SON XƏBƏRLƏR

Əhmədinecat, yoxsa Musəvi?

2021.10.20, 07:36
Əhmədinecat, yoxsa Musəvi?

Gunaz.tv
Bu gün İran səs verəcək: güman ki, yeni prezidentin seçilməsi 2-ci tura qalacaq Bu gün İranda prezident seçkiləri keçiriləcək. İslam Respublikasının dövlət başçısı kürsüsü uğrunda 4 namizəd mübarizə aparsa da, onlardan ikisinin - indiki prezident Mahmud Əhmədinecat və azərbaycanlı Mir Hüseyn Musəvinin şansları yüksək qiymətləndirilir. Xəbər verdiyimiz kimi, seçki ərəfəsində İranda siyasi ehtiraslar öz kulminasiya nöqtəsinə çatıb. Paytaxt küçələrinə axışan namizədlərin çoxminlik tərəfdarları rəqib iddiaçının əleyhinə şüarlar söyləyirlər. Musəvinin tərəfdarları daha fəal və çoxsaylıdırlar. Maraqlıdır ki, seçki prosesi ilə bağlı daha çox ABŞ mətbuatı yazır. Amerikanın nüfuzlu qəzetlərinin əməkdaşları heç bir əngəllə üzləşmədən bilavasitə Tehranda və ölkənin digər şəhərlərinin küçələrində seçkiönü kampaniya və nümayişləri izləyirlər. "Amerikanın səsi" radiosu xəbər verir ki, "The Nation" məcmuəsindən Robert Dreyfus həm prezident Mahmud Əhmədinecatın tərəfdarlarının nümayişində, həm də islahatyönümlü Mir Hüseyn Musəvinin davamçılarının tədbirlərində iştirak edib. Aşkar etdiyi təzad Dreyfusda dərin təəssürat bağışlayıb:"Əhmədinecatın məscidə toplaşmış tərəfdarları qəzəb, ksenofobiya və konspirasiya nəzəriyyələri püskürür və dini ekstaz nümayiş etdirirdilər. Lahecandan olan 42 yaşlı molla prezidenti onun anti-superqüdrət, anti-sionist və bütün dünya üçün dini hökumət yaratmaq istədiyinə görə dəstəklədiyini bildirir. Bunları deyərkən onda hədsiz əda və bütün həqiqəti bilən adam xüsusiyyətləri canlanır. Az sonra "Amerikaya Ölüm!", "İsrailə Ölüm!" çığırtıları ətrafı bürüyür". Musəvinin tərəfdarlarının tədbirindəsə heç kəsə ölüm arzulanmır. "Musəvinin mitinqinə toplaşan qadınlar modabaz, dikdaban ayaqqabı, cins geyən adamlardır. Əhmədinecatın nümayişində isə başdan-ayağa qaraya bürünmüş qadınlar kişilərdən ayrılıb. Əhmədinecatın bazası ona sitayiş edir, və İrana qarşı qaranlıq qəsd planlarına inanır. Musəvinin tərfədarları isə nəticəyə inamlıdırlar. Hətta bəzi üləma xadimlərinin də Əhmədinecata qarşı çevrildiyi deyilir". Ayətullah Yusef Sanei öz davamçılarına mesaj göndədərək onları yalançı Əhmədinecata səs verməməyə çağırıb. Dreyfusun qənaətinə görə, türklərin məskunlaşdığı Azərbaycan, ərəblərin yaşadığı Xuzistan və başqa qeyri-fars vilayətlərində də insanların böyük əksəriyyəti Mir Hüseyn Musəviyə səs verəcək. "New York Times" qəzetinin jurnalisti Erik Etheridge isə yazır ki, İranın siyasi xəritəsinə baxdıqda kosmopolit şəhərlərlə kənd yerləri arasında ciddi fərq nəzərə çarpır. Təbriz, Tehran, İsfahan və Şirazda sakinlərin böyük əksəriyyəti Musəviyə dəstək verir. Hətta İran mühafizəkarlarının istehkamı sayılan Qum şəhərində də inqilabi dəyişikliyin işartıları görünməkdədir. Qum şəhərinin içərisində divarları Əhmdniecatın plakatları və şəkilləri örtüb. Qumun mühafizəkar 14 din xadimi bəyanat verərək siyasi qarşıdurmanın ölkənin imicinə xələl gətirdiyini söyləyiblər. Başqa bir qrup isə zorakılıq baş verdiyi halda bunun üçün keçmiş prezident və Əhmədinecatın rəqibi Əli Əkbər Haşimi Rəfsəncaninin məsuliyyət daşıyacağını bildirir. Lakin şəhərin civarındakı idman mərkəzində Mir Hsüyn Musəvinin yaşıla bürünmüş tərəfdarları - qızlar və oğlanlar seçki kampaniyasından çox rok konsertini xatırladan tədbirə toplaşıblar. Nəzərə alanda ki bura Qumdur, dəyişikliyin həcmi aydın olmağa başlayır. Qeyri-rəsmi sorğulara görə Musəvi 54-39 faiz nisbətində Əhmədinecatı üstələyir. Heç kimdə şübhə yoxdur ki, qarşıdan gələn prezident seçkiləri İranda görünməmiş fəallıq dalğası yaradıb. Lakin səvermənin nəticəsi hamı üçün qaranlıq olaraq qalır. 4 il bundan öncə çox az adamın tanıdığı Mahmud Əhmədinecat prezident olaraq siyasi səhnəyə çıxdı. Bütün hakimiyəti dönəmində o, ölkənin ali dini rəhbəri Ayətullah Seyid Əli Əkbər Xamneyinin dəstəyinə malik olub. Tehrandakı bir avropalı diplomat prezidentin yenidən qalib gələcəyini güman edir. Onun fikrincə hər şey olduğu kimi qalacaq. Analitiklər xəbərdarlıq edirlər ki, hətta Musəvi Əhmədniecatı məğlub etsə belə, İranın Qərblə münasibətlərində qəfil dəyişiklik olmayacaq. İranda hər şey yavaş-yavaş irəliləyir. "Bu, böyük dəyişiklik olardı, lakin rejim dəyişikliyi demək deyil,"- deyə Sent Endryus universietinin professoru Əli Ənsəri bildirir. Eyni zamanda, professor əlavə edir ki, Musəvinin hakimiyyətə gəlişi sabiq prezident Məhəmməd Xatəmi dönəmində başlanan trayektoriyanın davamı olacaq. Seçki prosesində başqa bir məraqlı məqam İranda yaşayan yəhudilərin əksəriyyətinin bütün dünyada yəhudi düşməni kimi tanınan Mahmud Əhmədinecatı dəstəkləyəcəyi xəbəridir. Bunu "Ynet" portalına açıqlamasında İran Yəhudiləri Cəmiyyətinin rəhbəri David Mutai deyib. O bildirib ki, Tehran, İsfahan, Məşhəd və digər şəhərlərdə yaşayan yəhudilər indiki dövlət başçısına səs vermək fikrindədir. Hazırda İranda təxminən 25 min yəhudi yaşayır. Bu arada İran prezidentliyinə namizəd Mehdi Kərrubi təhlükəsizlik orqanlarına, o cümlədən ETTELAAT naziri, "Bəsic" və hüquq mühafizə qüvvələri komandanlarına məktub göndərərək seçkiyə qarışmamalarını tələb edib ("Media forum"). Hökumət qüvvələrinin seçki prosesinə hansısa namizədin xeyrinə müdaxilə edəcəyi barədə yayılan şayiələrə toxunan Kərrubi deyib: "Mən azad və sağlam seçkinin nəticəsini nə olur-olsun qəbul edəcəyəm. Lakin seçkiyə kənardan müdaxilə olunacağı təqdirdə açıq və şəffaf şəkildə hər şeyi xalqa danışacaq, olanları ört-basdır etməyəcəyəm. Mənim üçün seçkinin nəticəsi önəmli deyil. Önəmli olan, seçkinin necə keçirilməsidir. Mən dünya və axirət üçün sizə xəbərdarlıq edirəm". *** Bir daha xatırladaq ki, İslam Respublikasının cümhurrəisliyi uğrunda hazırkı prezident Mahmud Əhmədinecat, keçmiş baş nazir Mir Hüseyn Musəvi, "Sepah"ın keçmiş komandanı Möhsün Rzayi və İran parlamentinin eks-spikeri, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi mübarizə aparırlar. Qeyd etdiyimiz kimi seçkinin favoritləri 53 yaşlı Əhmədinecat və 68 yaşlı Musəvidir. Lakin onlardan hansı qalib gələcək: mühafizəkar indiki prezident, yoxsa islahatyönümlü keçmiş baş nazir? Suala indidən cavab vermək çətindir. İstisna deyil ki, Əhmədinecat yerində qalacaq. Ondan əvvəlki üç prezident - Xamneyi, Rəfsəncani və Xatəmi dalbadal iki dəfə prezident seçiliblər. Odur ki, Əhmədinecatın sələflərinin yolu ilə gedərək ikinci dəfə cümhurrəis seçilməsi ehtimalı az deyil. Üstəlik, İranın ali siyasi və dini lideri, azərbaycanlı ayətullah Seyid Əli Əkbər Xamneyinin həmsoydaşı, həmkəndlisi və özünün prezidentliyi dönəmində (1981-1988) baş nazir olmuş Musəvini deyil, Əhmədinecatı dəstəklədiyi bildirilir. Ən azından ona görə ki, indiki prezidenti idarə etmək onun üçün asandır. Digər tərəfdən, mühafizəkarların nüfuzlu liderləri, o cümlədən parlamentin spikeri Əli Laricani Əhmədinecatı dəstəkləyir (Qeyd edək ki, bir çoxları seçki marafonu ərəfəsində İranın yeni prezidentinin Laricani olacağını proqnozlaşdırırdı. Lakin o iddiasını ortaya qoymadı və ya onu bundan vaz keçdirdilər). Lakin istisna deyil ki, molla rejiminin sahibləri yeni cümhurrəisinin kimliyini müəyyənləşdirərkən beynəlxalq situasiyaya uyğun addım atsınlar. Xatırladaq ki, iyunun 4-də Qahirədən İslam dünyasına səslənən ABŞ-ın mələz (atası qaradərili, anası ağdərili olan) və müsəlman ailəsindən çıxmış xristian prezidenti Barak Obama İrana da müəyyən mesajlar yollayıb: ilk dəfə olaraq ABŞ tərəfindən İranın dinc nüvə enerjisinə sahib olmaq hüququ tanınıb. Düzdür, ayətullah Xamneyi Obamanın çıxışını "xəncər-bıçaqla" qarşıladı və bildirdi ki, "amerikalılar müsəlmanlara ən şirin və gözəl sözlər desələr də, bu, Amerikanın çirkin, diksindirici və qaba üzünü dəyişməyəcək". Lakin molla rejimi dəyişən reallıqları nəzərə almaya bilməz. Artıq faktdır ki, İran rejimi ABŞ-ın yeni administrasiyasının hədəfində deyil. Hələ seçki kampaniyasının gedişində Obama bildirmişdi ki, əsas diqqəti Əfqanıstan-Pakistan regionuna yönəldəcək. Digər tərəfdən, bu günlərdə Moskvada səfərdə olan İsrailin xarici işlər naziri A.Liberman hazırda ölkəsi üçün təhlükənin İrandan daha çox, Əfqanıstan-Pakistan bölgəsindən gəldiyini bildirib. Bu da səbəbsiz deyil: Pakistandakı qeyri-sabitlik ölkənin atom silahının radikal islamçıların əlinə keçməsi təhlükəsi yaradır; Talibanın Əfqanıstanda revanş götürməsi, "Əl-Qaidə"nin yenidən güclənməsi isə İsrail üçün İranın şiə rejimindən daha təhlükəlidir. Yəni ABŞ-İsrail cütlüyü hazırda İranı rahat buraxmaq niyyətindədir. Öz növbəsində, molla rejimi də bu niyyətə adekvat cavab verə bilər: yəni mühafizəkar, imici korlanmış Əhmədinecatdan imtina edilər, "imperialistlər və sionistlər"lə yeni oyun qaydalarına uyğun olaraq Qərbdə islahatyönümlü kimi qəbul edilən Musəvi prezident kürsüsünə çıxarılar. Onsuz da, İranda kimin prezident seçilməsindən asılı olmayaraq, ölkənin və rejimin "siyasi başı" ayətullah Xamneyi olaraq qalacaq... X.Rüstəm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar