SON XƏBƏRLƏR

NATO-ya İNTEQRASİYA TƏRƏFDARLARI BİRLƏŞDİ

2021.10.20, 07:36
NATO-ya İNTEQRASİYA TƏRƏFDARLARI BİRLƏŞDİ

Gunaz.tv
İyunun 12-də Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını dəstəkləyən bir qrup QHT rəhbəri RATİ-də görüş keçirib. Bu təşkilatların fəaliyyətinin koordinasiyası üçün Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri Sülhəddin Əkbər, “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri Yaşar Cəfərli və “NATO-ya inteqrasiya” ictimai birliyinin sədri Mehman Kərimovdan ibarət əlaqə qrupu yaradılıb. Görüşdə Azərbaycanın Avroatlantik məkana inteqrasiya prosesinin sürətləndirilməsi üçün ölkə prezidentinə, hökumətə və parlamentə birgə müraciət qəbul edilib. Müraciətdə təkliflər yer alıb. QHT rəhbərlərinin fikrincə, Azərbaycan NATO ilə münasibətlərində strateji və taktiki hədəflərini müəyyən etməlidir. Onlar strateji səviyyə, uzaq perspektiv üçün bu alyansa üzvlük, taktiki səviyyə üçünsə daha sıx və sürətli inteqrasiyanı vacib sayırlar: “Ölkə vaxt itirmədən NATO ilə münasibətlərin növbəti mərhələsinə keçməli, ikitərəfli münasibətlər nəhayət, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının ikinci mərhələsindən çıxmalı və İntensiv Dialoq mərhələsinə keçməlidir. Bunun üçünsə Azərbaycan NATO ilə imzaladığı sənədlərdə nəzərdə tutulan islahatların həyata keçirilməsi prosesini sürətləndirməlidir”. Müraciət müəllifləri Azərbaycanın Avropa Birliyinə assosiativ üzvlüyü hədəf götürərək onun yeni “Şərq tərəfdaşlığı” təşəbbüsündən maksimum faydalanmalı olduğunu düşünürlər: “Bu çərçivədə Azərbaycan yeni təşəbbüsdən irəli gələn demokratik islahatlar prosesini də sürətləndirməlidir. Azərbaycan əlverişsiz beynəlxalq əhatədə olduğunu, Gürcüstan böhranından sonra regionda yeni vəziyyətin yarandığını, məqsədyönlü strateji inkişaf perspektivi üçün ABŞ-ın əhəmiyyətinin artdığını nəzərə almalı və onunla strateji tərəfdaşlıq sazişi imzalamalıdır. Azərbaycanın milli təhlükəsizlik maraqlarının qorunması problemi ilə bağlı olaraq bu strateji tərəfdaşlıq sazişinin aktuallığı daha da artıb. Yeni regional durumda Türkiyənin rolunun artdığı və onun Cənubi Qafqazda aktiv siyasət aparmağa başladığı da nəzərdən qaçmamalı və Azərbaycan öz təbii müttəfiqi ilə də analoji strateji tərəfdaşlıq sazişi bağlamalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar