz.tv
"AST Telman" ləqəbi ilə tanınan Telman İsmayılova qarşı Kremlin təzyiqləri günbəgün güclənir. Bu dəfə aşkar təxribatlar başlanıb. Belə ki, Rusiya Prokurorluğu nəzdindəki İstintaq Komitəsinin Moskvanın Şərq inzibati dairəsi üzrə idarəsi Azərbaycan vətəndaşı Pünhan Zərbəliyevə qarşı cinayət işi qaldırıb. 24 yaşlı azərbaycanlıya qarşı RF CM-nin 318-ci maddəsinin 1-ci bəndi (hakimiyyət təmsilçisinə qarşı zor tətbiq etmək) ilə cinayət işi açılıb. "Moskvanın Şərq inzibati dairəsinin nəzarət və yoxlama orqanları "Çerkizovo" bazarının ərazisində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət yoxlanılarkın Zərbəliyev işçi qrupun rəhbəri, Preobrajensk rayon prokurorunun müavininin başına taxta parçası ilə zərbə endirib. Nəticədə qadının beyni silkələnib, başının yumşaq toxumaları zədələnib və o, Sklifosovski adına Elmi-Tədqiqat Təcili Yardım Xəstəxanasına aparılıb", - Moskva Şəhər Prokurorluğundan bildirdilər. Pünhan Zərbəliyev həbs olunub. Onun Moskvada qeyri-leqal yaşadığı, qeydiyyata düşmədiyi və əmək fəaliyyəti üçün müvafiq lisenziya almadan alverlə məşğul olduğu bildirilir. Şəhər prokurorluğunun əməkdaşları hadisə ilə bağlı ən ciddi şəkildə istintaq aparılacağını və P.Zərbəliyevin sərt cəzalandırılacağını dedilər: "Kimsəyə sirr deyil ki, Moskva meri Yuri Lujkovun yaxın dostu Telman İsmayılova məxsus "Çerkizovo" bazarı paytaxtda həyata keçirilən rekonstruksiya işləri çərçivəsində hələ bu ilin əvvəlində bağlanmalıydı. Lakin "naməlum səbəblərdən bazar hələ də fəaliyyət göstərir. Halbuki "Çerkizovo" minlərlə qanunsuz miqrantın yığışdığı məkandır. Həmin miqrantlar arasında kriminal bizneslə məşğul olanların sayı az deyil". Müşahidəçilər isə hesab edirlər ki, "Çerkizovo" bazarında baş vermiş insident Telman İsmayılova qarşı yönəlmiş təqib kampaniyasının bir hissəsidir. Rusiya İqtisadi Araşdırmalar İnstitununun eksperti Vitali Zolotaryov əməkdaşımızla söhbətində bildirdi ki, "Çerkizovo" bazarında alverlə məşğul olan azərbaycanlının belə provokasiyaya çəkilməsi çox incə düşünülmüş məsələdir: "Bir anlıq təsəvvür edin ki, orta statistik rus "Azərbaycanlı alverçi rus qadın prokurorun başını yarıb!" başlıqlı xəbəri oxuyanda və ya eşidəndə hansı hissləri keçirə bilər. Ən yaxşı halda həmin rus "bu azərbaycanlılar lap hədlərini aşıblar" düşünəcək. Eyni zamanda, belə insident barədə məlumatların rəsmi kanallarla ildırım sürətilə yayılması da nəzərdən qaçırılmamalıdır. Hazırda Rusiyada rəsmi dairələr Telman İsmayılovu "minlərlə qanunsuz miqranta, müxtəlif cinayətkarlara rahat iş görmələri üçün məkan ayırmış adam" kimi təqdim etməyə başlayıblar. AST şirkətlər qrupunun banisi və sahibi az qala miqrantlar arasındakı cinayətkar elementlərin "xaç atası", havadarı kimi qələmə verilir". V.Zolotaryovun sözlərinə görə, T.İsmayılova qarşı aparılan genişmiqyaslı təqib kampaniyasının yaxın günlərdə yeni "insident"lərlə zənginləşəcəyə biləcəyini istisna etmir. AST şirkətlər qrupunun rəhbərinin pressinq altına düşməsindən sonra Moskvada fəaliyyət göstərən, iri şirkətlərə rəhbərlik edən azərbaycanlı iş adamlarında da ciddi narahatlıq yaranıb. Onların dediklərinə görə, dövlət strukturlarının mənsubları iş adamlarına "ciddi yoxlamaların istisna edilmədiyini" bildiriblər. "Əgər Moskvanın merinin yaxın dostu olan və Kremldə xeyli sıx əlaqə saxladığı adamlara malik bir iş adamı, milyardlarla dollarlıq dövriyyəni idarə edən şəxsi bu sayaq "asfaltyayan" təzyiqlərin altına salmaq istəyirlərsə, onda tanışlıq və dostluğu həmin səviyyədə olmayanlar, yalnız başlarını aşağı salıb işini görməklə məşğul olanlar nə etməlidir?! Deyirdilər, inanmırdım. Amma indi görürəm ki, Moskvaya çıxarıb ürəyini versən də, yad, "gəlmə" olaraq qalasısan", - "İnvekt Plyus" şirkətinin baş direktoru Vüqar Xudayarov əməkdaşımıza söylədi. Bu arada Rusiya Miqrasiya Tədqiqatları Mərkəzi Moskvanın əhalisi ilə bağlı hesabatını təqdim edib. Mərkəzin proqnozlarına görə, 2020-ci ildə Rusiya paytaxtında 16 milyon insan yaşayacaq. Onların arasında rusiyalıların sayı 80%-ə, Moskvada doğulmuş şəxslərin sayı isə 44%-ə düşəcək. Ulu babaları Moskvada yaşamış moskvalılar isə elə indinin özündə şəhər sakinlərinin 2%-dən artıq deyil. "Son 10 il ərzində Moskvada ermənilər və gürcülərin sayı 3, azərbaycanlıların sayı isə 5 dəfə artıb. Ən böyük artım da elə azərbaycanlılar arasında müşahidə olunur. Belə davam edərsə, 20 il sonra Moskvanın bir sıra mikrorayon və səmtləri artıq azərbaycanlıların kompakt yaşadıqları bölgələrə dönəcək. Problemi ciddiləşdirən məqamlardan biri də odur ki, azərbaycanlılar yerli şəraitə, qayda, adət və ənənələrə çox çətinliklə uyğunlaşır, assimilyasiya olunmurlar", - mərkəzin hesabatında deyilir. Maraqlıdır ki, hesabat dərc olunandan az sonra Rusiyadakı radikal millətçi və ksenofob təşkilatlar Moskvada "Paytaxt təhlükədədir!" adlı yürüş keçirmək niyyətlərini açıqlayıblar. Bundan başqa, "Qanunsuz Miqrasiyaya Qarşı Hərəkat" (DPNİ), "Rusiya Pravoslav Birliyi", "Ağ Rusiya İttifaqı", "Rus Cəmiyyəti" və "Millətçi Ruslar İttifaqı" təki "dazbaş" təşkilatlar bu həftənin sonunadək "anti-miqrant piketi" keçirmək fikrindədir. Piketin keçiriləcəyi məkan qismində "Çerkizovo" bazarının əsas girişi seçilib. Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar