SON XƏBƏRLƏR

AZƏRBAYCANLI NAMİZƏD SEÇKİNİN NƏTİCƏLƏRİNİN LƏĞVİNİ TƏLƏB EDİR

2021.10.20, 07:36
AZƏRBAYCANLI NAMİZƏD SEÇKİNİN NƏTİCƏLƏRİNİN LƏĞVİNİ TƏLƏB EDİR

Gunaz.tv
İran adlanan yerdə iyunun 12-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə görə ikinci yeri tutmuş sabiq baş nazir Mirhüseyn Musavi Konstitusiyaya Nəzarət Şurasına müraciət ünvanlayıb. “Media forum” saytı xəbər verir ki, azərbaycanlı namizəd şuranı seçkinin nəticəsini ləğv etməyə çağırıb. Musavi müraciətində seçkiyə yön verənlərin qeyri-qanuni hərəkətlərindən söz açır, seçki pozuntularının nəticələrə kəskin surətdə təsir etdiyini vurğulayır. Məktubda qeyd edilir ki, seçki kampaniyası dövründə Üləmalar Məclisinin və Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri Haşimi Rəfsəncani, bu təşkilatın üzvü Natiq Nuri kimi şəxslərə qarşı KİV vasitəsilə ağır ittihamlar irəli sürülüb: “Cənab Əhmədinejad belə töhmətlərdən öz lehinə və digər namizədlərə, o cümlədən mənə qarşı əsas təbliğat vasitəsi kimi yararlanıb”. Sabiq baş nazir Mərkəzi Seçki Komissiyası seçkinin ümumi nəticələrinin hələ bəzi məntəqələrdə səslər sayılarkən elan etməsinin qanunsuz olduğunu bildirib: “Təbriz, Tehran, Şiraz və digər şəhərlərdəki yüzlərlə seçki məntəqəsində bülletenlərin çatışmaması, bununla da seçki prosesində saatlarla ləngimə yaranması şübhəlidir. Çatışmazlığın seçki qutularına qalaq-qalaq saxta bülletenlər doldurulmasından yarandığını söyləməyə əsas var”. Musavi Mahmud Əhmədinejadın dövlət televiziyasından qeyri-qanuni olaraq əlavə çıxış etdiyini də xatırladaraq Konstitusiyaya Nəzarət Şurasından prezident seçkisinin nəticələrinin ləğvini tələb edib. 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulan Mirhüseyn Musəvi İran İslam Respublikasının beşinci, eyni zamanda sonuncu baş naziridir. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnib. İslam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir. İyunun 12-də keçirilən prezident seçkisinə qatılan dörd namizəddən biri olub. Seçkidə 63 faiz səslə prezident Mahmud Əhmədinejad qalib elan edilib. Musavinin 33 faiz civarında səs topladığı bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar