SON XƏBƏRLƏR

TÜRKİYƏ YENİ DÜNYA DÜZƏNİNDƏ

2021.10.20, 07:36
TÜRKİYƏ YENİ DÜNYA DÜZƏNİNDƏ

Gunaz.tv
Türkiyə dünyada və regionda gedən proseslərdə fəal rol almaq, dünya siyasətinin önəmli aktyorlarından biri kimi hadisələrə yön vermək istiqamətində səylərini gücləndirir. Ankara indiyədək yeritdiyi xarici siyasətin təhlilini apararaq konkret istiqamətlər müəyyənləşdirib və böyük geosiyasi məkanda təsir gücünü artırmaq üçün hərəkətə keçib. Türkiyə və Balkanlar Son illərdə Türkiyə hökumətinin Balkanlara diqqəti nəzərəçarpacaq dərəcədə artıb. Balkanlar üzərində tarixən təsirə malik olan Türkiyə yeni dövrdə NATO üzvü və bölgənin böyük dövləti olaraq bu regiona nüfuzunu artırmağa çalışır. Türkiyənin Balkanlardakı sülhyaratma prosesində iştirakının sərhədlərini bölgə üzərindəki tarixi rolu və NATO üzvlüyü, siyasi aspektdə təsirini isə Avropa Birliyinə üzvlük niyyəti müəyyən edir. Bu səbəbdən Türkiyənin Balkanlarda mövcudluğunun xeyli dərəcədə müəyyənlik kəsb etdiyini demək olar. Yaxın Şərq alovlarının söndürülməsi Türkiyənin Yaxın Şərqdə fəallığı daha çox hiss edilir. Bu məkanda Türkiyə İsrail-Suriya, İsrail-Fələstin, Suriya-ABŞ, İran-ABŞ danışıqlarında vasitəçi rolunu oynamaqdadır. Bu istiqamətlərin hər birində rəsmi Ankaranın mövqeyi və rolu müsbət dəyərləndirilir. Rəsmi Tel-Əviv Suriya ilə münasibətlərinin normallaşmasında Türkiyənin aparıcı rolunu bir neçə dəfə vurğulayıb, İranla Amerikanın danışıqlar masasına oturmasında Türkiyənin rolunun vacibliyi dəfələrlə vurğulanıb. Son olaraq Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyanın ABŞ-la danışıqlara hazır olduğunu vurğulayıb. İraqın təhlükəsizliyində Türkiyənin həlledici rolunun olduğu isə birmənalıdır. Yaxın Şərqdəki üstün mövqeyi və nüfuzu, eləcə də Qərbin, xüsyilə Vaşinqtonun özünün müsəlman dünyasındakı obrazını dəyişdirmək cəhdləri Türkiyənin ABŞ və Avropa üçün əhəmiyyətini artırıb. Müsəlman dünyasının modern ölkəsi olaraq Türkiyə bu prosesdə də Qərb üçün önəmli müttəfiq rolu oynamaqdıdar. Amma burada düşündürücü bir neçə məqam var - Türkiyə tarixən heç bir geosiyasi gücün yedəyində getməyib, mümkün olduğu qədər öz siyasətini yürütməyə çalışıb. İndi Türkiyə Qərb ssenarisi üzrə müsəlman dünyasının lideri olmalıdırmı və olacaqmı? Bu suala birmənalı cavab vermək çətindir. Qafqaz və Orta Asiyanın önəmi Türkiyənin dünya siyasətində, həmçinin tarixi və mədəni nüfuz dairəsinə daxil olan türk dünyadındakı statusu çox böyük ölçüdə onun Qafqazda tuta biləcəyi mövqedən asılıdır. Çünki əvvəla, Qafqaz indi dünya siyasətinin mərkəzi məkanlarından biridir. İkincisi, burada Azərbaycan kimi dünyanın enerji təhlükəsizliyində rol oynayan önəmli türk dövləti var. Türkiyə iki aspektdə Azərbaycan amilini nəzərə almalıdır. Birinci aspekt onun türk dövləti olmasına bağlıdır, yəni Azərbaycanı bərabərhüquqlu və potensiallı türk dövləti kimi qəbul etmək gərəkdir. Digər aspekt isə Azərbaycanın postsovet məkanındakı nüfuzu ilə Qərb üçün əhəmiyyətliliyi arasında optimal uyğunluğun seçilməsidir. Bu iki aspekt üzrə rəsmi Ankaranın buraxacağı istənilən xırda səhv ciddi mənfi nəticələr verə bilər. Türkiyənin Qafqazda aktiv rol almasının önəmini vurğulamaqla yanaşı, bu məsələdə çox ciddi problemlərin olduğunu da qeyd etməliyik. Bu problemlərdən biri Türkiyənin Qafqazda hansı geosiyasi güclə əməkdaşlıq edəcəyidir. Ankara Qərblə əməkdaşlıq xəttinindən imtina edə bilməz, amma təcrübə göstərir ki, bu bölgədə Qərblə Türkiyənin ortaq mənafeləri ilə yanaşı, uzlaşmayan maraqları da var. Erməni məsələsində xristian təəssübkeşliyi, müsəlman dövlətçiliyinə ikinci dərəcəli yanaşma, enerji təhlükəsizliyində Qərbin aparıcı rolunu qəbul etdirmə və s. Üstəlik, Qərbin türk birliyi ideyasına müsbət baxmadığı da məlumdur. Bu səbəblərdən rəsmi Ankara Qafqazlarda Qərblə hara qədər gedə biləcəyini dəqiqləşdirməlidir. İkinci istiqamət Rusiyadır. Rusiya əsrlərdir Qafqazda söz sahibidir və Azərbaycanla da sıx əlaqələri var. Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin tarixi səviyyədə məzmununun dəyişilməsində ciddi rol oynaya bilər, amma bu potensialdan maksimum istifadə edildiyi hiss olunmur. Həmçinin Türkiyənin Rusiya ilə əməkdaşlığında da ciddi problem nöqtələri var ki, erməni faktoru bunların içərisində ön yerlərdən birini tutur. Rusiya erməni məsələsinə münasibətini dəyişmədən bölgədə rus-türk anlaşması çox çətin olacaq. Orta Asiyada da Türkiyənin qarşısına Rusiya amili çıxır. Hələlik yalnız Türk Dövlətləri Parlament Assambleyasında Qazaxıstan və Qırğızıstan iştirak edir. Özbəkistan və Türkmənistan isə ehtiyatlı və xeyli dərəcədə ruspərəst siyasət yürüdür. Eyni zamanda Qərbin Orta Asiyaya təsiri amilini də unutmaq olmaz. Türkiyənin Pakistan-Əfqanıstan münasibətlərində vasitəçi rolunu oynaması bu kontekstdə müəyyən ümidlər yaradır. Türkiyənin Qafqaz və Orta Asiyada nüfuzunun artması regionun digər türk dövlətlərinin öz aralarında olan problemlərin çözülməsinə, o cümlədən Azərbaycan və Türkmənistan münasibətlərinin xaratketinə də təsir edə bilər. Dünyada gedən proseslərin təhlili göstərir ki, hazırkı mərhələdə türk dövlətləri birliyi ideyası rəsmi Ankara üçün Avropa Birliyi ideyasından önə çıxmalıdır. Türk dövlətləri bir yerdə güc rolunu oynaya, böyük bir məkanda sülhün, inkişafın və demokratikləşmənin təminatçısı ola bilərlər. Çünki onların həm mədəni, həm iqtisadi potensialı, həm dövlətçilik ənənələri buna imkan verir. Natiq MİRİ, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar