SON XƏBƏRLƏR

Güney Qafqazın təhlükəsizlik sisteminin yeni faktorları Azərbaycan bu prosesin harasındadır?

2021.10.20, 07:36
Güney Qafqazın təhlükəsizlik sisteminin yeni faktorları Azərbaycan bu prosesin harasındadır?

Gunaz.tv
Natiq Miri, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Güney Qafqaz ətrafında geosiyasi situasiyanın bu dərəcədə sürətlə dəyişməsi xeyli dərəcədə gözlənilməzdir. Proseslərin intensivliyi ilə yanaşı, qüvvələr nisbəti də çox mütəhərrik dəyişməkdədir. Oyunçuların ortaya qoyduqları şərtlər çox sürətlə dəyişməkdədir. Onların atdıqları addımların hər biri arxasında çoxvariantlı məqsədlər durmaqdadır. Bu prosesdə yeni çalar proseslərin bir-biri ilə sıx bağlılığıdır. İndi hansısa sahəni digərlərindən ayırmaq mümkün deyil. Xüsusilə enerji sahəsi ilə geosiyasi, təhlükəsizlik və siyasi aspektlər sıx bağlılıq halına gəlmişdir. Edilən hər bir gediş dövləti maraqlara birbaşa aiddir. Ona görə də ciddi təsirləri olur. Enerji oyunları Bu sahədə son günlər proseslərin gərginliyi artmışdır. Müxtəlif böyük güclər öz maraqları çərçivəsində enerji arqumentlərindən istifadə edirlər. Onların sırasında Amerika, Avropa Birliyi, Rusiya, Türkiyə və İran kartlarını masa üzərinə qoyurlar. Ora İsrailin də ayaq açmağa başlaması maraqlı faktordur. Əslində İsrail həmişə bu və ya digər formada həmin proseslərdə iştirak edir. Ancaq indi açıq diplomatik müstəvidə iradəsini ortaya qoyur. ABŞ enerji sahəsində ciddi yeniləşmə mərhələsinə başlayıb. Onun Yaxın Şərqlə yanaşı, Güney Qafqaz regionunda da “Nabukko”nu əsas faktor olaraq istifadə etmək niyyəti aydın olur. Son vaxtlar amerikan diplomatiyası bu istiqamətdə diplomatik səylərini artırmışdır. Məqsədi “Nabukko”nun mümkün qədər geniş əhatədə reallaşmasıdır. Yəni bu layihəyə daha çox dövlətin qoşulmasını təmin etməkdir. Burada maraqlı iki cəhət vardır. Birincisi, ABŞ müsəlman faktorunu aktiv olaraq diplomatik gedişlərinə daxil edir. İkincisi, İran faktoru ilə enerji siyasətini qəribə şəkildə sintezləşdirməyə çalışır. Birinci faktor Barak Obamanın Şərq turnesinin başlanğıcında özünü göstərdi. İndi ABŞ diplomatiyasının əsas qayəsi müsəlman dövlətləri və cəmiyyətlərini ələ almaqdır. Daha doğrusu, onların ABŞ siyasətinə olan inamını bərpa etməkdir. İndi bizim üçün tam aydın olur ki, qaradərili və müsəlmanlığa aidiyyatı olan Barak Obama hansı məqsədlə prezident seçilib. Bu, bir tərəfdən ABŞ siyasətində dərin dövlətin rolunu göstərirsə, digər tərəfdən “demokratiya” anlayışına maraqlı məna çaları gətirir. Hər bir halda ABŞ prezidentinin müsəlmanlara “Salam aleykum”u daha çox siyasi və geosiyasi məna verir. Amerika müsəlman dünyasını özünə tərəf çəkməklə həm də eherji qaynaqlarına asan daxil olmağı hədəfləməkdədir. Həmin aspektdə İraq məsələsi aktuallığını saxlayır. İndi Avropa rəsmi olaraq deyir ki, “Nabukko”da İraqı da görmək istəyirlər. İraqda öncəki hakimiyyət sistemini dağıdıb, yerinə kürdtəmsilli qrupu gətirməkdə əsas məqsəd enerji imiş. Kərkük və Mosul məsələsi də buna sıx bağlıdır. İraqı bu layihəyə qoşsalar, Yaxın və Orta Şərqin geosiyasi mənzərəsinin köklü surətdə dəyişməsi konkret cizgilər alacaqdır. Bunun da Güney Qafqazdakı proseslərə birbaşa təsiri vardır. O dalğa bu bölgədə də enerji siyasətinə konkret məzmun verən amillərdən olacaqdır. Ayrıca ABŞ-ın Güney Qafqaz siyasətində enerji faktoru diplomatik addımlarda ifadə olunur. Amerikan senatorunun Azərbaycan və Türkiyədə enerjinin qiyməti ilə bağlı danışıqlar aparması və tərəfləri ortaq müstəviyə gətirmək yönündə ciddi cəhdlər etməsi təsadüfi deyildir. Bakıda o, Türkiyəyə satılacaq qazın qiymətində rəqəm müəyyənləşdirməyə və sonra onu Ankarada müzakirə etməyə çalışdı. Deməli, “Nabukko” layihəsinin reallaşması qarşısında duran və geosiyasi çalarlı problemlərin çözülməsi mərhələsi başlamışdır. Bu layihənin avropalı rəhbəri də artıq bir sıra işlərin görüldüyünü deyir. O, layihə ilə geosiyasi və təhlükəsizlik faktorlarının sıx bağlı olduğunu da gizlətmir. Təsəvver edin ki, bu məsələ Türkiyə və Azərbaycan kimi bir-birinə yaxın olan dövlətlərin arasında belə anlaşılmazlıq yaradır və onu okeanın o tayından gəlib tənzimləmək istəyirlər. Deməli, problem Türkiyə və Azərbaycana yox, ilk növbədə Qərbə aiddir. Lakin Türkiyə də Azərbaycandan çox ucuz qiymətə enerji alıb, baha satmaq metodunu arxivə atmalıdır. İndi belə şeylər keçərli deyil. Bunlara paralel olaraq Qərb Azərbaycandan Gürcüstan istiqamətində çəkilən enerji marşrutlarının imkanlarını genişləndirmək siyasətinə başlayıb. Bakı-Ceyhan və Bakı-Supsa istiqamətlərində bu iş həyata keçirilir. O da Qazaxıstan, Özbəkistan və Türkmənistan faktorunu enerji aspektində Güney Qafqazdakı proseslərə daha sıx surətdə aid etmək tendensiyasının gücləndiyini göstərir. Yəni Orta Asiya dövlətləri daha intensiv surətdə Güney Qafqazdakı geosiyasi və təhlükəsizlik məsələlərinə qarışdırılır. Bu da ortaya yeni mürəkkəb situasiyalar çıxarır. Avropa Birliyinin bu prosesdə öz maraqları olduğuna şübhə yoxdur. Lakin o, hələlik okeanın o tayından ciddi dəstək görür. Deməli, bu məqamda ortaq maraqları vardır. AB “Nabukko” ilə əsas olaraq Rusiyadan olan enerji asılılığını aradan qaldırmaq üçün istifadə edir. Avropa üçün Rusiyanın enerji siyasəti çox əhəmiyyət kəsb etməyə başlamışdır. AB “Şərq əməkdaşlığı” proqramında bu cəhəti ön sıraya çəkməkdədir. İkinci faktor olaraq NATO-dan istifadə edilir. NATO Avropanın enerji siyasətinin təhlükəsizliyini təmin etmək üçün Güney Qafqaza gəlməlidir. Məhz bu məqamda Qərblə Amerikanın ortaq maraqları özünü göstərir və onlar Rusiya ilə ciddi toqquşma ərəfəsindədirlər. Enerji faktorunun hərbi aspektlə sıx əlaqəsi həmin nöqtədə qabarıq özünü ifadə etməsi situasiyanın çox həssas olmasını şərtləndirir. Yəni geosiyasət, enerji və təhlükəsizliyin bu dərəcədə bir-birindən asılı olması olduqca qorxulu prosesdir. İstənilən vaxt barıt çəlləyi partlaya bilər. ABŞ və Avropanın bu siyasətinin yanında (və ya arxasında) İsrailin də durduğuna qətiyyən şübhə yoxdur. İsrail diplomatiyası daha geniş əhatədə bunu ifadə etməkdədir. Onlar Fələstin, İraq, İran kimi məsələlərdə o cəhətdən yararlanmaqdadırlar. Azərbaycanın bu məsələnin harasında olduğu bizim üçün çox önəmlidir. Həm də ona görə ki, Güney Qafqazın enerji, siyasi və geosiyasi həyatında Rusiya və İran faktorunu qətiyyən aşağılamaq olmaz. Bu təhlükəli üçbucaqda həm də təhlükəsizliyin kövrək məqamları vardır. Rusiya və İran enerji-syasət-təhlükəsizlik düyününü necə çözmək istəyirlər? Rusiya aktiv surətdə enerji siyasətini geosiyasi və təhlükəsizlik aspektləri ilə əlaqələndirməkdədir. Kremlin atdığı addımlarda bu aspektlərin birləşdirici faktor kimi humanitar proqramlarında rol oynamağa başladığı müşahidə edilir. ABŞ-ın “müsəlmanların könlünü diplomatik ələ almaq” siyasətinin alternativi olaraq Rusiyanın həmin məkana humanitar nüfuzunu artırmaq cəhdlərinin olması təsdiqini tapır. İki divin humanist obraz yaratmaq uğrunda yeni üsullarla savaşa başladığını görürük. Bu, dünya siyasətinin strategiyasına ciddi təsir edəcək hadisədir. Onu hələlik qeyd edən yoxdur. Lakin çox qısa müddətdə bu üsulun dünyanın digər böyük gücləri üçün də əsas faktor olacağını görəcəyik və onda geosiyasi sistemin mənzərəsinin rəngləri olduqca maraqlı təsir bağışlayacaq – uzun illərdir ki, analitiklərin vurğuladığı mədəniyyətlərin savaşı yeni həssaslıq məqamına çatmışdır. Rusiyanın humanitar proqramlarla enerji siyasətinin sintezində manevrlər etməsi Avropanı qorxudub. Onlar hesab edirlər ki, Rusiya Avropa ətrafında enerji mühasirəsi yarada bilib. Onu dağıtmaq işində “Nabukko” həlledici rol oynamalıdır. Buradan Rusiyanın bu layihədə iştirak edən dövlətlərə qəzəbinin dərəcəsini ölçmək olar. Eyni zamanda, Orta Asiyanın sözəbaxan dövlətlərinin hansı səbəblərdən “Nabukko”dan sürətlə imtina etməsi səbəbi məlum olur. Rusiya “Nabukko”nu özünün enerji siyasətinin əsas maneəsi olaraq görür. Eyni dərəcədə bu məsələ onun təhlükəsizlik, geosiyasi, iqtisadi və hətta mədəni planlarına müdaxilə etmişdir. Rusiya qəzəb və hərbi güc müstəvisində “humanitarlaşır”. O da Rusiya kimi özünün çox yumşaq imicini yaratmaqla məşğuldur. Bu yumşaq maskası altında hansı canavarın yatdıını dünya qısa müddətdən sonra biləcək. Maraqlıdır ki, Türkiyə və İran kimi bölgə dövlətlərinin siyasətində humanitar məqam ABŞ və Rusiya qədər qabarmır. Hesab edirik ki, bu bölmədə onlar ABŞ və Rusiyaya uduzmaqdadırlar. İranın Güney Qafqaz məsələsində enerji aspektindən istifadəsi son zamanlar daha ciddi şəkildə özünü göstərməsinin də buna yardımı yoxdur. İran Güney Qafqazın təhlükəsizliyi ilə bağlı ən “orijinal mövqeyi” olan dövlətdir. Onun orijinallığı heç nəyi qəbul etməməsində özünü göstərir. Iran nə Qərbin, nə də Rusiyanın modelini qəbul edir. Ancaq Rusiyaya daha çox yardımçı olmaqda davam edir. Bu aspektdə onun yeritdiyi siyasət böyük ölçüdə rus siyasətinin yedəkçisi rolunu oynayır. Lakin İran həm də öz maraqlarını təmin etməyi unutmur. Onun Çin, Hindistan və hətta Avropa istiqamətindəki enerji layihələrinə maraq göstərməsi bunun əlamətidir. Bu yaxınlarda İran Pakistan, Çin və Hindistan istiqamətində layihəni həyata keçirməklə bağlı addım atdı. Rusiya dərhal ona dəstək verdi. “Qazprom” bunu onunla izah etdi ki, İranın bu addımı “Nabukko”nun şansını azaldır. Yəni İran “Nabukko”ya qaz vermək eşqinə düşməsin. Rəsmi Tehran isə başqa cür düşünür. Avropa qəbul etsə, İran “Nabukko”ya qoşulacaq. Bunların fonunda İran Güney Qafqaz istiqamətində daha radikal və qəzəbli görünür. Onun Azərbaycana hədələr etməsi bunun təzahürlərindən biridir. Türkiyə dərhal reaksiya verdi, İsrail sözünü dedi, ABŞ Azərbaycanı dəstəklədi. Deməli, əslində məsələ İran-Azərbaycan münasibətləri sərhəddi daxilinə aid deyil. Bu da onu göstərir ki, İranın enerji siyasəti ilə təhlükəsizlik haqqında fikirləri qlobal səviyyədə vəziyyəti həssaslaşdıran faktor ola bilər. Azərbaycan bu proseslərin harasındadır? Bizim üçün əsas məsələ bundan ibarətdir. Azərbaycan bu proseslərin Güney Qafqazdakı sisteminin episentrindədir. Bütün böyük dövlətlərin bölgə maraqlarında Azərbaycan faktoru birinci sıradadır. Bu, bizim dövlətin əhəmiyyətini artırmaqla yanaşı, atəşə daha yaxın edir. Fakitiki olaraq hər tərəfdən təhdid gəlir. Öncə daha yüksəkdən bağırmaq istəyənlər vardı. İndi səslərini bir az alıblar. Səbəb Azərbaycanın öz iradəsini siyasi aspektdə ortaya qoyması oldu. Bəli, müstəqillik dövründə ilk dəfədir ki, Azərbaycan ona atəş uzadan hər bir qüvvəyə “mənim maraqlarım var”, deyir, dediyini həyata keçirmək iqtidarında olduğunu sübut edir. Bizə görə, çox önəmli faktordur. Bu müstəvidə Azərbaycanı ayrıca güc kimi qəbul etmək prosesi gedir. Onun uğurla sonuclanacağına şübhə yoxdur. Bu da Azərbaycanın Güney Qafqazın enerji, geosiyasi və hərbi təhlükəsizliyində yeni bir səviyyəyə qalxacağını təmin edəcəkdir. Müxtəlif tərəflərdən gələn maraqların Azərbaycanda uyğunlaşdırılması bölgənin lideri məsələsini də birmənaı həll edir. Təhlükəsizliklə əlaqəli bir neçə dövlətin gizli servislərinin Azərbaycanın xeyrinə işlər görməkdə olması bu mənada diqqətdən kənarda qalmamalıdır. Azərbaycanın təhlükəsizliyi təkcə özünün deyil, dünyanın bir çox aparıcı dövlətinin qayğısı olmaqdadır. Deməli, müəyyən mərhələdən sonra Azərbaycanı bölgənin təhlükəsizliyinin əsas qarantı kimi görmək istəyirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar