SON XƏBƏRLƏR

Azərbaycanın NATO ilə əməkdaşlığı inkişaf edir

2021.10.20, 07:36
Azərbaycanın NATO ilə əməkdaşlığı inkişaf edir

Gunaz.tv
Zbiqnev Rıbatski: "Nəticələr bizi kifayət qədər qane edir" Dünən Bakıda "Azərbaycan hüquq-mühafizə orqanları və silahlı qüvvələrində aparılan islahatların avroatlantik məkana inteqrasiyada rolu" mövzusunda iki günlük konfrans başlayıb. Konfrans NATO-nun və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən təşkil olunub. Milli Məclisin Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynov bildirib ki, bu il Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına (PfP) qoşulmasından 15 il ötür. Ötən müddətdə Azərbaycan PfP çərçivəsində NATO tədbirlərində fəal iştirak etməklə yanaşı, fərdi proqramlar üzrə bir çox işlər görüb. Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) çərçivəsində isə 250-dək tədbir həyata keçirilməsi planlaşdırılır. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Cənubi Qafqaz və Xəzər hövzəsində təhlükəsizliyin Türkiyənin xarici siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. O, Türkiyənin Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasında rolundan danışaraq qeyd edib ki, hərbi doktrinanın qəbulu bu prosesi sürətləndirəcək. NATO-nun Cənubi Qafqaz ölkələri üzrə əlaqələndirici zabiti Zbiqnev Rıbatski isə Azərbaycanın İPAP-da fəal iştirak etdiyini söyləyib: "İPAP-a uyğun olaraq Azərbaycanda strateji sənədlərin hazırlanması prosesi gedir. Silahlı Qüvvələr NATO standartlarına uyğunlaşdırılır. Bu kontekstdə hərbi təhsil, kadrların hazırlanması və idarəetmə məsələlərinə xüsusi diqqət ayrıldığını deyə bilərəm". Azərbaycanla NATO arasında əməkdaşlığın kifayət qədər yaxşı məcrada inkişaf etdiyini deyən Z.Rıbatski jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan yenilənmiş fərdi inkişaf planını ötən ildən NATO ilə hazırlayır. Azərbaycanın bu inkişaf planını lazımi səviyyədə həyata keçirdiyini qeyd edən məsul zabit onu da deyib ki, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində müdafiə sahəsi xüsusi yer tutur: "Eyni zamanda Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər orqanlarla da əməkdaşlığımız həyata keçirilir. Bu çərçivədə hərbi qüvvələr arasında əməkdaşlıq mümkündür. NATO partnyor ölkələr arasında belə əməkdaşlığa xüsusi yer verir. Azərbaycan bu sahədə xüsusi töhfə verən ölkələrdən biridir". Z.Rıbatski Azərbaycanın İSAF layihəsində rolunu da xüsusi vurğulayıb. O, "Azərbaycanın hərbi qüvvələrinin NATO standartlarına uyğunlaşması prosesini necə qiymətləndirirsiniz" sualına belə cavab verib: "Bu, uzun prosesdir. Azərbaycan bu sahədə çox iş görür. Nəticələr bizi kifayət qədər qane edir". Z.Rıbatski onu da bildirib ki, Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi İPAP-ın bəzi məqamları (icmal mətni) yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, bu barədə Azərbaycan hökuməti ilə müəyyən razılıq əldə olunub: "İPAP məhdud sənəddir. Razılaşmamıza uyğun olaraq, həmçinin, Azərbaycanın təhlükəsizliyi nəzərə alınaraq, sənədin icmal mətni açıqlanacaq. Bizim bu sənəddə ictimaiyyətdən gizlədəcəyimiz heç nə yoxdur". Z.Rıbatski İPAP-ın ikinci hissəsinin birincinin təkrarı olmadığını vurğulayıb. Onun sözlərinə görə, ikinci hissədə yeni əməkdaşlıq sahələri əksini tapıb. NATO rəsmisi əməkdaşlığın İntensiv Dialoq mərhələsinə (İD) keçidinin isə rəsmi Bakının qərarından asılı olduğunu qeyd edib: "NATO əməkdaşlığa baxmayaraq, milli məsələlərdə ölkələrə təsir göstərmir. Alyans Azərbaycanla əməkdaşlığa hazırdır və cari əməkdaşlıq da kifayət qədər müsbətdir". Alyans rəsmisi İPAP-da silahlı qüvvələr üzərində mülki nəzarətin təşkili ilə bağlı bəzi məqamların yer aldığını da qeyd edib. Z.Rıbatskinin sözlərinə görə, bununla bağlı sənəddə müəyyən tədbirlər nəzərdə tutulur (APA). Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureku isə deyib ki, cari ilin yanvar ayında Azərbaycanla NATO arasında kontakt dövlət missiyasını üzərinə götürən Rumıniyanın əsas vəzifəsi Bakını NATO ilə yaxınlaşdırmaq, habelə Azərbaycan ictimaiyyətini NATO barədə məlumatlandırmaq olacaq. Səfirin sözlərinə görə, müasir şəraitdə təhlükəsizlik yalnız hərbi parametrlərdən asılı deyil, kütləvi qırğın silahlarının yaradılması texnologiyasının terrorçular tərəfindən öyrənilməsi, narkotik qaçaqmalçılığı, qanunsuz miqrasiya və s. müasir dövrün əsas təhdidləri sırasında nəzərə alınmalıdır. Qeyd edək ki, konfransın bu gün keçiriləcək əsas hissəsində Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Silahlı Qüvvələr və Daxili Qoşunların NATO ilə əməkdaşlığı mövzusunda məruzələr olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar