SON XƏBƏRLƏR

Müxalifət İran adlanan yerdəki hadisələri necə qiymətləndirir?

2021.10.20, 07:36
Müxalifət İran adlanan yerdəki hadisələri necə qiymətləndirir?

Gunaz.tv
Sərdar Cəlaloğlu: "İranda demokratiyanın qələbəsi bizim də marağımızdadır" Sülhəddin Əkbər: "Qonşu ölkədə yeni situasiya yaranmağa başlayır" Nurəddin Məmmədli: "İranda demokratiya uğrunda mübarizənin başlaması bütün bölgə üçün əhəmiyyətlidir" Qonşu İranda iyunun 12-də keçirilən prezident seçkisinin nəticələri ilə razılaşmayan qüvvələrin etirazları səngimək bilmir. Paytaxt Tehranda hökumət qüvvələrinin etiraz aksiyalarını yatırması zamanı 7 nəfər öldürülüb, xeyli sayda yaralananlar var. Etirazların nəticəsi olaraq ölkənin Konstitusiyanı Müdafiə Şurası bəzi seçki məntəqələrində səslərin yenidən sayılması barədə qərar çıxarıb. Bu qərarla razılaşmayan Mirhüseyn Musəvi tərəfdarları isə aksiyaları müxtəlif formalarda davam etdirəcəklərini bildirirlər. Adətən ötən illərdə Gürcüstanda və Ukraynada keçirimiş prezident seçkiləri zamanı Azərbaycan müxalifəti bu ölkələrdə baş verən prosesləri maraqla izləyib, hətta müxalif siyasi qüvvələrə azarkeşlik edib. Bəs hazırda İranda yaşanan olayları Azərbaycan müxalifətçiləri necə qiymətləndirirlər? Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İranın Gürcüstan və Ukrayna ilə müqayisə etməyin doğru olmadığını söylədi: "İranda seçkilər məsələsinə fərqli yanaşmaq lazımdır. Adını çəkdiyiniz ölkələrdə demokratik seçki keçirilirsə, İranda qanlı seçki keçirilir". ADP sədrinin sözlərinə görə, hazırda qonşu ölkədə baş verən hadisələr hakim rejim içərisində ciddi təbəddülatların yaşandığından xəbər verir: "Məlum olduğu kimi, İranda prezidentliyə namizədlər əvvəlcədən ciddi şəkildə süzgəcdən keçirilir, rejimə ən sadiq adamların namizədliyi qeydə alınır. Əgər indi seçkidən sonra namizədlər arasında belə ciddi qarşıdurma yaranıbsa, demək artıq sistem öz içərisindən çat verir". Azərbaycan müxalifətinin İranda baş verən son olayları diqqətlə izlədiyini deyən Cəlaloğlu bununla bağlı xüsusi fəallıq göstərməyə ehtiyac olmadığını söylədi: "Sadəcə, bizim istəyimiz odur ki, qonşu ölkədə proseslər siyasi müstəvidə getsin, demokratik dəyərlər qalib gəlsin. İranda demokratiyanın qələbəsi Azərbaycanın siyasi qüvvələri olaraq bizim də marağımızdadır. Digər tərəfdən, bu ölkədə milyonlarla soydaşımızın yaşaması İranı bizim üçün Ukrayna və Gürcüstandan daha maraqlı edir". Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbərsə "İranda baş verən hadisələrə laqeyd qala bilmərik" deyir. Son günlər İranda rəsmən informasiya qapalılılığının yaradıldığını deyən S.Əkbər, bununla Müsavat Partiyasının prosesləri ciddi izlədiyini bildirdi: "Ümumiyyətlə İranda budəfəki seçkilər çox maraqlı keçdi. İlk dəfə həm seçki kampaniyası zamanı, həm də seçkidən sonra seçkiyə aidiyyatı olmayan şüarlar səsləndirildi, tələblər irəli sürüldü. Qadınlar azadlıq istəyirlər, gənclər sərbəstlik istəyirlər. Bu artıq İranda yeni situasiyanın yaranmasından xəbər verir. İslam inqilabından 30 il keçib. Artıq yeni nəsil gəlib və bu nəslin istəkləri 30 il əvvəlki nəslin istəkləri ilə üst-üstə düşmür. Bu da o deməkdir ki, artıq İran ciddi dəyişikliklər ərəfəsindədir". Lakin S.Əkbər qonşu ölkədə baş verənləri etnik müstəvidə qarşıdurma yox, ümumiran hadisəsi sayır: "Görürsünüz ki, Musəvini müdafiə edən Xatəmi və Rəfsəncani azərbaycanlı deyil. Eyni zamanda ən ciddi etiraz mitinqləri Təbrizdə yox, Tehranda keçirilir. Bu da onu deməyə əsas verir ki, mübarizə ümumiran müstəvisində gedir". AXCP sədrinin müavini Nurəddin Məmmədli də iki səbəbdən İranda yaşanan proseslərə biganə qalmağın mümkünsüzlüyünü bildirir: "Birinci ona görə ki, qonşu dövlətdir, ikincisi isə bu ölkədə 30 milyondan artıq soydaşımız yaşayır". AXCP yetkilisinin fikrincə, böyük xalq kütlələrinin tələbi ilə səslərin yenidən sayılmasına nail olunması böyük uğurdur və İranda demokratiya uğrunda mübarizədə gələcəyə ümid yaradır: "Bu isə bütün bölgə üçün əhəmiyyətlidir". Aqil CAMAL

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar