SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD RUSİYADADIR

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD RUSİYADADIR

Gunaz.tv
İran adlanan yerin köhnə-təzə prezidenti Mahmud Əhmədinejad Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində iştirak etmək üçün iyunun 16-sı səhər Rusiyanın Yekaterinburq şəhərinə gedib. iyunun 15-nə planlaşdırılmış bu səfərin bir gün sonra baş tutmasının səbəbinə rəsmi səviyyədə heç bir aydınlıq gətirilməyib. İyunun 15-də M.Əhmədinejad Rusiya prezidenti Dmitri Medvedyevlə görüşməliymiş. Qeyri-rəsmi xəbərlərə görə, M.Əhmədinejad İranda prezident seçkisindən sonra başlanmış kütləvi etiraz aksiyaları üzündən səfər müddətini qısaltmalı olub. Rəsmi məlumata görə, iyunun 12-də İranda keçirilmiş prezident seçkisində M.Əmədinejad 60%-dən çox səs çoxluğuyla qalib gəlib, onun əsas rəqibi, azərbaycanlı namizəd Mirhüseyn Musəvi isə seçicilərin 30%-nin səsini toplayıb. M.Musəvi və onun tərəfdarları bu nəticələrin saxta olduğunu bildirir. M.Musəvinin tərəfdarları iyunun 15-də Tehranda böyük mitinq keçiriblər. Dinc nümayişə silahlı hücum nəticəsində ən azı 8 nəfərin həlak olduğu, onlarla şəxsin ağır yaralandığı bildirilir. Nümayişçilər Azadlıq meydanına doğru hərəkət edərkən, saat 20:30-da hökumət qüvvələrinin qəfil silahlı hücumuna məruz qalıblar. Nümayişçilər “Bəsic”in (hökumət tərəfdarı olan könüllülər dəstəsi) Azadlıq küçəsində yerləşən 117 saylı “Aşura” batalyonu qərargahının damından atəşə tutulub. Azadlıq meydanına yaxın istiqamətdə silahlı motosikletçilər də nümayişçilərə atəş açıblar. Şanxay Əməkdaşlıq Təşkilatına Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Çin daxildir. İran bu təşkilatda müşahidəçi statusuyla təmsil olunur.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar