SON XƏBƏRLƏR

İLLƏR ÖTDÜKCƏ BİZƏ DAHA ÇOX DOĞMALAŞAN DÖVLƏT ADAMI

2021.10.20, 07:36
İLLƏR ÖTDÜKCƏ BİZƏ DAHA ÇOX DOĞMALAŞAN DÖVLƏT ADAMI

Gunaz.tv
Əkrəm Rəhimlinin "Seyid Cəfər Pişəvəri" kitabı Azərbaycan tarixinin mübahisəli sayılan səhifəsinə işıq salır S.SƏDRƏDDİN Elə şəxsiyyətlərimiz var ki, tariximizin çox önəmli dövrləri onların adı ilə bağlıdır. Belə kişilər haqda danışanda, yaxud yazanda az qala bir əsrlik hadisələr xatırlanır. Onlardan biri də Güney Azərbaycanda qurulmuş Milli Hökumətin (1945-46) başçısı Seyid Cəfər Pişəvəridir (Cavadzadə). 62 il öncə iyunun 11-də Azərbaycan türkünün tarixində dərin iz qoymuş bu dövlət adamı müəmmalı şəkildə həlak olub... Azərbaycan Demokrat Firqəsinin sədri olmuş S.C. Pişəvəriyə və onun başçılıq etdiyi Milli Hökumətə illər uzunu çeşidli metodologiyalarla yanaşılır, o hadisələrə yanlış bucaqlardan qiymət verilirdi. Bizdə mövzuya Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra obyektiv yanaşılmağa başlandı. Artıq araşdırıcılar 1945-ci il dekabrın 12-də qurulmuş bu hökuməti Azərbaycan türkünün milli dövlətçilik tarixinin ayrılmaz bir hissəsi olaraq tanıyır, həmin hərəkatın milli-demokratik bir hərəkat olduğunu birmənalı şəkildə təsdiq edirlər. Milli Hökumətin bir illik mövcudiyyəti, Seyid Cəfər Pişəvərinin mübarizəsi, həyatı barədə çox yazılıb. Sözügedən dövr və şəxsiyyətlər barədə araşdırma aparanlardan biri də Azərbaycan MEA Şərqşünaslıq İnstitutu, Güney Azərbaycan şöbəsinin aparıcı mütəxəssisi, tarixçi-alim Əkrəm Rəhimlidir (Bije). Onun "Seyid Cəfər Pişəvəri" monoqrafiyası bu günlərdə çapdan çıxıb. Müəllifin söylədiyinə görə, bu kitab onun 3 illik araşdırmalarının nəticəsidir. Müəllif bu işi ərsəyə gətirərəkən, S.C.Pişəvərinin doğulduğu Xalxal mahalının Zeyvə kəndindən tutmuş, Bakıda Xaqani küçəsi, 13 ünvanına, Cavadzadələrin Bülbülə qəsəbəsindəki evinə, təhsil aldığı məktəbə (indi onun yerində yeni məktəb binası tikilib) qədər ən adi detalları belə gözdən qaçırmamağa çalışıb. Baş nazirin çocuqluq illəri, müdhiş "Qəsri-Qacar" zindanı, Güney Azərbaycanda fəaliyyəti, Milli Hökumətdə baş nazir postunda olduğu aylar onun barəsində yazılanlar, "Zindan dəftərindən xatirələr", eləcə də Azərbaycanın bu dövlət xadiminin həyat və fəaliyyətinin xronologiyası da burada öz əksini tapmışdır. Müəllif yazır: "S.C.Pişərvəri təkcə Azərbaycan üçün deyil, bütün İranın azadlıq və qurtuluşu üçün ağır mübarizə yolunu fədakarcasına keçmiş bir şəxs olub. 1941-46-cı illərdə İranın və Güney Azərbaycanın xalq hərəkatında unudulmaz, yaddaqalan xidmətləri İranın müasir demokratik ictimaiyyəti, xüsusən gəncliyi tərəfindən bu gün də ehtiramla yad edilir". Ə.Rəhimliyə istinadən, S.C.Pişəvəri 55 illik həyatının siyasi istiqamətinə, məfkurə və düşüncə tərzinə birmənalı yanaşmaq mürəkkəb və çətindir. Onu da öyrənirik ki, Pişəvəri ilk məqalələrini Məhəmməd Əmin Rəsulzadənin "Açıq söz" qəzetində çap etdirib. Tarixçi-alimin araşdırmasına əsasən, Pişəvərinin həyatı, siyasi fəaliyyəti birrəngli, sabit və çalarsız olmayıb. "Odur ki, onun haqqında yazanlar çox vaxt fərqli mövqe göstərirlər. Bu fərqli mövqelərdən biri S.C.Pişəvərini öz dövrünün görkəmli, savadlı, millətini sevən, vətəninə bağlı siyasi-ədəbi xadim kimi səciyyələndirir. Bu sayaq mövqe tərəfdarları həm İranda, həm də onun hüdudlarından kənarda böyük çoxluq təşkil edir. Şahpərəstlər, fars şovinistləri, Azərbaycan türklərinin milli varlığını dananlar və onlara aftafa tutanlar - tarixçi Kavə Bayat, Əli Ziba, Pərviz Vərcavənd, Mənsur Əurgani, Hüseyn Pirniya, Sarvan Kavianpur, Məhəmməd Məsud Nəqib, İbrahim Nasehi, Xosrov Mötəzid Məhəmmədəli Səccadiyyə və b. S.C. Pişəvəri, onun başçılıq etdiyi hərəkat haqda olmazın yalan və iftiralar yazıb, onu və Milli Hökuməti gözdən salmağa çalışıblar. Onlar yazı və çıxışlarında Pişəvərini "Moskvanın əlaltısı", "xalqla əlaqəsi olmayan", "buyruq icraçısı", "araqızışdıran casus" adlandırmaqla Azərbaycanın düşmənlərinə yarınmağa çalışıblar", - Ə.Rəhimlinin mövqeyi belədir. Müəllif bu kimi iftiraçı və sifarişli məqalələrin ölkəmizdə çıxan "İmpuls" qəzetində çap edildiyini də yada salır: "Bir filoloq alimin "Pişəvərinin şəkəri suya düşüb" başlıqlı məqaləsindən bəzi parçaları xatırladaq: -"Azərbaycandakı xalq hərəkatını Moskvanın adamları həyata keçirib"; -"Pişəvəri hökuməti dövrünün Azərbaycan xalqının milli-azadlıq hərəkatı kimi təqdim edilməsi tarixi həqiqətə uyğun deyil". Həmin qəzetdəki məqalədə müəllif belə bir "nəticə"yə gəlib: "Kim Pişəvərinin başçılıq etdiyi hərəkat və hökumət haqda xoş niyyətlə danışsa, onda belələri iki qonşu dövlət arasında münasibətləri pozur". Nə az, nə çox. Kitabda Milli Hökumətə və onun başçısına iftira atanlardan biri Xosrov Mötəzedin də "yaradıcılığından" örnək verilib. İran tarixinin "mahir bilici"lərindən sayılan bu qatı fars şovinisti yazılarında, özəlliklə İran televiziyasındakı çıxışlarında 1945-46-cı illərdə Güneydəki hərəkatı şərləyir. İranda çıxan "Bədii", "Tərəqqi", "Bəndər və dərya", "Kəhkəşan" dərgilərində çap etdirdiyi məqalərlərində Azərbaycan tarixinin önəmli cəhətlərini əsas, fakt və sənəd təqdim etmədən tamaşaçıya və oxucuya fars şovinizmi bucağından sırımağa çalışır. Onun iddiasına görə, Pişəvərinin Azərbaycanla heç bir əlaqəsi olmayıb, hökumət başçısı "gəlmə olub". X.Mötəzedin uydurmasına əsasən, Pişəvəri "türkcə bilmirmiş, farscanı da dustaq olarkən müəyyən dərəcədə öyrənib". Müəllif türk düşmənlərinin Milli Hökumətə və onun başçısına qarşı iftiralarına bu kitabla layiqli cavab verib. Ə.Rəhimli bu monoqrafiyasında Pişəvərinin müəmmalı ölümünə də aydınlıq gətirməyə çalışır: "1947-ci il iyunun 11-də səhər saat 6-da S.C.Pişəvəri, Nuru Quliyev, Qulam Yəhyanın oturduğu "Ford" markalı maşını erməni sürücü Qarnik Melikyan idarə edib. Həmişə arxa oturacaqda əyləşən Pişəvərini bu dəfə qabaq oturacaqda, sürücünün sağında oturdublar, Yevlaxa 14-15 km qalmış "Ford" yolun sağındakı beton divara zərbə ilə dəyir. Sürücüdən başqa sərnişinlərin hər üçü xəsarət alsa da, yalnız S.C.Pişəvəri xəstəxanada dünyasını dəyişir". Müəllif məsələnin araşdırılması üçün bir neçə haqlı suala cavab axtarıb: "Qəza ilə bağlı S.C.Pişəvəri xəstəxanada öz əcəli ilə ölüb, ya öldürülüb? Bu, müəmmalı ölümdürsə, sifarişçi kimdir?" və s. Onu 1947-ci il iyunun 13-də Bakı ətrafında - Buzovnada "Yaşıl bağ" ("Nobel bağı") adlanan yerdə dəfn ediblər. 1965-ci il dekabrın 12-də onun məzarı oradan Fəxri Xiyabana köçürülüb. Dünən Azərbaycan türkünün bu fədakar oğlunun məzarı ziyarət edilib. Mərasimdən sonra Dünya Azərbaycanlıları Konqresinin (sədri Qulamrza Səbri Təbrizi) qərargahında Əkrəm Rəhimlinin "Seyid Cəfər Pişəvəri" monoqrafiyasının təqdimat törəni keçirilib.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar